Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında kənd təsərrüfatı mühüm rol oynayır. 2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunması isə aqrar sektorun yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Dövlət tərəfindən aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir. Əldə olunmuş nailiyyətlərin əsas səbəblərindən biri muxtar respublikada sahibkarlığın inkişafına geniş meydan verilməsi, bu sahəyə dövlət yardımının ilbəil artırılması, sahibkarların təcrübəsinin daha da zənginləşdirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılmasıdır. Regionda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunmuş müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır.
Aqrar sektorun inkişafında mühüm vəzifələrdən biri də soyuducu anbarların yaradılmasıdır. Muxtar respublikada soyuducu anbarların işə salınması yerli meyvə-tərəvəzlərin ilboyu bazarlara çıxarılmasına imkan verir. Soyuducu anbar normal temperaturda pozulmağa meyilli olan qidaların aşağı temperaturda mühafizə edilməsinə imkan verən infrastrukturdur. Əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, mәhsulların tәdarükü, saxlanması vә satışı infrastrukturunun yaradılması məqsədilə yerli investisiyalar əsasında soyuducu anbarların sayı 20-yə, ümumi tutumu 12 min 250 tona çatdırılmışdır. Artıq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbar komplekslərində meyvə və tərəvəzin qəbuluna başlanılmışdır. 1 iyul 2015-ci il tarixdən 20 avqust 2015-ci il tarixədək muхtar respublika ərazisində fəaliyyət göstərən soyuducu anbarlara 598 ton məhsul tədarük оlunmuşdur ki, bunun da 516 tonu kartof, 50 tonu soğan, 29 tonu ərik, 3 tonu kələm məhsuludur.
Xəbərlər şöbəsi