İnsan həyatı hər zaman maddi nemətlər istehsalından asılı olub. Bu baxımdan xalqımızın iqtisadi istehsal tarixinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Yaşadığımız coğrafiyanın zəngin təbiətə, bərəkətli torpaqlara, çoxsaylı iqlim qurşağına, bol sulu ərazilərə malik olması yer üzündə sənətlərin ən qədimi olan əkinçiliyin bilavasitə inkişafına imkan verib.
Ölkəmizin bir çox regionları kimi, qədim Naxçıvan torpağı da bu zənginlikdən nəsibini alaraq tarixboyu özünün mütərəqqi əkinçilik ənənələrini yaradıb. Bunu arxeoloji qazıntılardan əldə edilmiş müxtəlif əmək alətlərinin hissələri, təsərrüfat küpləri və sair də təsdiq edir. Etnoqraf olmasam da, bunu əminliklə deyə bilərəm ki, dünyanın əkinçilik tarixində ilk, həm də mühüm yeri dənli bitkilərin istehsalı tutur. Buğda, arpa, darı, çəltik kimi bitkilərin əkini də əsrlərdən bəri naxçıvanlıların əsas məşğuliyyətlərindən olub. Qədim Nuh yurdunun bərəkətli torpaqları uzun illərdir ki, üzərində yaşadığı insanların ruzisini bu əkin növlərindən verib, çəkdikləri zəhmətin hesabına dolanışıqlarını təmin edib, beləliklə, özünün əkinçilik mədəniyyətinin formalaşmasına yardım edib. Əslində, əkinçilik çox müqəddəs sənətdir. Ona görə yox ki, bu sənətin tarixi qədimdir və ya əkinçilik böyük zəhmət tələb edir. Məsələ ondadır ki, əkinçilik yeganə sənətdir, bu sənət olmasa idi, cəmiyyətin bioloji varlığı sual altında olardı. Bəlkə də, buna görədir ki, Uca Yaradanın yer üzünə göndərdiyi peyğəmbərlərdən dərzi İdris Peyğəmbər istisna olmaqla, hamısı əkinçiliklə məşğul olub.
Mətləbdən uzaqlaşmadan deyək ki, Naxçıvanda da qədim dövrlərdən bəri müxtəlif dənli bitkilərin əkininə böyük yer verilib, buğda, arpa əkini ilə yanaşı, çəltik yetişdirilməsi də əkinçilərin diqqət göstərdiyi sahələrdən olub. Məlumat üçün deyək ki, çəltik bitkisi quruluşuna görə vələmirə və adi darıya oxşayır. Ancaq bioloji və fizioloji xüsusiyyətləri ilə bütün taxıl növlərindən fərqlənir. Kənd təsərrüfatı mütəxəssisi Əsgər Həsənov deyir ki, çəltik nəmliyə çox tələbkar olmasına baxmayaraq, su bitkisi hesab edilmir. Çünki su bitkilərinin kök sistemi zəif şaxələnir, çəltikdə isə köklər qüvvətli şaxələnərək çox sayda kök telləri əmələ gətirir. Çəltiyin kök sisteminin əsas kütləsi (70%-dən çoxu) torpağın 25-30 santimetr dərinliyində inkişaf edir, yalnız əhəmiyyətsiz bir hissəsi dərin qatlara (80-90 santimetr dərinliyə) işləyir. Bu bitkinin yarpaqları uzun, ensiz, adətən, tüklü və sort əlaməti olaraq yaşıl, çəhrayı, qırmızı, hətta qara rəngli olur. Bir hektar sahədən 40 sentnerə qədər məhsulvermə qabiliyyətinə malikdir.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, vaxtilə muxtar respublikanın əksər ərazilərində çəltik becərilib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində, ələlxüsus da Şərur rayonunun Çərçiboğan, Dərvişlər, Aralıq, Maxta, Dəmirçi, Babək rayonunun Qoşadizə, Kültəpə, Şəkərabad, Şıxmahmud, Uzunoba, Culfa rayonunun Bənəniyar, Saltaq, Kırna və Əbrəqunus kəndlərində 1800-cü ildən başlayaraq, darı ilə yanaşı, çəltiyin də əkini geniş ərazilərdə aparılıb. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, 1828-ci ildə Naxçıvan xanlığında çəltik məhsulu 10 min puda bərabər olub. Bununla bərabər, Kəngərli rayonunun Qarabağlar və Yurdçu kəndləri arasında, qədim Şahtaxtı kəndinin Araz çayına yaxın ərazilərində, Babək rayonunun Kültəpə və Məmmədrza Dizə, Qaraqala və Sirab kəndləri arasındakı ərazilərdə çəltik ləklərinin qalıqlarına bu gün də rast gəlinir. Apardığımız araşdırmalardan məlum olur ki, çəltik əkini XIX əsrdə, XX əsrin ortalarınadək muxtar respublikanın çox böyük ərazilərini əhatə edib. Məsələn, mənbələrdən aydın olur ki, Zaqafqaziya Mərkəzi Statistika İdarəsinin verdiyi məlumata görə, 1905-ci ildə Çar Rusiyasının İrəvan quberniyasının Naxçıvan qəzasında 140 ton çəltik istehsal olunub. Muxtar respublikamızın geniş əkin sahələrinə malik Şərur rayonunda olarkən öyrəndik ki, 1941-1945-ci illər müharibəsi dövründə rayonun əksər kəndlərində böyük ərazilərdə çəltik əkilib. Tumaslı, Vayxır, Püsyan, Vərməziyar, İbadulla, Alışar, Muğanlı, Qarahəsənli kəndlərinin ərazilərində hektarlarla çəltik sahələri olub. Çəltikçiliklə məşğul olan insanlardan bir neçəsi ilə görüşüb söhbət etdik. Vayxır kənd sakini, 88 yaşlı Zəhra Şıxəliyeva həmin günləri belə xatırlayır: “1941-1945-ci illər hər kəs üçün ağır dövrlər idi. Kolxoz-sovxozlara tapşırılmışdı ki, çəltik əkininə çox yer verilsin. Çünki düyü elə bir yeməkdir ki, yeri gələndə çörəyi də əvəz edir. Kənddə kişilərin çoxu cəbhəyə göndərilmişdi. Ona görə də çəltik əkənlərin çoxu qadınlar idi”. Çəltiyin necə əkilməsindən söhbət açan Zəhra nənə deyir ki, kəndin “Kirdələr”, “Söyüdbaşı” adlanan ərazilərində böyük çəltik sahələri vardı. Hətta çəltik sahələrinin bir ucu Vərməziyar, İbadulla kəndlərinə qədər gedib çıxırdı. Bu tərəfdən isə Püsyan kəndinin torpaqlarına qədər uzanırdı. Əkinə may ayında başlayırdıq. Suvarma suyu Arpaçaydan gəlirdi. O zamanlar çayın suyu da bol idi. Məhsulun yetişmə dövrünə qədər ayaqyalın suyun içərisinə düşüb çəltiyi alaq otlarından təmizləyirdik ki, şitillər yaxşı inkişaf etsin. Çəltiyin yetişməsinə 10-15 gün qalmış suyu kəsirdik. Görürdük ki, sünbüllərin çoxu saralıb, o zaman biçin dövrü başlayırdı. Biçin dövrü də zəhmətsiz ötüşmürdü, indiki kimi texnikalar yox idi, əllə biçirdik. Rəhmətlik Gülarə Əliyeva vardı, bizim manqa başçısı idi. Özü də bizimlə bərabər digərləri kimi məhsulun yetişdirilməsindən sonuna qədər yorulmadan çalışırdı. Deyirdi ki, biz yaxşı məhsul toplamasaq, cəbhədəkilər çətinlik çəkər. Sonra biçilmiş sünbüllərdən dərz bağlayırdıq və həmin dərzləri aparıb anbarda döyüb dəni ayırırdıq. Hazır dəni isə çuvallara doldurub kolxoza təhvil verirdik. İndiki kimi deyildi, bütün məhsulu dövlətə təhvil verirdik, bizə də cüzi bir pay verirdilər.
Diyadin kəndində yaşayan 86 yaşlı Zal Hüseynov da çəltiyin necə əkilib-biçildiyindən danışır. Deyir ki, tarlaların suvarılması və alaq otlarından təmizlənməsini nəzərə almasaq, əsas iş biçin dövrü, yəni sentyabr, oktyabr aylarında olurdu. Çünki zəmilər əllə biçildikdən sonra məhsul yerə sərilirdi ki, iki-üç gün tam qurusun. Sonra dərz bağlayırdıq, 5-6 gün sonra isə döyülmə prosesi başlayırdı. Müsahibimiz hansı çəltik növlərindən əkildiyini xatırlamasa da (ölkəmizdə 6-7 növ çəltik sortu rayonlaşdırılıb), hər hektardan 35-40 sentnerə yaxın məhsul yığdıqlarını bildirdi.
Yaşlı insanlarla söhbətlərdən o da aydın olur ki, həmin aclıq dövrlərində istehsal olunan çəltikdən cəbhəyə də göndərilib, tarixini dəqiq deyə bilməsələr də, bir zamanlar Dərələyəz, Göyçə, Zəngəzur mahallarında aclıqdan əziyyət çəkən insanlara da. Zəhra nənə onu da qeyd edir ki, rayonumuzun torpaqları çox bərəkətli torpaqlardır. Bir zamanlar çəltik əkilən sahələrdə sonralar pambıq əkməyə başladılar. Bir müddət sonra isə pambıq əkininə də son verildi, həmin sahələri taxıl əkini ilə əvəz etdilər. Hazırda həmin sahələrdə taxıl zəmiləri, çoxillik yem bitkiləri becərilir.
Bəli, tarixən çəltikçiliyin geniş inkişaf etdirildiyi muxtar respublikamızda formalaşmış əkinçilik mədəniyyəti Naxçıvanın milli mətbəx mədəniyyətinə də təsirsiz ötüşməyib. Naxçıvanda məşhur “Düyü sıyığı”, “Şiləaşı”, “Südaşı”, “Çəkmə” və yaxud “Çəkməcə” kimi xörəklər nənələrimiz tərəfindən o illərdən müasir günümüzə qədər gəlib çatan nemətlərdəndir. Doğrudur, bu gün muxtar respublikada çəltik əkini həyata keçirilməsə də, bu qiymətli bitki Naxçıvanın təsərrüfatçılıq ənənələrində yaşayır. Vaxtilə minlərlə insanın məşğuliyyət sahəsi olmuş, aclıq dövründə cəbhəyə sovqat kimi göndərilmiş bu məhsulun istehsalı hazırda ölkəmizin digər rayonlarında həyata keçirilsə də, çəltikçilik Naxçıvanın etnoqrafik və əkinçilik tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Biz isə “Kənd təsərrüfatı ili”ndə bu tarixin səhifələrinə ötəri nəzər salmağa çalışdıq.
Səbuhi Həsənov