23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir.
Ümumiyyətlə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını, əsasən, öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunub. Şübhəsiz, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas amillərindəndir. Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi diqqət yetirilir və bu sahədə mühüm nailiyyətlər qazanılmışdır.

Əldə olunmuş nailiyyətlərin əsas amillərindən biri muxtar respublikada sahibkarlığın inkişafına geniş meydan verilməsi, bu sahəyə dövlət yardımının ilbəil artırılması, sahibkarların təcrübəsinin daha da zənginləşdirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılmasıdır. Regionda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunmuş müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır.
Dövlət proqramı kənd təsərrüfatı məhsulları istehsalının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin edilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına, sahibkarlığın inkişafına stimul vermişdir.
Muxtar respublikada ərzağa olan tələbatın, əsasən, yerli istehsal hesabına ödənilməsi üçün istehsal sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir və bu proses davam edir.
Aparılan məqsədyönlü siyasət aqrar sektorun inkişafına, nəticə etibarilə, istehsalın artmasına, məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. 2015-ci ilin 6 ayı ərzində muxtar respublikada 110 milyon 870 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Muxtar respublikada kənd təsərrüfatının aparıcı sahələrindən biri əkinçilikdir. Regionun torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, eləcə də iqlim və coğrafi şərait əkinçilikdə uğurlar qazanılmasını təmin etmişdir. Elə bu səbəbdəndir ki, 2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 2014-cü ilin məhsulu üçün əkilmiş sahədən 585 hektar çoxdur.
Strateji ərzaq məhsulu olan taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşılması nəticəsində taxıl istehsalı artan templə inkişaf etdirilir. Tələbatın daxili imkanlar hesabına ödənilməsi əsas tutularaq taxıl əkini sahələri ilbəil genişləndirilir. 2015-ci ilin məhsulu üçün 36237 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491 hektarında isə arpa əkilmişdir. Muxtar respublikada taxılçılığın inkişafı, istehsalın artırılması bu məhsulların saxlanılması üçün anbarların qurulmasını zərurətə çevirmişdir. Hazır­da muxtar respublikada uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tоna, qısаmüddətli tахıl anbarlarının tutumu 43 min 380 tоna, tахıl еmаlı müəssisələrinin sayı 17-yə çatdırılmışdır.
Muxtar respublikada taxılçılıqla yanaşı, kartofçuluğun inkişafına da ciddi diqqət yetirilir. Son illərə qədər regionda bu məhsula olan tələbat, əsasən, idxal hesabına ödənilirdi. İkinci çörək sayılan kartofa olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə görülən işlər bu cəhətdən diqqəti cəlb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nda torpaqlardan səmərəli istifadə olunması, investisiyaların cəlb edilməsi, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin görülməsi məsələləri qarşıya qoyulmuşdur. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişləndirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın azaldılması, tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək məqsədilə muxtar respublikada əlverişli torpaq sahələri ayrılmışdır. 2015-ci ildə 2967 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2014-cü ildə əkilmiş sahədən 5 hektar çoxdur.
Bu rəqəmlər onu göstərir ki, aqrar sektorda məhsul istehsalı artdıqca idxal azalır. Bu sektorda həyata keçirilən siyasətin başlıca məqsədi də budur – idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaqla ərzaq təhlükəsizliyini təmin etmək.
Aqrar sektorun inkişafında mühüm vəzifələrdən biri soyuducu anbarların yaradılmasıdır. Muxtar respublikada soyuducu anbarların işə salınması yerli meyvə-tərəvəzlərin ilboyu bazarlara çıxarılmasına imkan verir. Soyuducu anbar normal temperaturda pozulmağa meyilli olan qidaların aşağı temperaturda mühafizə edilməsinə imkan verən infrastrukturdur. Əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, mәhsulların tәdarükü, saxlanması vә satışı infrastrukturunun yaradılması məqsədilə yerli investisiyalar əsasında soyuducu anbarların sayı 20-yə, ümumi tutumu 12 min 250 tona çatdırılmışdır.
Qeyd edək ki, artıq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbar komplekslərində meyvə və tərəvəzin qəbuluna başlanılmışdır. 1 iyul 2015-ci il tarixdən ötən dövr ərzində muхtar respublika ərazisində fəaliyyət göstərən soyuducu anbarlara 500 tоna yaxın məhsul tədarük оlunmuşdur.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında başlıca rol oynayan kənd təsərrüfatında 10 yeni və 1 icrası davam etdirilən olmaqla, cəmi 11 layihənin maliyyələşdirilməsinə 1.109.100 manat yönəldilmişdir.
Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün kənd təsərrüfatının vacib sahəsi olan heyvandar­lığa xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsulları istehsalında artıma nail olunmuşdur. 2015-ci ilin altı ayı ərzində heyvandarlığın inkişafına Sahibkarlığa Kömək Fondu tərəfindən 456,1 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. “Müseyib” kəndli fermer təsərrüfatında 50 baş iribuynuzlu və 400 baş xırdabuynuzlu olan ikinci bölmənin yaradılması, “Arbatan Şirkəti” MMC tərəfindən təsərrüfatın fəaliyyətinin genişləndirilməsi məqsədilə ümumi sahəsi 550 kv.m olan tövlənin tikintisi, “Havuş” MMC tərəfindən 1000 baş keçiçilik təsərrüfatının, fiziki şəxs Hüseyn Əliyev tərəfindən 25 baş iribuynuzlu və 100 baş xırdabuynuzlu heyvanın alınması, fiziki şəxs Azər Şahverdiyev tərəfindən 30 baş iribuynuzlu heyvandarlıq təsərrüfatının, fiziki şəxs Mahmud İbrahimov tərəfindən 600 baş xırdabuynuzlu heyvandarlıq təsərrüfatının ikinci bölməsinin, fiziki şəxs Təbriz Kazımov tərəfindən 200 baş xırdabuynuzlu heyvandarlıq təsərrüfatının ikinci bölməsinin, fiziki şəxs Muxtar İsmayılov tərəfindən 7 baş iribuynuzlu heyvandar­lıq təsərrüfatının yaradılması davam etdirilir.
Maldarlıqla yanaşı, quşçuluğun inkişaf etdirilməsi də diqqətdən kənarda qalmamışdır. Daxili bazarda quş ətinə və yumurtaya olan tələbatı yerli istehsal hesabına ödəmək üçün 2000-ci ildən 2015-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 7.025.500 manat kredit verilmişdir. Şərur rayonundakı Mahmudkənddə fiziki şəxs Vəli Qasımov tərəfindən istehsal gücü ildə 1500 baş olan fərdi quşçuluq təsərrüfatının və Culfa rayonunun Kırna kəndində “Kırna” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal gücü 1 saatda 4500 ədəd quş kəsimi sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Regionlar üzrә yerli resurslar və iqlim şәraiti nəzərə alınmaqla təbii sərvətlərdən səmərəli istifadə edilməsi, kəndlərdə dayanıqlı istehsal sahələrinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə muxtar respublikanın rayon və kənd­lərində 672 emal sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılmışdır.
Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının məhsullarının özləri tərəfindən satışa çıxarılması və əhalinin daha ucuz qiymətlərlə kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə Naxçıvan şəhərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının keçirilməsi davam etdirilir.
Meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsinə, qablaşdırılmasına, saxlanmasına, istehsalına və ixracına stimul yaradan digər tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırmışdır. Aqrar sektora göstərilən diqqət onun muxtar respublika iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və
Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR