23 Dekabr 2024, Bazar ertəsi

Müəyyən olunmuş iqtisadi inkişaf strategiyasının uğurlu davamının məntiqi nəticəsidir ki, ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da irimiqyaslı layihələr reallaşdırılır, genişmiqyaslı qurucu­luq tədbirləri həyata keçirilir.
Keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə tikinti sektorunda bir ay ərzində istifadə olunan beton qarışığı müasir dövrümüzdə bir gün ərzində inşaat işlərinə sərf olunmaqdadır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir. İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılmasında beton qarışığı istehsal edən müəssisələr mühüm rol oynayır. Odur ki, muxtar respublikada beton qarışığı istehsal edən müəssisələrin yaradılması da diqqət mərkəzində saxlanılır.
Daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən müəssisələrdən biri də 2005-ci ildən fəaliyyətə başlayan “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazırlanırdı. Həmçinin quruculuq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılıb. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlayıb.

Müəssisədə yeni layihə həyata keçirilib, beton boru istehsalı sahəsi yaradılıb. 2012-ci ilin avqust ayından fəaliyyətə başlayan sexdə müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü saatda 10 ədəd beton boru və beton daban olan müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, keyfiyyətli məhsul istehsalına nail olunub. Yeni istehsal sahəsində divarının qalınlığı 8, hündürlüyü 60 santimetr, diametri 600-800-1000 millimetr olan beton borular istehsal edilir. Bu istehsal sahəsinin yaradılması tikinti obyektlərində, o cümlədən muxtar respublikamızda su-kanalizasiya sistemlərinin yenilənməsi ilə əlaqədar keyfiyyətli beton borulara olan tələbatı ödəməklə yanaşı, yeni iş yerlərinin açılmasına da əlverişli şərait yaradıb, 12 nəfər daimi işlə təmin olunub.
Bu istiqamətdə işlər uğurla davam etdirilib, “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət göstərən Beton Zavodunun istehsal gücünün artırılması məqsədilə yeni layihə həyata keçirilib. Türkiyə Respublikasından istehsal gücü saatda 100 kubmetr olan müasir texnoloji avandanlıqlar alınıb gətirilərək quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə əvvəlcə beton istehsalı üçün keyfiyyətli qum tədarük edilir. Qum-çınqıl karxanasında bir saat ərzində 50 kubmetr qum yuyularaq ələnir və çınqıl 3 növə ayrılır. Sonrakı mərhələdə isə yuyulmuş qum Beton Zavoduna daşınır. Buradakı texnoloji proseslərə kompüter vasitəsilə nəzarət olunur. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi kompüterlə müəyyənləşdirilir. Eyni zamanda istehsal prosesinə laboratoriyada qurulmuş kompüterlə nəzarət təmin olunub ki, burada da betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da, son nəticədə, keyfiyyətli beton istehsal edilməsinə, istehsal prosesinin müasir tələblərə uyğun qurulmasına, müəssisənin daha rentabelli işləməsinə əlverişli şərait yaradır. Beton məmulatları istehsalı sexində istehsal gücü saatda 35 kvadratmetr kilid daş olan avadanlıqlar quraşdırılıb. Hazırda 2 istehsal xəttinin fəaliyyət göstərdiyi sexdə müxtəlif beton məmulatları – kilid daş, dekorativ kərpic, yağış kanalı, bordür istehsal olunur.
Müəssisə istehsal etdiyi məhsulları ilə həm muxtar respublika əhalisini, həm də bütün tikinti obyektlərini təmin edə bilir. Onu da qeyd edək ki, yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə məqsədilə daha bir nəhəng layihə reallaşdırılıb, 2012-ci ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılıb. Yüksək keyfiyyət göstəriciləri ilə seçilən və “Naxçıvan sement” əmtəə nişanı ilə satışa çıxarılan yerli inşaat materialı obyektlərin, ayrı-ayrı beton zavodlarının vaxtında və keyfiyyətli sementlə təmin olunmasına şərait yaradıb. Eyni zamanda istehsal olunan beton və beton məmulatlarının vaxtında və keyfiyyətlə sifarişçilərin ünvanlarına çatdırılması diqqət mərkəzində saxlanılıb, müəssisə kifayət qədər texnikalarla təmin edilib. Yəni istər xammalın müəssisəyə daşınması, istərsə də hazır məhsulun tikinti obyektlərinə çatdırılmasına hər cür şərait yaradılıb.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR