Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələri həyata vəsiqə alır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 17 istehsal müəssisəsi, 3 xidmət sahəsi olmaqla, ümumilikdə, 20 sahənin yaradılması istiqamətində işlər başa çatdırılıb.
Yeni yaradılmış istehsal müəssisələri tərəfindən ət qovurması, süd məhsulları, çörək (lavaş), tərəvəz məhsullarının istehsalı ilə yanaşı, qarğıdalı məhsulu yetişdirilir, heyvandarlıq və balıqçılıq təsərrüfatları fəaliyyət göstərir. Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb, ümumilikdə, 20 istehsal və xidmət sahəsində 97 yeni iş yeri açılıb.
Məlumatda o da bildirilir ki, 2015-ci ilin yanvar-iyul ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına qida məhsulları üzrə kompot, mürəbbə, turşu, unlu-qənnadı məmulatlar istehsalı sahələrinin, toxumçuluq, arıçılıq, heyvandarlıq, quşçuluq, istixana və çiyələkyetişdirmə təsərrüfatlarının, yarma və qarışıq qüvvəli yem istehsalının, quş kəsimi sahəsinin, eyni zamanda qeyri-ərzaq məhsulları üzrə silikon yorğan-döşək və yataq bazası, müxtəlif ölçü və formada qızıl-gümüş zinət əşyaları, medal və döş nişanları, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng, məsaməli beton məmulatları istehsalı və müxtəlif növ xidmət sahələri olmaqla, 31 müxtəlif təyinatlı istehsal müəssisəsi, 6 müxtəlif növ xidmət sahəsi, ümumilikdə, 37 sahənin yaradılması istiqamətində işlər davam etdirilib.
Ümumilikdə, 2015-ci ilin yeddi ayı ərzində 22 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 8 milyon 728 min 200 manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.
Kərəm HƏSƏNOV