23 Dekabr 2024, Bazar ertəsi

 

 

 

Ata-babadan alma dadı, tamı, ətri, faydasına görə “behiştdən gələn meyvə” adlanır. Şahbuzun Keçili kəndində yararsız yerlərə hörgülərlə su arxı çəkib, 5 hektar meyvə bağı salan, bu gün də barverən həmin bağın sahibi 130 il ömür sürmüş Hacı Nurəli baba deyərmiş ki, hər kim səhər-səhər gündə iki alma yesə, atdan yıxılsa da, heç bir sınığa düçar olmaz. Alma sümükləri də bərkidir. 

Alma, sözün əsl mənasında, meyvələrin şahıdır. Tərkibində limon, kəhrəba, alma turşuları, 5 faizdən 24 faizədək şəkər, B, C vitaminləri, kalium, natrium, dəmir duzları, karotin maddələri vardır. Naxçıvan torpağında yetişən alma meyvəsi yeyiləndə kəsilən hissəsi tezliklə qızarır. Başqa yerlərin alma meyvəsində belə rəngə rast gəlmək çətindir. Hələ 40-50 il bundan əvvəl Kükü, Keçili, Nursu, Ağbulaq kənd­lərində salınan alma bağları əhalinin meyvəyə olan tələbatında mühüm rol oynamışdır. Maraqlıdır ki, vaxtilə Babək rayonunun Hacıniyyət tinglik təcrübə təsərrüfatı muxtar respublikanı alma tingləri ilə təmin edərkən keçmiş ittifaqın müxtəlif regionlarından alma toxumları alaraq ting yetişdirirdi. Avropa ölkələrindən başqa, Meksika və Kanadada yayılıb Baltikyanı ölkələr, Moldovayadək rayonlaşıb, oradan da toxumçuluqla Azərbaycana, o cümlədən Naxçıvana gətirilən çox qarışıq alma sortları burada artırılmışdır. Qonşu İran, Türkiyə və digər ölkələrdən də müxtəlif alma sortu tingləri gətirilərək bara salınmışdır. Bu torpağın ən qiymətli sortu olan qış qızılı indinin özündə də bütün gətirilmə alma sortlarına meydan oxuyur. Bu sortla rəqabətə girən alma növlərinə rast gəlmək çətindir. Çoxları elə bilir ki, qış qızılı alması yəqin qırmızı rəngdədir. Xeyr, yaşıl rənglidir. Mart, aprel, hətta may aylarınadək əla dözümlə öz dad-tamını yaxşılaşdırıb getdikcə saralır. Bu sortun vətəni Naxçıvan iqlimi kimi sərt Sibir torpağıdır. İki əsr əvvəl seleksiya yolu ilə yaradılaraq yayılmışdır. Respublikamızın bütün bölgələri ilə müqayisədə elə bil qış qızılının əsl vətəni Şahbuzun dağ kəndləridir. Yayın sərin mehində ağaclar olduqca yaxşı inkişaf edir. Soyuğa, istiliyə, zərərverici və xəstəliyə ən dözümlü sort kimi yaxşı qulluq edildikdə bol məhsul verir.

Şahbuzun məşhur bağbanlarından olan Keçili kənd sakini, 90 il yaşamış Musa müəllim deyirdi ki, qış qızılı alması dad-tamında bütün sortları üstələdiyi kimi, onun saxlanması da fərqlidir. Yararsız yal-yamacı, dərə kənarlarını çəpərləyib, sahmana salıb borularla su çəkmiş Musa müəllimin sağ qolu qəlpə yarasından şikəst idi. Sol qolu ilə 2 hektardan çox alma bağı salmışdı. Digər meyvələri də vardı. Deyirdi ki, bir ili məhsul yaxşı gəldi. 40 tonadək almanı payızda anbara yığdıq. Çatdırıb bazarda hamısını sata bilmədim. 20 tonadək qış qızılı qaldı. Növbəti payızda baxdım ki, qış qızılı alması tam şirəyə dolub. 50 ildə az qala min tondan çox alma satmışdım. Qış qızılı ikinci ilə keçsə də, bazarda alıcılar məhz bu meyvənin növbəsinə dayandılar. Az alan 10-15 kiloqram alırdı. 10 günün içərisində hamısı satıldı. Bilən olmadı ki, bu, ikiillik məhsuldur. Bax, qış qızılının üstünlükləri belədir. Mənə vaxtilə dərs deyən Musa müəllimin tövsiyəsini əsas tutaraq mən də qış qızılına üstünlük vermişəm. Qonağım gələndə süfrəmizin ilboyu bəzəyi olur. Odur ki, diyarımızın dağlıq kəndlərində bu sortun əkilməsi çox faydalıdır. Hətta qızılqarın kəpənəklər qış qızılına yumurta atsalar da, qabığına gücü çatmır, meyvə öz saflığını qoruyur.

Qaşdar ƏLİYEV
aqronom-fenoloq

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR