23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Son 20 ildə nəzərəçarpan dəyişikliklərdən biri də muxtar respublikamızın şəhər və qəsəbələrindəki yaşayış binalarının yenidən qurulması və yeni yaşayış komplekslərinin yaradılmasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib. Ötən müddətdə pro­qramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Pro­qramda xüsusi diqqət yetirilən sahələrdən biri də yaşayış binalarının tikintisi və təmiridir. Ötən dövr ərzində Naxçıvan şəhərində yeni yaşayış binaları tikilib, mövcud binalarda əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Bu istiqamətdə görülən işlər bu gün də davam etdirilir.

Hazırda Heydər Əliyev prospektində zirzəmi ilə birlikdə səkkiz mərtəbədən ibarət olacaq yeni yaşayış binasının tikintisi davam etdirilir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən tikilən yaşayış binasının təməli cari ilin may ayının əvvəlində qoyulub. Bina hazır olduqdan sonra zirzəmi hissədə 210 kvadratmetrlik anbar və foye yerləşəcək. Birinci mərtəbədə isə mağazalar fəaliyyət göstərəcək. Digər mərtəbələrin hər birində isə bir mənzil yerləşməklə bina 6 mənzilli olacaq. 220 kvadratmetrlik mənzillərin hər birində üç yataq otağı, bir salon, foye və mətbəx yerləşəcək. Müasir üslubda inşa edilən binada hər mənzilin üç eyvanı olacaq. Binanın birinci və ikinci mərtəbələrində hörgü işləri başa çatdırılıb, üçüncü mərtəbədə beton-qəlib işləri yekunlaşıb, dördüncü mərtəbədə isə qəlib qurulur.
Naxçıvan şəhərinin mərkəzi küçələrindən olan Atatürk küçəsində inşa olunmuş yeni yaşayış binası isə öz əzəməti ilə göz oxşayır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan binada tikinti işlərinə 2013-cü ilin fevral ayından başlanılıb. 54 mənzilli bu yaşayış binasında artıq işlər yekunlaşdırılıb.
Şəhərin Əliqulu Qəmküsar küçəsində yerləşən yeni yaşayış binası isə səkkiz mərtəbədən ibarət olacaq. Bu obyektdə işlərə cari ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən hazırda binanın altıncı mərtəbəsində hörgü, yeddinci mərtəbəsində isə beton-qəlib işləri aparılır. Yaşayış binasında 32 mənzil yerləşəcək. Mənzillərdən 8-i üçotaqlı, 24-ü isə ikiotaqlı olacaq.
Yaşayış binalarının əsaslı şəkildə yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Belə ki, hazırda “İstiqlal” küçəsindəki 93 nömrəli binanın yenidən qurulması “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunub. Binanın yenidən qurulmasına iyun ayının əvvəllərindən başlanılıb. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olan binanın eni üç metr artırılıb, zirzəmisi təmizlənib, qısa müddət ərzində arakəsmələr hörülüb. Hazırda yaşayış binasının sonuncu mərtəbəsində beton-qəlib işləri aparılır, daxildə isə yeni pəncərələrin salınması davam edir. Müasir üslubda qurulan binanın ön hissəsində isə üzləmə işləri aparılır. Mənzillərin sahəsinin artırılması burada yaşayan sakinlərin rahatlığını təmin edəcəkdir.
Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində yerləşən 18 nömrəli yaşayış binasında da əsaslı yenidənqurma işləri aparılır. Qısa müddət ərzində binanın ön tərəfində olan eyvanlar sökülərək müasir görkəmə salınıb, dam örtüyü dəyişdirilib. Bundan əlavə, rabitə və elektrik xətlərinin çəkilişi başa çatdırılıb. Daxildə suvaq işləri aparılıb, pilləkənlərə daş döşənib. Hazırda birinci mərtəbədə pəncərələr dəyişdirilir, digər mərtəbələrdə isə bu iş yekunlaşıb. Yaşayış binasının fasadı müasir memarlıq elementləri ilə zənginləşdirilib. Hazırda üzləmə işləri davam etdirilir. Yenidənqurma işlərini “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR