23 Dekabr 2024, Bazar ertəsi

Sədərək rayonunun yaradılmasından 25 il ötür

Qədim Naxçıvan torpağında yaşı ululardan ulu, igid, qəhrəman vətən övladlarının daşına, qayasına qanlarıyla tarix yazdıqları bir yurd yeri var. Xeyrin şərə qələbə çaldığı, düşmənin canına vəlvələ salan əzəmətiylə, qorxmaz insanlarıyla, yağının inadına onun gözü önündə salınan möhtəşəm tikililəri, bağları-bağatlarıyla, qoynunda vətən uğrunda canlarından keçmiş şəhidlərinə yer vermiş bu diyara tarix Sədərək adı verib. O Sədərək ki, Naxçıvan üçün ən çətin günlərdə düşmənin qarşısında səddə çevrilib. O yurd yeri ki, xalqımızın ən ali dəyərlərindən, qeyrət və şücaət daşlarından qurulan qalasının qapılarını düşmən üzünə açmayıb, döyüşüb, mübarizə aparıb və ən nəhayətində qalib gəlib. İgid ərənlərimiz, fədailərimiz bu məkanın həm vətən torpaqlarının ilk sərhədi, həm də son sərhədi olduğunu ən yüksək səslə hayqırıblar və sübuta yetiriblər ki, vətən sərhədi ana laylası, ana südü kimi müqəddəsdir, bu müqəddəsliyə heç kim xələl gətirə bilməz.

Yurdumun sərhədində alınmaz istehkamdı Sədərək…

1990-cı il Sədərək hadisələrinə qədər ermənilər bu torpağın naxçıvanlılar, eləcə də sədərəklilər üçün nə qədər əziz və müqəddəs olduğunu anlamamışdılar, bu torpağın insanlarına müharibədə zəif rəqib kimi baxmışdılar. Elə bilmişdilər ki, Sədərəyə yaxın azərbaycanlıların yaşadığı kənd­lərdə bir neçə qanlı qırğın törətdikdən sonra burada da müqavimət qırılacaq, insanlar torpaqlarını tərk edib gedəcəklər. Ancaq düşündüklərinin tam əksi ilə qarşılaşdılar. 1990-1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum etdilər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də oldu. 1990-cı ilin 19 yanvarında Sədərəyin müdafiəsi zamanı 8 nəfər şəhidlik zirvəsinə ucaldı.

Həmin ilin mart ayında ermənilər Sədərəyə 300-ə yaxın top mərmisi atdılar, 500-ə yaxın evi, məktəb binasını, inzibati binaları, sosial obyektləri dağıtdılar. O illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəldi. Döyüşlərdə 109 nəfər, eləcə də Sədərək rayonundan 52 nəfər şəhid oldu. Ancaq bütün bunlar xalqımızın mübarizə əzmini qıra bilmədi. Gecə-gündüz düşmən gülləsinə sinələrini sipər edən fədailər bilirdilər ki, geriyə bir addım belə atsalar, ermənilər bundan ruhlanaraq daha böyük qüvvə ilə hücum edəcəklər. Bu isə nəinki sədərəklilər, hətta bütün naxçıvanlılar üçün fəlakətlə nəticələnə bilərdi. Ona görə düşmənlə sərhəddə hər daş, hər qaya bir səngərə, qalaya, istehkama döndü. Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, Sədərək döyüşlərinin iştirakçısı olan Vaqif Məmmədov deyir ki, 1990-cı il yanvarın 19-da ermənilər artıq Sədərəyi ağır silahlardan, toplardan atəşə tutmağa başladılar. Tofiq Nəsirovun həyətinə düşən top mərmisi onun Malik və Elvin adlı iki azyaşlı övladını şəhid etdi. Top mərmilərinin partlaması nəticəsində Heydərabadda, ümumilikdə, 6 nəfər şəhid oldu. Ərazidəki “Əyyub mağa­rası”, “Cin təndiri”, “Yetimlər”, “Həsənqulu bağı”, “Qaraağac”, “Qurdbaba”, “Nadirin düzü” adlanan məkanlar sədərəklilərin səngərinə çevrildi. Muxtar respublikanın bütün rayonlarından əli silah tutan hər kəs Sədərəyə köməyə gəldi. Naxçıvanlıların birliyi, həmrəyliyi həmin günlərdə Sədərəyi və ümumilikdə, qədim diyarı düşmən işğalından qorudu. 1993-cü il avqustun 13-də sonuncu döyüşdə ermənilər qeyrət qalasını qoruyan qeyrətli oğullara bata bilməyəcəklərini bir daha anladıqları üçün daha bu kəndə hücuma keçməyə cəsarət etmədilər. Gündən-günə güclənən dövlətimiz, qüdrətli ordumuz isə bu gün nəinki bizi düşmənin hücumlarından müdafiə etməyə, hətta işğal altında olan torpaqlarımızı da azad etməyə qadirdir.
Sonralar Heydərabad qəsəbəsində sakinlərlə görüşən zaman ümummilli lider Heydər Əliyev o ağır günləri yada salaraq demişdir: “Yəqin xatirinizdədir ki, 1992-ci il mayın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər. Orada, dağın üstündə postlara, Mil təpəsinə hücum etdilər. Bizim ordakı əsgərlərimizdən 8 nəfər həlak oldu. Yadınızdadırsa, orada 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq o körpüdən Türkiyədən nə qədər müxbirlər tökülüb Naxçıvana, o döyüş yerinə gəldilər. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığmışdıq. Amma o döyüşdə sədərəklilər, yəni naxçıvanlılar – təkcə sədərəklilər yox, onda mən buraya bütün Naxçıvanı tökmüşdüm, hamı bir yerdə döyüşürdü, – onları susdurdular...”

