Muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın kreditləşdirilməsi vəziyyəti diqqəti xüsusən cəlb edir. Belə ki, cari ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 44,2 faiz artaraq 47 milyon 347 min manata çatmışdır. Bu müddət ərzində verilmiş kreditlərin 13 milyon 234 min manatı qısamüddətli, 34 milyon 113 min manatı isə uzunmüddətli olmuşdur.
Ümumiyyətlə, avqustun 1-nə muxtar respublikada cəmi kredit qoyuluşunun həcmi 121 milyon 988 min manat olmuşdur ki, bunun da 15 milyon 360 min manatı qısamüddətli, 106 milyon 628 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Bəhs olunan dövrdə verilmiş kreditlərin strukturunda ən böyük payı kənd təsərrüfatının inkişafı ilə əlaqədar kreditlər təşkil edir. Belə ki, bu sahə cari ilin ilk yeddi ayı ərzində verilmiş kreditlərdə 12 milyon 607 min manatla 26,6 faizlik bir paya malikdir. Kənd təsərrüfatının müxtəlif sahələrinin kreditləşdirilməsi zamanı əsas diqqət mərkəzində olan sahə məhz heyvandarlıq olmuşdur ki, bu məqsədlə sözügedən dövr ərzində 10 milyon 123 min manat kredit resursu cəlb edilmişdir. Bitkiçiliyin, arıçılığın, quşçuluğun, meyvəçilik və bağçılığın inkişafı da diqqətdən kənarda qalmamış, bitkiçiliyə 1 milyon 532 min manat, arıçılığa 378 min manat, quşçuluğa 552 min manat, meyvəçilik və bağçılığın inkişafı üçün isə 22 min manat kredit resursu cəlb edilmişdir.
Bu gün kənd təsərrüfatı ilə yanaşı, muxtar respublika iqtisadiyyatının inkişafında əsas rol oynayan sahələrdən biri də məhz sənayedir və bu sahənin inkişafına yönəldilmiş investisiyaların həcmində banklar tərəfindən verilmiş kreditlərin də xüsusi rolu vardır. Adıçəkilən dövr ərzində bu sahənin inkişafı üçün ehtiyac duyulan maliyyə resurslarının təmin edilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 10 milyon 737 min manat həcmində kredit verilmişdir ki, bu da ötən müddət ərzində verilmiş kreditlərin 22,7 faizini təşkil edir. Eyni zamanda bu sahədə ötən ilin müvafiq dövründə verilmiş kreditlərlə müqayisədə 8 milyon 490 min manat artım qeydə alınmışdır.
Daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri, ticarət və nəqliyyat, rabitə sahələrinə yönəldilmiş kreditlərin həcmində də ötən ilin müvafiq dövrü ilə müqayisədə artımlar müşahidə olunmuşdur. Belə ki, muxtar respublikamızın gənc sakinlərinin mənzilə olan tələbatlarının ödənilməsi məqsədilə verilmiş ipoteka kreditlərinin həcmi cəmi kreditlərdə 10 faizlik paya malikdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 770 min manat artaraq 4 milyon 734 min manata çatmışdır. Bu müddət ərzində ticarətin inkişafı məqsədilə verilmiş kreditlər isə 4 milyon 118 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 359 min manat çoxdur.
Əvvəlki illərlə müqayisədə kreditlərin daha çox cəlb edildiyi sahələrdən biri də nəqliyyat və rabitə sektorudur. 2015-ci ilin yanvar-iyul ayları ərzində bu sahənin inkişafı məqsədilə verilmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 906 min manat artaraq 5 milyon 921 min manat təşkil etmişdir.
Kreditlərin ötən illə müqayisədə artımı ilə bərabər, verilmiş kreditlərin ölkə üzrə ən aşağı faiz dərəcəsi də məhz muxtar respublikamızda müşahidə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən, cari ilin birinci yarımilinin yekunlarına görə, ölkədə ən bahalı kreditlər cənub bölgəsində – Lənkəran iqtisadi rayonunda ayrılmışdır ki, burada kreditlərin orta illik faiz dərəcəsi 24,1 faiz təşkil etmişdir. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (23,3 faiz) və Aran (23 faiz) iqtisadi bölgələri dayanır.
Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22 faiz, Quba-Xaçmazda 20,8 faiz, Kəlbəcər-Laçında 19,9 faiz, Gəncə-Qazaxda 19,7 faiz, Yuxarı Qarabağda 19,6 faiz, Abşeronda 19,4 faizdir. Azərbaycanda ən ucuz kreditlər isə Bakı şəhəri istisna olmaqla, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən təklif olunub ki, bu kreditlərə tətbiq olunan orta illik faiz dərəcəsi 14,5 faiz təşkil etmişdir.
Bu gün muxtar respublika sakinlərinə aşağı faizlərlə güzəştli kreditlərin təklif olunmasında əsas məqsəd məhz real sektorun və kənd təsərrüfatının inkişafına stimul verməkdən ibarətdir.
Tural ŞİRƏLİZADƏ
Mərkəzi Bankın Naxçıvan Muxtar
Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi