23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial-rifah halı yüksəlib. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar yüksək texniki göstəricilərə malik rahat avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı şirkətlər isə yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən də muxtar respublikada xaricdə istehsal olunmuş müxtəlif markalı minik və yük avtomobillərinin, maşın-mexanizmlərin sayı xeyli artıb.

Həmin texnikalara keyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “KİA”, “Opel”, “Mercedes-Benz”, “Mazda”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb. Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətləri göstərilir.
Yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi istifadəyə verilib. Kompüterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.
Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün havalandırma və istilik sistemi ilə təmin olunan, kompüterlə idarə edilən xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb laboratoriyada analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.
Müəssisədə bütün markalardan olan yük və minik avtomobillərinin mühərriklərinin yenilənməsi üçün xidmət sahəsi tikilib istifadəyə verilib. Burada Türkiyə Respublikasının “Sarıtaş” firmasının istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən 20-yə yaxın müasir texnoloji avadanlıq quraşdırılıb. Müəssisəyə daxil olan mühərriklərin test yoxlanışından keçirilərək nasazlığı müəyyən edilir. Sonra isə mühərrikdə yaranmış problemin aradan qaldırılması üçün təyinatı üzrə ayrı-ayrı dəzgahlarda onun yenilənməsi prosesi həyata keçirilir.
2012-ci ilin sentyabr ayında Naxçıvan şəhərində Yük Avtomobil Park Kompleksi istifadəyə verilib. Naxçıvan dairəvi avtomobil yolunun kənarında inşa olunan, 3 min kvadratmetrdən çox geniş bir ərazini əhatə edən bu kompleksdə eyni vaxtda 120-dən çox yük avtomobilinə xidmət göstərilməsi üçün yüksək şərait yaradılıb. Yerli və beynəlxalq yük daşınması ilə məşğul olan sürücülərin, eləcə də kompleksin xidmətlərindən istifadə edən qonaqların rahatlığı üçün burada inşa olunmuş 2 korpuslu binanın ikinci mərtəbəsində moteltipli yataq otaqları istifadəyə verilib. Binanın birinci mərtəbəsində isə iaşə xidməti göstərilir.
Onu da qeyd edək ki, yeni texnoloji avadanlıqlarla təmin olunmuş “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda avtomobil nəqliyyatında yük daşınmasını müasir tələblərə uyğun quran və keyfiyyətli servis xidmətləri göstərən yeganə müəssisədir. Yerli və beynəlxalq yük daşınması ilə məşğul olan və yuxarıda adıçəkilən müəssisənin xidmətlərindən istifadə edən sürücülərdən Nadir Mənsimov, Qadir Bədəlov, Sabir Nəcəfov, Cabir Səfərov və başqaları qeyd etdilər ki, min kilometrlərlə məsafə qət edib ayrı-ayrı şirkətlərin mal-materiallarının daşınması ilə məşğul oluruq. Əvvəllər avtomobilləri yol kənarlarında saxlayıb elə maşının kabinəsində istirahət edir, yük maşınlarında yaranan hər hansı nasazlığı aradan qaldırmaq üçün Bakı şəhərində fəaliyyət göstərən servis xidmətlərindən mütəxəssis çağırmaq məcburiyyətində qalırdıq. Bu da əlavə xərcə, vaxt itkisinə, sifarişçi şirkətlərin mal-materiallarının vaxtında çatdırılmamasına səbəb olur, tərəflər arasında problemlər yaradırdı. Həmçinin Türkiyə-İran və əks istiqamətdə hərəkət edən ağırtonnajlı yük avtomobilləri Naxçıvan şəhərinin mərkəzindən keçdiyindən yollarda tıxaclar yaranırdı. Amma son illər tikilib istifadəyə verilən Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral avtomobil yolları və bu yolları birləşdirən Naxçıvan dairəvi avtomobil yolu yük və sərnişindaşıma xidmətinin yüksək səviyyədə qurulmasına və şəhərin mərkəzindən keçmədən yük daşınmasına əlverişli şərait yaradıb. Həmçinin Naxçıvan dairəvi avtomobil yolunun kənarında tikilib istifadəyə verilən “Gəmiqaya Nəqliyyat” MMC-nin müasir texnoloji avadanlıqlarla təmin olunmuş texniki xidmət sahələri əvvəllər üzləşdiyimiz problemləri aradan qaldırıb. Yük və minik avtomobillərində yaranmış texniki nasazlıqlar kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş ayrı-ayrı avadanlıqlarda yoxlanılır, nasazlıq və onu doğuran səbəblər müəyyənləşdirilir, təyinatı üzrə ayrı-ayrı bölmələrdə təmir edilir və yenilənən ehtiyat hissələrinə zəmanət verilir ki, bu da əsas şərtdir.
Həmsöhbət olduğum və bu müəssisənin xidmətlərindən istifadə edən hər kəs göstərilən xidmətdən razılığını bildirdi, yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR