Günü-gündən yeniləşən qədim Naxçıvan özünün inkişaf və tərəqqisi ilə bu gün nümunə gücündədir. Diyarımızın müasirliyə qovuşması muxtar respublikada bütün sahələrdə həyata keçirilən islahatlar, görülən genişmiqyaslı və məqsədyönlü işlər hesabına mümkün olub. Bu sahədə tikinti-quruculuq tədbirlərinin davamlı xarakter alması xüsusi qeyd olunmalıdır.
Konkret bir ünvanda, Culfa rayonunda cari ilin ötən dövrü ərzində reallaşdırılmış quruculuq tədbirlərinə diqqət yetirək. Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Bu ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyon 273 min 300 manat və yaxud 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,6 faiz artaraq 12 milyon 626 min 900 manat olub.
Cari ilin ötən dövründə rayonun Şurud və Bənəniyar kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin tikintisi, Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 18 və 20 nömrəli binaların, Bənəniyar kəndində 648 şagird yerlik, Şurud kəndində 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri başa çatdırılıb. Hazırda rayon mərkəzində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış İdarəsinin inzibati binasının və yardımçı binalarının tikintisi davam etdirilir.
Ümumilikdə, rayonda bir sıra istiqamətlərdə – təhsil, səhiyyə, mədəniyyət, rabitə, meliorasiya və irriqasiya sistemləri sahəsində tikinti, yenidənqurma və əsaslı təmir işlərinin aparılması mövcud problemləri aradan qaldırıb. İstifadəyə verilən bütün obyektlərdə müasir iş şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib.
Görülən işlərin davamı kimi hazırda rayonun 3 yaşayış məntəqəsində kompleks quruculuq işləri həyata keçirilir.
Bu yaşayış məntəqələrindən biri Gal kəndidir. Məlumat üçün öncə onu bildirək ki, digər ünvanlarda aparılan quruculuq işlərinin tərkibinə daxil olan yolların yenidən qurulması bu kəndi də əhatə edib. Belə ki, Dizə kəndi ərazisindən başlayaraq Gal kəndinə qədər olan yol yatağı genişləndirilir, hamarlama işləri aparılır, asfalt örtük salınması üçün hazırlıq tədbirləri görülür, kənddə isə 3 obyekt inşa olunur. Yaşayış məntəqəsində təhsilin səviyyəsini daha da yüksəltmək məqsədilə tikilən yeni məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 96 şagird yerlik məktəb binasının tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdərəsinin inşaatçıları aparırlar.
Məktəbin direktoru Təranə Nəsirova deyir ki, Gal məktəbində yaxşı təhsil ənənələri yaradılıb. Bu ənənələr məktəbin uğurlarının ilbəil artmasına öz təsirini göstərir. 2014-2015-ci tədris ilində məktəbi bitirən 5 məzundan 4-nün ali məktəbə qəbul olunmasını son hədd hesab etməyən Təranə müəllimə onu da vurğuladı ki, onlar üçün yeni məktəb binası inşa edilməsi pedaqoji kollektivin məsuliyyət hissini daha da artırıb.
Tikinti ilə tanış olarkən keyfiyyət amilinin diqqətdə saxlanıldığını gördük. Öyrəndik ki, yerli inşaat materiallarından istifadəyə üstünlük verilir. İdarənin rəisi Tahir Əliyevin bildirdiyinə görə, müəllim və şagirdlərin ixtiyarına geniş və işıqlı sinif, kompüter, şahmat otaqları, elektron lövhəli sinif, laboratoriya, idman zalı, hərbi kabinə, kitabxana, həyətdə açıq idman qurğuları veriləcək. Müasirtipli layihə əsasında inşa olunan binanın əsas hörgü işləri tamamilə başa çatdırılıb, çardaq qurulub, qapı-pəncərələr salınıb. Hazırda binadaxili tikinti tədbirləri həyata keçirilir, həyətyanı ərazi qaydaya salınır. İnşaatçılar yeni məktəb binasını nəzərdə tutulan vaxtda təhvil vermək əzmi ilə çalışırlar. Adıçəkilən idarənin bir qrup inşaatçısı kənd və xidmət mərkəzlərinin tikintisi ilə məşğuldur. Kənd mərkəzi 2, xidmət mərkəzi 1 mərtəbədən ibarətdir. Kənd mərkəzində Galda fəaliyyət göstərən dövlət qurumları üçün müasir şərait yaradılacaq. Xidmət mərkəzində mağazalar və ət satışı yeri fəaliyyət göstərəcək.
Quruculuq tədbirləri rayonun Qızılca kəndini də əhatə edir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi bu yaşayış məntəqəsində 120 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin inşasını həyata keçirir. Hər 3 obyektdə çalışan inşaatçılar yaradılan şəraitdən səmərəli istifadə edirlər. Belə ki, binaların çardaqları qurulub, qapı-pəncərələri salınıb, digər tikinti işləri sürətlə davam etdirilir. Keyfiyyət amilinə ciddi önəm verilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Culfa Rayon İdarəsinin bir qrup inşaatçısı isə rayonun Saltaq kəndində yeni məktəb binasının inşası ilə məşğuldur. Məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. 215 şagird yerlik binanın tikintisinə mart ayında başlanılıb. Hazırda hörgü işləri dördüncü mərtəbədə davam etdirilir, digər mərtəbələrdə müxtəlif tikinti tədbirləri yerinə yetirilir.
Kənddə mövcud olan köhnə məktəb binası isə müasir layihə əsasında yenidən qurulur. Burada kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası fəaliyyət göstərəcək.
Beləcə, günləri həftələrə, həftələri aylara çevrilən 2015-ci il Culfa rayonunun quruculuq xəritəsinə öz izlərini yazmaqdadır və bu izlər insan amilinə xidmət etməklə bölgənin simasını tamamilə yeniləşdirməkdədir. Həyata keçirilən belə böyükhəcmli quruculuq tədbirlərini culfalılar onlara göstərilən dövlət qayğısının növbəti təzahürü kimi dəyərləndirir, muxtar respublikada böyük səylər və zəhmət hesabına nail olunmuş sosial-iqtisadi inkişafa töhfələrini verməyi özlərinin vətəndaşlıq borcu sayırlar.
Muxtar MƏMMƏDOV