Kənd təsərrüfatının inkişafında taxıl istehsalı əkinçiliyin əsasını təşkil edir. Demək olar ki, dünyanın əksər ölkələrində əkinçiliyin ilk tarixi taxılın becərilməsilə başlayır. Əgər taxılçılıq inkişaf etdirilməsə, kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək qeyri-mümkündür. Əhalini ərzaqla, heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin əhəmiyyəti olduqca böyükdür. Odur ki, əhalinin ərzağa olan tələbatını ödəmək üçün taxıl istehsalının həcmi artırılmalı və keyfiyyəti yaxşılaşdırılmalıdır. Buğda daha geniş yayılmış və ən qiymətli dənli ərzaq bitkisidir.
Dənli taxıl bitkiləri içərisində payızlıq buğdanın xüsusi yeri var. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar, yağ, vitaminlər, karbohidratlar və mineral maddələr vardır. Buğda dəni fosfor, qiymətli kalium birləşmələri, dəmir və çoxlu vitaminlərlə zəngindir. Payızlıq buğdanın becərilmə aqrotexnikası bir neçə mərhələdə aparılmalıdır. Düzgün və vaxtında aparılan tədbirlər məhsul artımını təmin edir.
İlk növbədə taxıl əkiləcək sahədə növbəli əkin sisteminə ciddi əməl olunmalıdır. Bu məqsədlə sahə seçərkən sələf bitkiləri nəzərə alınmalı, torpağın mexaniki tərkibi öyrənilməli, onun gübrələrlə təminolunma dərəcəsi müəyyən edilməli və sonra şumun aparılması üçün hazırlıq işləri görülməlidir. Taxılın, əsasən, kartof, tərəvəz, bostan, birillik və çoxillik otlar, şəkər çuğunduru və sair bitkilərdən sonra əkilməsi daha məqsədəuyğundur. Bu bitkinin iki-üç ildən artıq eyni sahədə əkilməsi məsləhət deyildir. Çünki birtərəfli qidalanma getdiyindən torpağın münbitliyinin aşağı düşməsi ilə yanaşı, bitkinin xəstəlik və zərərvericilərlə yoluxmasına şərait yaranır.
Taxıl əkiləcək sahə sələf bitkilərdən boşalan kimi hər hektara 400-450 kiloqram fosfor və 100-150 kiloqram kalium gübrələri verilərək 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Bitkilərin güclü böyüməsini, inkişafını və qışdan salamat çıxmasını təmin etmək və eləcə də əlverişsiz şəraitə müqavimətini artırmaq üçün torpağa fosfor gübrəsinin verilməsinin böyük əhəmiyyəti vardır. Haqlı olaraq el arasında ona “Bar gübrəsi” də deyirlər.
Taxılın vegetasiyasının ilk dövrlərində bitkilərin fosfora tələbi yüksək olur. Həmin vaxt verilmiş fosfor gübrəsi bitkilərin artımına səbəb olur və xüsusilə kök sisteminin böyüməsini sürətləndirir.
Əldə olunmuş təcrübə onu göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şumaltına verilməsi məsləhətdir. Bundan başqa, azmünbitli torpaqlarda bitkiləri azotla normal təmin etmək məqsədilə səpin zamanı azot gübrəsi normasının 20-30 faizi toxumla birlikdə sahəyə verilməlidir.
Taxıl əkiləcək sahənin şumunun keyfiyyətli və səpindən 1-2 ay tez aparılması məhsuldarlığa 2-3 sentnerə qədər təsir göstərə bilər.
Səpin optimal müddətdə aparılmalıdır. Təcrübə göstərir ki, payızda bitkilərin güclü və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən asılıdır. Bu da bitkilərin əlverişsiz qışlama şəraitinə davamlılığını təmin edir.
Bitkilərin xəstəlik və zərərvericilərlə sirayətlənməsi və dənin yetişməsi də səpin müddətindən asılıdır. Bütün bunlar bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığına təsir göstərir. Ona görə də səpin optimal vaxtda başa çatdırılmalıdır. Optimal müddətdə səpilmiş sahələrdə bitkilər şaxtalar düşənə kimi kifayət qədər güclü yan köklər əmələ gətirir, möhkəmlənir və kollanırlar. Belə olan halda bitkilər qışın əlverişsiz şəraitinə davam gətirə bilir.
Muxtar respublika ərazisində səpin aran zonalar üçün oktyabrın 1-dən 30-dək, dağətəyi zonalar üçün sentyabrın 20-dən oktyabrın 25-dək aparılmalıdır. Havalar səpin üçün əlverişli keçdikdə noyabr ayında da səpin aparmaq mümkündür.
Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu bitkilərin toxumlarının sağlam və yüksək kondisiyalı olması əsas şərtlərdən biridir.
Toxumla yayılan, taxıl üçün qorxulu sayılan bir çox xəstəliklərin qarşısını almaq və ona qarşı mübarizə aparmaq məqsədilə səpiləcək toxum materialının dərmanlanması da mühüm əhəmiyyət daşıyır.
Taxılın səpin norması sələflərdən, torpağın münbitliyindən, səpin müddətindən və üsulundan, əkiləcək sortun bioloji xüsusiyyətlərindən, toxumun təmizliyindən, mütləq çəkisindən və digər amillərdən asılı olaraq dəyişə bilər. Səpiləcək toxumların cücərmə qabiliyyəti 95 faizə, təmizliyi 99 faizə, təsərrüfat yararlılığı 94 faizə və mütləq çəkisi 45 qrama bərabər olmaqla, 1-ci sinif toxumluq buğda ilə səpin aparılması məsləhətdir. Gecikmiş səpinlərdə səpin norması 10-15 faiz artırılmalıdır.
Səpin aşağı norma ilə aparılarsa, bitkilər seyrək olur, alaqların inkişafına əlverişli şərait yaranır. Ona görə də belə əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir-birini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, bitkilər seyrək və az dənli kiçik sünbüllər əmələ gətirir.
Bir hektara orta hesabla 200-250 kiloqram buğda, 180-200 kiloqram arpa toxumu səpilməsi məsləhətdir.
Səpin zamanı akademik Cəlal Əliyevin yetişdirdiyi “Bərəkətli-95”, “Qiymətli-2/17”, “Əzəmətli-95”, “Qobustan”, “Ruzi-84” və muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun gələn “Qılçıqsız-1”, “Dağ-daş”, “Qaraqılçıq”, “Quality”, “Ceyhan-99”, “Güvən-2” buğda sortlarından, arpa sortlarından isə “Naxçıvandəni”, “Qarabağ-7” sortlarından istifadə edilməsi məqsədəuyğundur.
Səpin zamanı toxumlar torpağa elə dərinliklə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər.
Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxum 5-6 santimetr dərinlikdə basdırılmalıdır. Əgər toxum dayaz basdırılarsa, kök sistemi torpaqla zəif əlaqədə olur və taxıllarda kök yatması baş verir. Bu ən böyük yatma hesab edilməklə gələcəkdə məhsul itkisinə səbəb olur. Ona görə də taxıl səpini zamanı “Naxçıvan Aqrolizinq” ASC-də olan müasir texnologiya ilə hazırlanmış Türkiyə istehsalı olan BM-24 və BM-28 markalı aqreqatlardan istifadə etmək olar. Səpin qurtaran kimi həmin sahəyə şırım və ya mora açılaraq suvarma aparılmalıdır. Taxıl bitkilərinin suvarılmasında əsas üsullardan biri şırımlarla suvarmadır. Bu üsul tətbiq edildikdə torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisi olmur, əl əməyindən az istifadə edilir, mora üsuluna nisbətən torpaq su ilə təmin olunduğundan quraqlığa qarşı davamlı olur. Taxıla torpaq suyundan başqa, 3-4 dəfə vegetasiya suyu verilməsi məsləhətdir.
Taxılçılıqda sonuncu və mühüm tədbirlərdən biri də taxılın vaxtında, itkisiz və qısa bir zamanda biçilib sahədən götürülməsidir. Sadalanan tədbirlərin qüsursuz yerinə yetirilməsi taxıl əkilən sahələrdən bol məhsul götürülməsinə şərait yaradar.
Yaşar QULİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı