“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. İldən-ilə genişlənən quruculuq tədbirləri Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaratmışdır. Bu məqsədlə hazırlanmış yeni layihəyə uyğun olaraq, zavodda süni qurutma sexi inşa olunmuş, burada Türkiyə istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur. Eni 12, uzunluğu 50 metr olan süniqurutma sexi 4 kameradan ibarətdir. Hər kameraya ilkin olaraq 13 min ədəd kərpic yığılır. İlk mərhələdə kərpicin nəmliyi götürülür, ikinci mərhələdə qurutma prosesi başlanır. Rejimə uyğun olaraq, hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu bir diyircəkli araba xaric olmaqla digəri sexə daxil olur. Ümumilikdə, qurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpicdir.
Kərpicbişirmə sexində yaranan istilik xüsusi borularla aspirator vasitəsilə sorulub süniqurutma sexinə ötürülür. Bununla, həm istilik sisteminin dövriyyəsi təmin edilir, həm də enerji itkisinin qarşısı alınır. Zərurət yarandıqda isə qurutma sexində qurulmuş istilik avadanlığından da istifadə edilir. Qurutma sexinin fəaliyyət göstərməsi zavodun mövsümdən asılılığını aradan qaldırmış, müəssisənin fasiləsiz fəaliyyəti təmin edilmişdir. Müəssisənin bir-birini tamamlayan 3 istehsal sahəsində – kərpickəsmə, kərpicbişirmə və qurutma sexlərində istehsal prosesinin təkmilləşdirilməsi və daha müasir texnoloji avadanlıqların alınıb quraşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Layihəyə uyğun olaraq, kəsmə sexində yeni müasir texnoloji avadanlıqlar quraşdırılmış, xammalın iki mərhələdə üyüdülməsi təmin edilmiş, kərpicbişirmə sexində əlavə sobalar tikilərək sayı 30-a çatdırılmışdır. Süniqurutma sexində isə Türkiyə istehsalı olan daha bir istilik avadanlığı quraşdırılmışdır. İstehsal olunan məhsulun təbii hava şəraitində qurudulması və saxlanılması üçün əlavə çardaqlar qurulmuş, rəflər hazırlanmış, zavod daxilində yük daşınması üçün yüksək manevr etmək imkanlarına malik müasir texnikalar alınmışdır.
Zavod fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunurdusa, yeni layihənin həyata keçirilməsi və daha müasir texnoloji avadanlıqlar alınıb quraşdırılmasından sonra gün ərzində 45-50 min ədəd kərpic istehsal etmək imkanı yaranmışdır.
Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar məhsulun keyfiyyətli istehsal olunmasında mühüm rol oynayır. Zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərci çəkilmir, boşdayanma hallarına yol verilmir. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir, texnoloji proseslərə və məhsulun keyfiyyətinə ciddi əməl olunur.
Zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti saxlayan keyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Bu da, təbii ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının və əhalinin maddi rifahının daha da yaxşılaşmasının göstəricisidir.
Zavodun istehsal gücünün artırılması artan tələbatın ödənilməsinə və daxili bazarın keyfiyyətli yerli tikinti materialları ilə təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Hazırda müəssisədə 131 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunmuşlar. Kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Kərəm HƏSƏNOV