Heydərabad ulu öndərimizin adına layiq şəkildə qurulub

Yaxın keçmişə qısa bir ekskurs edərək bildirək ki, ümummilli liderimiz Heydər Əliyev 1978-ci il oktyabrın 15-də respublika rəhbəri kimi Naxçıvana ikinci dəfə səfər edərkən Sədərək kəndi ilə Ermənistan arasındakı boş ərazilərdə nümunəvi yaşayış qəsəbəsinin salınması barədə tapşırıq vermişdi. Pribaltikada hazır­lanan layihə əsasında 1980-ci ilin əvvəlində salınmasına başlanan indiki Heydərabad qəsəbəsi həmin il 75 ailənin yurd yerinə, ocağına çevrilmişdi. Sonralar bu hadisəni xatırlayan ulu öndər deyirdi: “Mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bir qəsəbənin salınması haqqında tapşırıq verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu, bizimdir”, “o bizimdir”, – deyirdilər”.
Heydərabad qəsəbəsi ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü nəticəsində tamamilə dağıdılaraq yaşayış üçün yararsız hala salınmışdı. 1997-1998-ci illərdə burada tikinti-quruculuq, abadlıq işləri aparılaraq həmin evlərin 75-i bərpa olunmuş və yerli əhalinin təşəbbüsü əsasında ulu öndər Heydər Əliyevin 75 illik yubileyi şərəfinə yaşayış məskəninə Heydərabad adı verilmişdi. Ümumiyyətlə, son 20 il ərzində qəsəbədə aparılan quruculuq işləri nəticəsində bura yeni görkəm alıb, əhalinin yaxşı şəraitdə yaşaması və işləməsi üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı rayonun, eləcə də Heydərabad qəsəbəsinin inkişafında mühüm rol oynayıb. 15 oktyabr 2010-cu ildə Heydər­abad qəsəbəsində aparılan quruculuq işlərinin tərkib hissəsi kimi inşa olunan və yenidən qurulan mənzillərin orderlərinin sahiblərinə təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni mənzillərə köçə­cək ailələri təbrik edərək de­mişdir: “Sədərək rayonu yaranandan sonra qısa müddət ərzində böyük inkişaf yolu keçərək rayon kimi formalaşmış, öz fəaliyyətini qura bilmişdir. Sədərək Azərbaycanla müharibə vəziyyətində olan işğalçı bir ölkə ilə sərhəddə yerləşir. Rayonun bu qəsəbəsinə ulu öndərimizin adı veriləndə Heydərabadda yaşayış lazımi səviyyədə deyildi. Ulu öndərimizin adını daşıyan qəsəbə isə onun adına layiq, yerləşdiyi əraziyə görə qala kimi möhkəm, eyni zamanda abad olmalı idi. Ulu öndərimizin adını daşıyan bu qəsəbə Azərbaycanda ən nümunəvi qəsəbədir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən cənab Prezidentin Sədərəyə, xüsusən bu qəsəbəyə qayğısı nəticəsində qəsəbə yenidən quruldu, sakinlərin məskunlaşması üçün lazımi şərait yaradıldı. Ulu öndərin adını doğrultmaq, yaşatmaq üçün qəsəbə daim diqqət mərkəzində olacaqdır. Sədərək rayonunda aparılan quruculuq işləri bir rayonun timsalında ümumən Azərbaycanda həyata keçirilən tədbirlərin göstəricisidir. Bu, o deməkdir ki, Azərbaycanın bütün bölgələri və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası inkişaf edir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanda sabitlik davam edir, iqtisadi inkişaf var. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür”.
Heydərabad qəsəbəsi dövlətimizin diqqət və qayğısı sayəsində inkişaf edir, çiçəklənir, ulu öndərimizin əsasını qoyduğu, muxtar respublika rəhbərinin uğurla davam etdirdiyi quruculuq siyasətindən maksimum bəhrələnir.

