Kənd təsərrüfatının inkişaf etdirilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı etibarlı ərzaq təminatının yaradılmasında mühüm şərtdir. Bu sahənin normal fəaliyyətinin təmin olunması isə bir sıra amillərdən asılıdır. Ona görə də bu sahədə strateji məqsədlərə çatmaq üçün həyata keçirilən tədbirlər arasında bitkiçilik və heyvandarlıq məhsullarının sığortasına diqqət də mühüm əhəmiyyət kəsb edir. Çünki kənd təsərrüfatı gözlənilməz hadisələrə qarşı çox həssasdır.
Aqrar sahədə istehsal prosesinə və eləcə də ərsəyə gətirilmiş hazır məhsula bir sıra gözlənilməz hadisələr zərər vura bilər. Bunlar təbiətin doğurduğu fəlakətlər və texnogen mənşəli bəzi hadisələrdir. Hazırda ölkəmizdə mövcud olan kənd təsərrüfatı məhsullarının sığortası qaydalarına əsasən, yanğın, dolu, sel, daşqın, şaxtavurma kimi hadisələrə qarşı sığortalanmış kənd təsərrüfatı məhsulları sığorta hadisəsi baş verdiyi zaman sığorta orqanları tərəfindən dəymiş maddi zərərin ödənilməsi həyata keçirilir. Bu məsələlərin həllində dövlətin marağı isə, ümumilikdə, kənd təsərrüfatının inkişafının stimullaşdırılması istiqamətində yürüdülən siyasətin bir hissəsidir. Dövlət bu sahəyə xüsusi diqqət göstərərək baş verən gözlənilməz hadisələrdən kənd təsərrüfatı məhsullarına dəymiş maddi itkilərin əvəzinin fermer və torpaq mülkiyyətçilərinə vaxtında ödənilməsinə çalışır.
Aqrar sahədə davamlı istehsala nail olmaq üçün istehsalçıların bu mühüm dəstəyə çox ehtiyacı vardır. Bu baxımdan 21 iyul 2015-ci il tarixdə keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baş Sığorta Agentliyinə kənd təsərrüfatında sığorta işinin təşkilinə diqqətin artırılması, istehsalçıları mümkün sığorta hadisələri barədə maarifləndirməsı tapşırığını verərək bu sahənin diqqət mərkəzində olduğunu bir daha vurğulamışdır.
Kənd təsərrüfatında sığorta nə üçün belə vacibdir? Qeyd etdiyimiz kimi, ölkədə ərzaq təhlükəsizliyinə nail olunması üçün kənd təsərrüfatının dayanıqlı fəaliyyət göstərməsi lazımdır. Adıçəkilən sahədə sığortanın stimullaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununda qeyd olunduğu kimi burada məqsəd kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətlərdən sığorta olunmasında dövlətin iştirakını təmin etməklə, aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaq və sığortalılara sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdən ibarətdir. Göründüyü kimi, bu sahədə təşkil olunmuş sığorta işi kənd təsərrüfatı məhsulu istehsalçılarının iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Burada qarşıya qoyulan vəzifə isə ilk olaraq, bitkiçilik və heyvandarlıq məhsulları istehsalçılarının təbii fəlakətlər zamanı dəyə biləcək maddi zərərlərdən onlara təminat verməkdir.
İlk olaraq, bitkiçilik məhsulları istehsalındakı sığortaya baxsaq, mövcud qanunlara görə istixanalar və onlarda yetişdirilən gül-bəzək, tingliklər, şitilliklər və çoxillik otların məhsulları istisna olunmaqla kənd təsərrüfatı məhsulları istehsalçılarına məxsus olan bütün bitkilər və çoxillik əkmələrin məhsulları sığortaya cəlb olunur. Yuxarıda qeyd olunduğu kimi, əgər yetişdirilmiş məhsul yanğın, dolu, sel, daşqın və şaxtavurma kimi gözlənilməz hadisələrdən tam məhv olduqda və ya bir hissəsi məhv olduqda bir hektarın əkin sahəsi məhsulunun dəyəri nəzərə alınmaqla məhsulun sığortalanma faizi miqdarında sığorta ödənişi verilir.
Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara əsasən, ölkəmizdə buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olunmaqla) sahələrinin məhsulları yanğın, dolu, sel, daşqın, şaxtavurma kimi hadisələrdən sığortalanır. Bu zaman bağlanılan sığorta müqavilələrində hesablanmış sığortahaqlarının 50 faizi dövət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş kənd təsərrüfatı sığortası üzrə sığorta tarifi 5 faiz həcmində müəyyən olunur. Bu zaman kənd təsərrüfatı məhsulunun sığorta məbləği isə sığorta müqavilələrinin bağlandığı ildən əvvəlki dövrün orta məhsuldarlığı nəzərə alınmaqla rayonun orta göstəricisi əsasında müəyyən edilir.
Kənd təsərrüfatı heyvanları üzrə isə yaşı 6 aylıqdan yuxarı iribuynuzlu mal-qara, qoyun və keçilər, habelə bir yaşdan yuxarı yük heyvanları, 3 aylıqdan yuxarı ev quşları və bir yaşdan yuxarı arı ailələri sığortaya cəlb olunur. Bundan başqa, broyler təsərrüfatlarında yetişdirilən quşlar da bu sığortaya cəlb edilir. Sığorta etdirilmiş kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklərdən, gözlənilməz hadisələrdən tələf olduqda onların sahibinə sığorta ödənişləri verilir. Heyvanların sığortası üzrə müqavilələr, göstərilən yaşa çatmış həmin növdən olan bütün heyvanların balans dəyəri, yaxud bazar qiymətinin 50 faizindən az olmamaqla, 80 faizədək məbləğdə bağlanılır.
Kənd təsərrüfatı məhsulunun və əmlakın sığortası könüllülük prinsipləri əsasında həyata keçirilir. Bu zaman sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. Burada sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir. Bundan əlavə, kənd təsərrüfatı ilə məşğul olan sahibkar fermerlər və torpaq mülkiyyətçiləri hazır məhsulunun və mülkiyyətinin sığortalanması zamanı sığortahaqqı və sığorta ödənişlərinin müddəti və həcmi, habelə sığorta müqavilələrinin bağlanılma qaydaları və sığortaçı ilə sığortalının hüquq və vəzifələri haqda sığorta agentlərindən dəqiq məlumat əldə edə bilərlər. Məsələn, əmlakını ardıcıl olaraq üç və daha artıq illər ərzində tam dəyərində sığorta etdirmiş, lakin sığorta ödənişi almamış sığortalılara hesablanmış sığorta haqqından 3 il müddətinə 10 faiz, 4 il müddətinə 20 faiz, 5 il və daha artıq müddətə 30 faiz güzəştlər verilir.
Göründüyü kimi, kənd təsərrüfatının sığortası fermerlər və torpaq mülkiyyətçilərinə geniş imkanlar vəd edir. Bu, kənd təsərrüfatının inkişafına və eyni zamanda aqrar biznesin uğuruna təminat verir.
Əli CABBAROV