Lisenziyalaşdırma iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin vacib istiqamətidir. Lisenziyalaşdırma dövlət hakimiyyəti orqanlarının icazə siyasətinin üsulu kimi təsərrüfat fəaliyyətinin ayrı-ayrı növlərinin yalnız xüsusi icazə (lisenziya) əsasında gerçəkləşdirilməsi üzrə norma müəyyənləşdirir.
Lisenziyalaşdırma vətəndaşların hüquqları, qanuni maraqları, mənəviyyatı və sağlamlıqlarının müdafiəsinin, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş dövlət nəzarəti növüdür. O, lisenziyaların verilməsi, dayandırılması və ləğv edilməsi, lisenziyaverən orqanların lisenziyalaşdırılan fəaliyyət növlərinin gerçəkləşdirilməsi zamanı lisenziyaalanlar (lisenziatlar) tərəfindən uyğun lisenziya tələbləri və şərtlərinə riayət olunmasına nəzarətlə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycanda lisenziyalaşdırmanın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin fərmanları və başqa hüquqi-normativ aktlar təşkil edir.
“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi təkmilləşdirilib. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilib, lisenziyaların müddəti uzadılıb.
Bu fərmanla “Azərbaycan Respublikasında ayrı-ayrı fəaliyyət növlərinə xüsusi icazə (lisenziya) verilməsi qaydaları” və xüsusi icazə (lisenziya) almalı olan fəaliyyət növlərinin siyahısı, eləcə də bu fəaliyyət növlərinə lisenziyaverən orqanlar təsdiqlənib. Bu fərman lisenziyalaşdırma sahəsində əsas hüquqi-normativ aktdır və ayrı-ayrı fəaliyyət növlərinin lisenziyalaşdırılması, şəxsiyyət, cəmiyyət və dövlətin həyati əhəmiyyətli maraqlarının təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə verilib. Fərmanda lisenziyanın mahiyyəti, onun məzmununa olan tələblər, lisenziyalaşdırılmalı olan fəaliyyət növləri, lisenziyalaşdırmanı həyata keçirməli olan subyektlər, lisenziyaların ləğv edilməsi və dayandırılması qaydası müəyyənləşdirilir.
Sahibkarların fəaliyyətinin dövlət tərəfindən müdafiə olunması, milli sahibkarlığın inkişaf etdirilməsi, yerli istehsalçıların mənafeyinin xarici təsirlərdən qorunması və digər bu kimi funksiyaların yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması təmin edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2010-cu il tarixli Fərmanına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanlarının siyahısı” təsdiqlənib.
Muxtar respublikada hazırda 40 fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə başlamaq üçün xüsusi razılıq, yəni lisenziya alınmalıdır. Lisenziyası olmayan fiziki və ya hüquqi şəxsin həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması qanunla qadağan edilir. Qanunvericiliyə əsasən, xüsusi razılıq o sahələrə görə alınır ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq xüsusi bilik və bacarıq tələb edir.
Bu meyarı əsas götürməklə hökumət bir çox sahələrə görə lisenziya alınmasını vacib sayır. Həmin məqsədlər üçün lisenziyalaşdırma ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.
Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla 2015-ci ilin 7 ayı ərzində muxtar respublikada “Alkoqollu içkilərin idxalı fəaliyyəti”, “Etil (yeyinti) spirtinin idxalı fəaliyyəti”, “Səməni pivəsinin idxalı fəaliyyəti”, “Turizm fəaliyyəti”, “Mehmanxana və mehmanxanatipli obyektlərin fəaliyyəti”, “Əczaçılıq fəaliyyəti”, “Tibb fəaliyyəti”, “Tütün məmulatlarının satışı”, “Şəhərlərarası (rayonlararası) sərnişindaşımaları”, “Ölkədaxili yükdaşımaları”, “Qiymətli metalların və qiymətli daşların dövriyyəsi” və digər sahələr olmaqla, ümumilikdə, 272 ədəd xüsusi razılıq (lisenziya) verilib.
Ölkədə mövcud olan lisenziyalaşdırma sisteminin köklü surətdə dəyişdirilərək yeni lisenziyalaşdırma sisteminin tətbiq edilməsi azad rəqabətin inkişafını, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsi prosesini daha da sürətləndirib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye
Nazirliyinin mətbuat xidməti