Sədərək rayonunda keçilən 25 illik yolun qısa tarixçəsi

Sədərək 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu alıb. Rayonun sosial-iqtisadi inkişafının təməlinin qoyulması üçün ulu öndərimiz tərəfindən atılan əsas addımlardan biri 1992-ci ildə Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən “Ümid” körpüsünün tikilməsi, gömrük keçid məntəqəsinin yaradılması, Türkiyədən Sədərəyə yüksəkgərginlikli elektrik xəttinin çəkilməsi olub. 1995-ci ildən sonrakı dövrdə isə rayon davamlı inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 15 mart 2000-ci il tarixli Sərəncamı rayonda böyük uğurların qazanılmasına zəmin yaradıb. Rayon genişmiqyaslı quruculuq işlərinin, aqrar sahədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin ünvanına çevrilib. Burada fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılıb, rayon əhalisini çoxdan bəri narahat edən taleyüklü məsələlər öz həllini tapıb, məşğulluq probleminin həllində mühüm addımlar atılıb. Müasir yaşayış binaları həyata vəsiqə alıb, xidmət sahələri istifadəyə verilib, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb. Bu gün rayonda fəaliyyət göstərən məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri üçün yeni binalar tikilib. Əhalinin kommunal-məişət şəraitinin yaxşılaşdırılması yeni binaların istifadəyə verilməsi ilə yekunlaşdırılmayıb, rayon əhalisinin içməli suya, elektrik və təbii qaza olan tələbatının dolğun ödənilməsi məqsədilə təxirə­salınmaz işlər görülüb.
Əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biri də suvarma sistemlərinin təkmilləşdirilməsidir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda bu sahədə də əsaslı tədbirlərin icrası nəzərdə tutulub. Muxtar respublikada dövlət proqramında müəyyənləşdirilən vəzifələrin uğurla həyata keçirilməsinin nəticəsidir ki, 2014-cü ildə Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış mərasimindəki çıxışında demişdir: “Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, kənd təsərrüfatı məhsullarının istehsalı artmış, ərzaq təhlükəsizliyi təmin edilmişdir. Sədərək rayonunda nasos stansiyasının tikilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən, layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılmışdır. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılmış, yeni nasos stansiyası tikilmişdir. Bu da Sədərək rayonunda əkinəyararlı torpaqların 40 faizinin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılmışdır. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının artmasına və əhalinin məşğulluğunun təmin olunmasına imkan verəcəkdir”.
Bəli, illər uzunu əhalinin qarşılaşdığı çətinliklərdən olan suvarma suyuna olan tələbatın dolğun ödənilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir, böyük vəsaitlər hesabına salınan kanallar, tikilən nasos stansiyaları, qazılan artezian quyuları vaxtilə susuz çöllərə həyat verir, insanları əkib-becərməyə, vətən torpağının bu parçasında güllük- gülüstanlıq yaratmağa ruhlandırır. Rayon sakinləri taxılçılıq, meyvə-tərəvəzçilik, heyvandarlıq, üzümçülük və digər sahələrdə böyük uğurlar əldə edir, muxtar respublikada məhsul bolluğu yaradılmasına öz töhfələrini verirlər.Vaxtilə düşmən mərmiləri düşən torpaqlar indi bərəkətli taxıl zəmilərinə çevrilib. Qürurverici hal bundan ibarətdir ki, bütün bu hadisələr düşmən səngərlərinin yaxın məsafəsində, mənfur ermənilərin gözü qarşısında baş verir. Bu, məncə, dövlətimizin güclü, qüdrətli olduğunun, Sədərəyin göz bəbəyi kimi qorunduğunun, müqəddəs vətən torpağının hər qarışının, hər daşının, hər qayasının güzəştə gedilməyəcəyinin sübutu, atəşkəs dövründə düşmənlə aparılan ideya-siyasi, psixoloji müharibənin qələbəsi, ən böyük təbliğatdır.

Ordumuz sabitliyin ən böyük təminatçısıdır

Rayonun tanınan ziyalılarından olan Səməd Əliyev deyir ki, tarixboyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: Ordun varsa, yurdun var. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Naxçıvanı, eləcə də Sədərəyi nə qorumaq, nə də yaşatmaq olar. Bax bu yüksəkliklərdə (əli ilə yaxındakı təpələri göstərir) güclü ordumuz olmasa, arzularımız puça çıxar, çəkilən bütün zəhmətlər hədər gedər. Sonra əlavə edir: Əbəs yerə deməyiblər ki, torpağı əkib-becərmirsənsə qorumağına, qorumursansa əkib-becərməyinə dəyməz. Biz sədərəklilər 90-cı illərin əzab-əziyyətlərini də görmüşük, bu günün firavan həyatını da. Yaxşı ki, indi bizim yetəri qədər silahımız, düşməni qısa zamanda dəf edə biləcək ordumuz var. Ona görə də düşmənin lap yaxında olduğunu bilsək də, bundan heç kim narahatlıq keçirmir. Hamı bilir ki, bizə qarşı atılan hər bir güllənin cavabı veriləcək.

Bəli, nə qədər qüdrətli Azərbaycanın döyünən ürəyi Naxçıvan, onun vətənpərvər oğulları var, bütün yurd yerləri kimi, Sədərək də yaşayıb var olacaq, çiçəklənəcək, düşmən qarşısında alınmaz qalaya çevriləcək.

 Səbuhi HÜSEYNOV

Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər arasında yaradıcılıq
müsabiqəsinə təqdim olunmaq üçündür

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR