Muxtar respublikanın iqtisadiyyatında əldə olunan nailiyyətlər Ordubad rayonunda da tikinti-abadlıq işlərinin həcminin artmasına, şəhər və kəndlərin simasının yeniləşməsinə şərait yaradıb. 2014-cü ilin birinci yarısının nailiyyətlərini tikinti-quruculuq sahəsində aydın şəkildə görmək olar. Ənənəvi olaraq bu ilin ilk 6 ayında belə işlər rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrini də əhatə edib. Tikinti-quruculuq işlərinin təyinatının müxtəlif istiqamətləri əhatə etməsi xüsusilə diqqətçəkəndir.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2015-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29 milyon 62 min 800 manat və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2 faiz artaraq 26 milyon 851 min 200 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamına əsasən, görkəmli maarifpərvərin ev-muzeyinin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilib və yeni bina inşa edilib. Muzeydə görkəmli pedaqoqun həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirilməsi üçün ekspozisiya zalı və iş otaqları yaradılıb. Bina təhvilə hazırdır.
Muxtar respublikada nəqliyyat idarəetmə sisteminin təkmilləşdirilməsi, avtomobillərin texniki vəziyyəti və onların təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Müayinə Mərkəzi üçün bina inşa edilib. İnşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilib. Binanın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. İki mərtəbədən ibarət olan müayinə mərkəzinin binasının birinci mərtəbəsində avtomobillərin texniki baxışa hazırlığı, texniki baxışın keçirilməsi, qeydiyyat aparılması üçün zal və xidməti otaqlar, ikinci mərtəbədə isə iş otaqları və bufet yerləşəcək. Müayinə mərkəzi bu sahədə tətbiq olunan ən qabaqcıl texnologiyalarla təchiz ediləcək. Burada kompüter dəsti, monitorlar qoyulacaq, xarici ölkələrin istehsalı olan texniki müayinə avadanlıqları quraşdırılacaq. Yeni avadanlıqlar minik və yük avtomobillərinin əyləc sisteminin, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğunun, sükanın idarəetmə qollarının və almacıqlarının yoxlanılmasına, işıqların tənzimlənməsinə və şinlərin protektor naxışlarının ölçül-məsinə imkan verəcək. Baxışdan keçən avtomobillər hər mərhələni qət etdikcə onun detallarının texniki vəziyyəti barədə məlumatlar kompüterdə əks olunacaq və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürüləcək. Texniki baxış başa çatdıqdan sonra müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim ediləcək.
Ordubad şəhərində dəmir yolu vağzalı üçün yeni binanın və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsinin inzibati binasının tikintisi də uğurla davam etdirilir.
Muxtar respublikamızın kənd yaşayış məntəqələrində mahiyyət və məzmunca yeni infrastrukturun yaradılması xüsusi diqqət göstərilən sahələrdəndir. Görülən işlərin müvəffəqiyyətli nəticələrini Ordubad rayonunun əksər kəndlərində görmək olar. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, rayonun Tivi kəndində məktəb binası əsaslı şəkildə təmir olunur, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi inşa edilir. Hazırda adıçəkilən obyektlərin yerləşdiyi ərazidə abadlıq işləri aparılır, binalarda suvaq və boya, üzləmə işləri həyata keçirilir. Rayonun Gilançay kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisi sürətlə aparılır. Tivi və Gilançay kəndlərində aparılan quruculuq işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi həyata keçirir.
Muxtar respublikamızda iqtisadiyyatın dinamik inkişafı, istehsalatda müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələrin icrası nəticəsində ixtisaslı kadrlara olan tələbat ildən-ilə artmaqdadır. Buna görə də təhsilin bütün pillələri kimi, peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu baxımdan muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır. Dövlət proqramının icrası ilə əlaqədar rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının təşkili, peşə standartlarının tətbiqi və peşə seçiminə köməklik məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də Ordubad Rayon Peşə Məktəbi üçün ayrılmış binada əsaslı təmir işlərinin aparılmasıdır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən əsaslı təmir olunan binada kommunikasiya xətlərinin çəkilişi, üzləmə, boya, suvaq işləri aparılır, ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilir.
Abad və rahat yollar inkişafın göstəricisidir. Bu baxımdan yeni yolların salınması, mövcud yollarda bərpa işlərinin aparılması sakinlər tərəfindən razılıqla qarşılanır. Rayon ərazisində yolların abadlaşdırılmasına da xüsusi diqqət yetirilir. Bu ilin ilk altı ayında Ordubad Rayon Yol Təmir-İstismar İdarəsi tərəfindən Ordubad şəhərdaxili, Dəstə-Dırnıs, Ordubad-Nüsnüs, Aza-Biləv-Parağa, Ordubad-Naxçıvan avtomobil yollarında təmir işləri aparılıb, dağlıq ərazilərdəki avtomobil yollarının istismara yararlılığına müntəzəm olaraq nəzarət edilib. Bəhs olunan dövrdə adıçəkilən idarə tərəfindən avtomobil yollarının əsaslı və cari təmir işləri üçün 226853 manat vəsait xərclənib.
Məlumat üçün bildirək ki, bu il Ordubad şəhərində müasir aviakassa və 774 şagird yerlik 3 nömrəli tam orta məktəbin binası istifadəyə verilib. Ümumiyyətlə, bütün bu sadalanan işlər insanların daha yaxşı şəraitdə yaşamasına və işləməsinə, uşaq və yeniyetmələrin yaxşı təhsil alma imkanlarının artırılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, kənd və şəhər arasındakı infrastruktur fərqinin aradan qaldırılmasına hədəflənib.
Səbuhi Hüseynov