“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın uğurlu icrası muxtar respublika paytaxtında və ona bağlı qəsəbə və kəndlərdə infrastruktur təminatını daha da yaxşılaşdırır, yeni binalar inşa edilir, mövcud binalar əsaslı təmir olunur, yollar ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Adıçəkilən proqram çərçivəsində həyata keçirilən tədbirlər ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır və hər kəs həyata keçirilən quruculuq, abadlıq işlərinə, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına öz töhfəsini verməyə çalışır.
Proqramın icrası istiqamətində görülən işlərin bir hissəsini də abadlıq tədbirləri təşkil edir. Belə ki, hazırda Naxçıvan şəhərinin bir neçə ünvanında abadlıq işləri öz miqyası və əhatəliliyi ilə diqqəti çəkir. Hazırda şəhərin Zərifə Əliyeva küçəsində genişmiqyaslı abadlıq işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən abadlıq tədbirlərinə 80 işçi və çox sayda texnika cəlb edilib. İş icraçısı Əhməd Abdullayevlə söhbətimiz zamanı bildirdi ki, küçəni əhatə edən yollara asfalt örtüyün salınması üçün hazırlıq işləri görülür. Hazırda küçədə evlərin və həyətlərin hasarlarının travertin üzlük lövhələrlə üzlənməsi, qapıların dəyişdirilməsi, yenidən qurulan hasarların milli ornamentlərlə bəzədilməsi işləri gedir. İş icraçısı onu da bildirdi ki, həyata keçirilən tədbirlər bunlarla məhdudlaşmayacaq. Görkəmli akademikin adını daşıyan küçədə kommunikasiya xətləri dəyişdiriləcək və yer altına salınacaq, küçədə müasir işıqlandırma sistemi qurulacaq, yol kənarlarında piyadaların rahat gediş-gəlişi üçün səkilər salınacaq, kilid daşlar düzüləcək. Beləcə, Zərifə Əliyeva küçəsi şəhərimizin ən gözəl ünvanlarından birinə çevriləcək.
Görülən işlər barədə iş icraçısı ilə söhbət zamanı bu küçənin sakinlərindən Azər Məmmədov da ürək sözlərini bizimlə bölüşmək istədi. O qeyd etdi ki, küçə Naxçıvan şəhərinin kənarında yerləşdiyindən sovetlər dövründə diqqətdən kənarda qalıb və bu ünvana bir o qədər də diqqət yetirilməyib. Ancaq son illərdə yaşadığı məhəllənin problemləri mərhələ-mərhələ öz həllini tapıb. Bu küçə şəhəri elektrik enerjisi ilə təmin edən əsas enerji qovşağının yanında yerləşsə də, əvvəllər elektrik enerjisi sarıdan məhəllə sakinləri çox əziyyət çəkiblər. Su, mavi yanacaqla təminat da o qədər yaxşı olmayıb. Ancaq indi bu çətinliklər arxada qalıb və məhəllədə görülən işlər keyfiyyətcə yeni mərhələyə adlayıb. Bu, onu bir sakin kimi çox sevindirir və sakinlərin rahat yaşaması üçün görülən bu işlərə görə dövlətimizə minnətdardır.
Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə proqramın icrasında qazanılan nailiyyətlərdən biri də vaxtilə şəhərin ən baxımsız yerlərindən olan İslam Səfərli küçəsinin müasir görünüşə qovuşmasıdır. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən abad küçə ünvanına qovuşan bu məkan buraya yolu düşənləri səliqə-sahmanı, möhtəşəm və nəfis tərtibatlı hasar və səkiləri, qapıları, pilləkənləri ilə heyrətə gətirir. Bu küçənin sakinlərindən 75 yaşlı Arif Heydərov görülən bu işləri dövlətimizin öz vətəndaşlarının rahat yaşamasına verdiyi önəmin təcəssümü kimi qiymətləndirir və deyir ki, blokadada olan bir diyarın paytaxtında yamyaşıl parkların və xiyabanların, rahat yolların, işıqlı, geniş küçələrin, bir-birindən yaraşıqlı binaların olması qürurverici olduğu qədər də inanılmazdır. Həqiqətən də, şəhərə gələn bir qonaqla söhbət edəndə bir çoxlarının Naxçıvanın blokadada olmasına inanası gəlmir. Ancaq mən hər dəfə deyirəm ki, bəli, Naxçıvan coğrafi cəhətdən blokadadadır, ancaq insanların arzularını, istəklərini, yurd sevgisini, yaşamaq, qurub-yaratmaq əzmini heç kim mühasirəyə sala bilməz. Şəhərimizdə gördüyünüz bütün bu gözəl mənzərələr məhz bu arzu və istəyin, əzmkarlığın nəticəsidir. Bu şəhərdə yaşamağa dəyər.
Naxçıvan Muxtar Respublikası çiçəklənir, inkişaf edir. Naxçıvan şəhərinin bir neçə ünvanının timsalında təqdim olunan inkişaf, tərəqqi bu fikri söyləməyə əsas verir. Onu da deməyə əsas verir ki, muxtar respublikanın iqtisadi imkanları genişləndikcə bu, hər bir şəhərin, qəsəbənin, kəndin, həmçinin insanların gündəlik həyatında özünü büruzə verir. Uğurlu nəticələr, eyni zamanda qarşıya qoyulan hədəflər yeni proqramların qəbulunu zərurətə çevirir. Qəbul olunan 2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə proqramın uğurlu icrasında da əsas məqsəd Naxçıvan şəhərinin hərtərəfli inkişafını sürətləndirmək, əhalinin sosial müdafiəsini yüksək səviyyədə təmin etməkdən ibarətdir.
Səbuhi HÜSEYNOV