Müəssisədə yeni istehsal sahəsi yaradılıb
Muxtar respublikanın bütün təbii ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolu nəzərə alınaraq kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2008-ci ilin dekabr ayından fəaliyyət göstərən “Nəqşi-cahan Holdinq” Şirkətlər Qrupunun Culfa rayon ərazisində fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, 2007-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 680 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkimərtəbəli inzibati və istehsal binalarından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qaz mənbəyindən zavodadək 2650 metr boru xəttində təmir işləri görülmüşdür. Müəssisədə Rusiya və Ukraynadan alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmışdır ki, bu, görülən işin daha keyfiyyətli, sürətli və yüksək səviyyədə aparılmasına imkan yaratmışdır. İstehsal və köməkçi sahələrin tikintisinə, həyətyanı sahənin abadlaşdırılmasına 775 min 500 manat, avadanlıqların alınmasına isə 320 min manat, ümumilikdə, 1 milyon 95 min 500 manat vəsait sərf olunmuşdur.
Məlumat üçün qeyd edək ki, muxtar respublikanın maye karbon qazına olan illik tələbatı 2800 tondur. İllik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan müəssisədə istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır. Bu məqsədlə müəssisənin balansındakı maye karbon qazını daşımaq üçün 2 ədəd 12 tonluq və 1 ədəd 6 tonluq avtosisternlərdən, eləcə də 2009-cu ildə alınmış soyuducu kameralı “Mitsubishi” markalı quru buzdaşıyan texnikadan səmərəli istifadə olunur. 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə olaraq 350 min manat güzəştli kredit verilmişdir ki, bu vəsait də yeni texnikaların alınmasına yönəldilmişdir. İsveçin “SKAYNA” firmasının istehsalı olan 2 ədəd çəkici avtomaşın və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik 2 ədəd avtosistern alınıb gətirilmişdir. Bu da istehsal olunan məhsulun vaxtlı-vaxtında sifarişçilərin ünvanlarına çatdırılmasına əlverişli şərait yaradır.
“Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elman Seyidov bildirdi ki, müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən məhsulun keyfiyyətinə nəzarət etməyə imkan verir. Xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə, istehsal olunan karbon qazının, quru buzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Müəssisədə istehsal edilən maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Elə bu səbəbdəndir ki, müəssisədə istehsal olunan məhsullara tələbat artmış, quru buz sifarişə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən şirkətlərə də göndərilmişdir. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” MMC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötmüşdür.
Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan 27 nəfərlik kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərmiş, istehsal edilən məhsul sifarişə uyğun olaraq, ayrı-ayrı şirkətlərə, müəssisənin Bakı və Qax şəhərlərində fəaliyyət göstərən balondoldurma məntəqələrinə vaxtında çatdırılmışdır. Hazırda müəssisədə tələbata uyğun olaraq istehsal edilən məhsulun 34 faizi muxtar respublikada, 66 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir.
“Muxtar respublikamızda istifadə olunmuş və ya istifadə müddəti bitmiş ilkin yanğınsöndürmə cihazlarının təmiri və doldurulması sahəsinin yaradılmasına başlanılmışdır”, – deyən cəmiyyətin direktoru onu da bildirdi ki, istehsal və xidmət sahələri üçün əlverişli şərait yaradılmış, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar və yanğınsöndürmə cihazlarının təmiri və doldurulması üçün lazım olan ayrı-ayrı hissələr və kimyəvi xammal alınıb gətirilmişdir.
Müəssisədə 1, 2, 4, 5, 12, 25, 50 kiloqramlıq balonlarda quru kimyəvi tozlu, köpüklü və karbon qazlı ilkin yanğınsöndürmə cihazlarının müasir avadanlıq və materiallardan istifadə olunaraq keyfiyyətli dolumu və hər cür texniki xidmətin göstərilməsi üçün əlverişli şərait yaradılıb. İstifadə edilən hər növ ilkin yanğınsöndürmə cihazlarının işlək vəziyyətə gətirilməsi, yoxlanılması, doldurulmasına aid olan bütün texniki yardım, məlumat və sorğuya ehtiyac yarandığı halda, müəssisəyə müraciət edib bu sahə üzrə çalışan təcrübəli mütəxəssislərin köməyindən istifadə etmək olar.
Onu da qeyd edək ki, əvvəllər ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər istismar müddəti bitən yanğınsöndürmə cihazlarının təmiri və yenidən doldurulması üçün xarici dövlətlərə aparırdılar. Bu da vaxt itkisi və əlavə maliyyə vəsaiti tələb edirdi. Yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırılıb. Sifarişçilərin müəssisəyə təqdim etdikləri yanğınsöndürmə cihazları qeydiyyata alınıb test avadanlığında 27 atmosfer təzyiqlə yoxlanıldıqdan sonra doldurulur. Baş verə biləcək yanğın hadisələrinin vura biləcəyi ziyanın vaxtında qarşısının alınması üçün ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda olan ilkin yanğınsöndürmə cihazlarının işlək vəziyyətdə olması ən mühüm amillərdən biridir.
Kərəm HƏSƏNOV