Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən qəzetimizə verilən məlumata görə, son illər muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq tədbirləri bütün sahələrdə olduğu kimi, torpağın əkilib-becərilməsində və məhsuldarlığın artırılmasında mühüm rol oynayan meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinə də əlverişli şərait yaradıb.
Mövcud sututarlarda təmir-bərpa işləri aparılıb, suvarma suyunun itkisiz olaraq əkin sahələrinə çatdırılmasında mühüm rol oynayan arx və kanallar bərpa edilib. Öz axarı ilə suvarılması mümkün olmayan torpaq sahələrinə boru xətləri çəkilib, nasos stansiyaları qurulub, subartezian quyuları qazılıb istifadəyə verilib. Ölkə başçısı cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayında muxtar respublikamıza səfəri zamanı yüz milyon kubmetr sututumu olan Heydər Əliyev Su Anbarı istifadəyə verilib. Su anbarından 24,2 kilometr sağ sahil və 30,35 kilometr uzunluğu olan sol sahil kanalları çəkilib. Ümumilikdə, 16 min 830 hektar torpaq sahəsinin suvarılmasına imkan yaranıb, o cümlədən 6 min 919 hektar əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Həmçinin son illər 150 milyon kubmetr tutumu olan Arpaçay və 7 milyon 190 min kubmetr tutumu olan Uzunoba Su anbarları təmir olunaraq istifadəyə verilib.
Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib. Kəngərli rayonunun suvarma sistemlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış layihəyə uyğun olaraq, Uzunoba Su Anbarından Kəngərli rayonunun ərazisinə su xətti çəkilib, ikipilləli nasos stansiyası tikilib, bu, 5 min 800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına şərait yaradıb. Bunun 3 min 300 hektarı öz axımı, 2 min 500 hektarı isə nasos stansiyası vasitəsilə suvarılır. Hazırda muxtar respublikamızda əkin sahələrinin suvarılması Araz Su Anbarı istisna olmaqla, tutumu 303 milyon 520 min kubmetr olan irili-xırdalı 30-a qədər su anbarı, 776 subartezian quyusu, 106 nasos stansiyası, 1200 kilometr uzunluğu olan arx və kanallar vasitəsilə həyata keçirilir. Külli miqdarda dövlət vəsaiti xərclənərək ərsəyə gətirilən suvarma sistemlərindən, sututarlarda toplanan sudan səmərəli istifadə mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. Əkin sahələrində mütərəqqi metod olan şırım üsulundan istifadə etməklə bol məhsul yetişdirilir, suvarma suyundan səmərəli istifadə olunmaqla torpağın şoranlaşmasının qarşısı alınır.
Komitədən onu da bildirdilər ki, həyata keçirilən meliorasiya-irriqasiya tədbirləri öz bəhrəsini verib, cari ilin qızmar yay aylarında əkin sahələrinin suvarma suyuna olan tələbatı vaxtında ödənilib, təkrar suvarma nəzərə alınmaqla, ümumilikdə, 126 min 738 hektar əkin sahəsi suvarılıb. Payız əkini sahələrinin suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi üçün tədbirlər həyata keçirilir, nasos stansiyalarında, subartezian quyularında təmir işləri aparılır, arx və kanallar lildən təmizlənir, su anbarlarında toplanan sudan səmərəli istifadə olunur. Hazırda Araz Su Anbarı istisna olmaqla, su anbarlarında 114 milyon 500 min kubmetr su vardır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 milyon kubmetr çoxdur. Həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, payızlıq əkinlərin suvarılması vaxtında həyata keçiriləcək, suvarma suyu ilə bağlı heç bir problem olmayacaq.
Kərəm HƏSƏNOV