Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyevdən aldığımız məlumata görə, 2015-ci ilin 7 ayı ərzində nazirlik tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması diqqətdə saxlanılıb. Bu dövrdə nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 92 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət tədbirləri gücləndirilib, 20 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 26 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Rəşad Əliyev onu da bildirdi ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində 1 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 13 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 17 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə razılıq (lisenziya) olmadan məşğul olmaları, 8 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
“Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 7 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmin şəxslərin fəaliyyəti qanunsuz olaraq şəxsi nəqliyyat vasitəsindən istifadə etməklə sərnişindaşıma xidməti göstərməsi olub”, – deyən Rəşad Əliyev onu da vurğuladı ki, aparılan operativ nəzarət işləri zamanı tərtib edilmiş 11070 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin bugünkü tarixə tamamilə büdcəyə ödənilməsi təmin edilib.
2015-ci ilin qeyd olunan dövrlərində vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 10 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidə zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 30078,1 manat dövriyyə artımına nail olunub. Bu da bir vergi ödəyicisinə bir obyekt üzrə orta hesabla ay ərzində 60,2 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
Qeyd olunan dövr ərzində Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırılması mütəmadi olaraq davam etdirilib.
Xəbərlər şöbəsi