23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Belə tədbirlər mövcud problemləri aradan qaldırmaqla bölgə sakinlərinin qurub-yaratmaq əzmini daha da gücləndirir.
Məlumat üçün bildirək ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzində Babək Rayon Rabitə İdarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib. Babək qəsəbəsinin Heydər Əliyev prospektində 500 metr məsafədə daş hasar inşa olunub, haliyədə həmin hasarın üzləmə işləri davam etdirilir. 5 mərtəbəli 60 mənzilli yaşayış binasında isə yenidənqurma işləri aparılıb, binanın yolları asfaltlanıb, ətrafında park salınıb, yaşıllaşdırma işləri aparılıb və müasir işıqlandırma sistemi quraşdırılıb.

Qoşadizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Həmin ünvanlarda müasir iş şəraiti yaradılıb. Kənddə aparılan abadlıq işləri çərçivəsində 1200 metr yola asfalt örtük salınıb, 482 metr uzunluğunda beton kanal çəkilib, 16 su keçidi tikilib. Sakinlərin kommunal şəraiti yaxşılaşdırılıb. 384 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılıb, 2800 metr fiber-optik, 2000 metr yerüstü və 1500 metr yeraltı rabitə xətti çəkilib, 450 metr elektrik xətti yenilənib, müxtəlif güclü transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıb. Yeni tikililərə qaz və su xətləri çəkilib, yaşıllıqların suvarılması üçün 2250 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulub.
Həmin kənddən Babək rayon mərkəzinə gedən 16,5 metr enində, 2515 metr uzunluğunda olan magistral yola asfalt döşənib, piyada yolu qaydaya salınıb, müasir işıqlandırma sistemi yaradılıb.
Hazırda quruculuq tədbirləri həm rayon mərkəzində, həm də bölgənin bir neçə kənd yaşayış məntəqəsində davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 27 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolu yenidən qurulur. Yol tikintisi “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Yenidən qurulan yol 31 min nəfər sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.
Yolun yenidən qurulması üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub. Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İlk olaraq yolun genişləndirilməsi həyata keçirilib. Torpaq-bərkitmə işləri aparılıb, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulub. Yol kənarlarındakı kanallar və su arxları qaydaya salınıb. Yolun hazırlıq işləri başa çatdırılmış hissələrinə asfalt döşənir.
Babək qəsəbəsi-Qoşadizə-hava limanı avtomobil yolunun genişləndirilməsi, yeni səkilərin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Nehrəm kəndində bir neçə ildir ki, quruculuq tədbirlərinin həyata keçirilməsi davamlı xarakter alıb. Ötən illərdə həmin yaşayış məntəqəsində kompleks tikinti işləri aparılıb. Hazırda Nehrəm kənd 2 nömrəli tam orta məktəbinin binasında yenidənqurma tədbirləri həyata keçirilir. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilmiş obyektin yenidən qurulmasında keyfiyyət amili diqqətdə saxlanılıb. İş icraçısı Sabiq Rüstəmovun bildirdiyinə görə, mövcud binanın 1 korpusu saxlanılaraq yenidən qurulub, əlavə 2 korpus inşa olunub. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 738 şagird yerlikdir. 41 sinif və 3 kompüter otağından, 5 elektron lövhəli sinifdən ibarət olacaq yeni binada müəllim və şagirdlərin ixtiyarına 3 laboratoriya, idman zalı, hərbi kabinə, kitabxana, həyətdə açıq idman qurğuları veriləcək. Binanın əsas hörgü işləri tamamilə başa çatdırılıb, çardaq qurulub, qapı-pəncərələr salınıb.
Hazırda binadaxili tikinti tədbirləri həyata keçirilir, həyətyanı ərazi qaydaya salınır. İnşaatçılar yeni məktəb binasını növbəti dərs ili ərəfəsində təhvil vermək əzmi ilə çalışırlar.
Quruculuq tədbirləri rayonun Xəlilli, Xal-xal və Yarımca kəndlərində də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi Xəlilli kəndində 144 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzinin inşası ilə məşğuldur. Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada müəllim və şagirdlərin ixtiyarına 12 sinif otağı və 6 kabinə veriləcək. Kənd sakinlərinə daha bir qayğı burada inşa olunan xidmət mərkəzidir. Hər 3 obyektdə çalışanlara hərtərəfli şərait yaradılıb və bu şəraitdən səmərəli istifadə olunur. Belə ki, binaların çardaqları qurulub, qapı-pəncərələri salınıb, digər tikinti işləri sürətlə davam etdirilir.
Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı isə rayonun Yarımca kəndində həkim ambulatoriyasının yenidən qurulmasında, kənd və xidmət mərkəzlərinin tikintisində çalışır. Məlumat üçün bildirək ki, indiyədək istifadə olunmuş 2 mərtəbəli binanın bir mərtəbəsi sökülüb, binaya əlavə iki mərtəbə artırılıb. Bu obyektlərdə də sürətli iş ahəngi təmin edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Babək Rayon İdarəsinin inşaatçıları rayonun Xal-xal kəndində kompleks quruculuq işləri aparır. İdarənin baş mühəndisi Rizvan Abbas­ov bildirdi ki, zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan məktəb binası 192 şagird yerlikdir. Burada 12 sinif, 1 kompüter otağı, şahmat otağı, 1 elektron lövhəli sinif, hərbi kabinə, idman zalı və digər otaqlar tikilib.
İkimərtəbəli kənd mərkəzində də müasir iş şəraiti yaradılacaq. Xal-xalda həm də xidmət mərkəzi üçün ayrılmış binada tikinti işlərinə başlanılıb.
Bütün bunları babəklilər muxtar respublikamızda davamlı xarakter almış sosial-iqtisadi inkişafın bəhrələri kimi dəyərləndirirlər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR