Avqustun 11-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətini öyrənirik” mövzusunda kursa başlanılıb.
Beş gün davam edəcək kursda sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq tədris proqramlarının keçirilməsi, həmçinin məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Dünən keçirilən kursda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Sahibkarlığın mahiyyəti, sahibkarlıq fəaliyyəti” mövzusunda çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış şəraitdən söhbət açıb, bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs edib. Bildirilib ki, hazırda sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait yaradılıb. Özəl sektorun inkişafı üçün hərtərəfli dövlət dəstəyinin göstərilməsi nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. Mircavid Tağızadə bu sahədə əldə olunmuş uğurların həm də məşğulluq məsələlərinin həll olunmasında mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq olunub.
Proqramın icrasına uyğun olaraq, “Sahibkarlıq fəaliyyətini öyrənirik” mövzusunda təşkil olunmuş kursda əsas məqsəd muxtar respublikada sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq tədris proqramı üzrə seminarların keçirilməsindən və məsləhət xidmətlərinin göstərilməsindən ibarətdir.
Qeyd edək ki, 5 gün davam edəcək kursda “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün layihələrin hazırlanması, kreditlərin verilməsi və digər dövlət dəstəyi”, “Sahibkarlar və dövlət nəzarət orqanlarının qarşılıqlı fəaliyyəti”, “Sahibkarlıq fəaliyyətində vergi və digər ödənişlər haqqında” və “Sahibkarlıq fəaliyyətində ixtisaslı kadrların xüsusiyyəti, menecment və marketinqin rolu” mövzularında seminarlar keçiriləcək.
Xəbərlər şöbəsi