Böyükdüz istixana kompleksində yeni layihə həyata keçirilir
Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rola malikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda da özəl sektorun inkişafı əsas yer tutur. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. “Naxçıvan bağları” istixana kompleksinin fəaliyyətə başlaması həyata keçirilən tədbirlərin davamıdır.
Sahibkar Elçin Bağırov söhbətində qeyd etdi ki, bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilmiş və fonddan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunmuşdur ki, bunun 600 min manatı daxili imkanlar hesabına ödənilmişdir.
İstixana kompleksində Zirə, Tovuz sortu olan pomidor yetişdirilmiş və sifarişə uyğun, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılmışdır. Bu, muxtar respublikamızda həmin məhsula olan tələbatın az bir hissəsini ödəyir. Artan tələbatın ödənilməsi və istixana kompleksinin fəaliyyətinin genişləndirilməsi məqsədilə 2014-cü ilin yanvar ayında daha bir biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Ümumi dəyəri 3 milyon 150 min manat qiymətləndirilən layihənin reallaşması üçün 2 milyon 500 min manat dövlət maliyyə dəstəyi göstərilməsi, qalan 650 min manatın isə sahibkarın daxili imkanları hesabına ödənilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin fevral ayında Sahibkarlığa Kömək Fondundan 2 milyon manat güzəştli kredit verilmiş və layihənin icrasına başlanılmışdır. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 min 620 kvadratmetr torpaq sahəsi ayrılmış, əraziyə “Qarabağlar” kəhrizindən 17 kilometr, Böyükdüz kəndi ərazisində yerləşən arteziandan isə 1,5 kilometr məsafədə plastik borularla su xətləri çəkilmiş, torpaq işləri görülmüş, transformator yarımstansiyası qoyulmuşdur.
Kompleksin daxilindəki ayrı-ayrı bölmələrdə ümumi uzunluğu 26 min 600 metr olan 80 santimetrdən 1 metrədək dərinlikdə drenaj xətləri çəkilmiş, xüsusi örtükləri olan süzgəcli borular salınıb mərkəzi xəttə birləşdirilmişdir. Bu da yay mövsümündə suvarma zamanı torpağın tərkibində olan artıq suyun axıdılmasına, şoranlaşmanın qarşısının alınmasına, qış mövsümündə isə xüsusi pompalarla drenaj xəttinə vurulan isti hava ilə şitillərin vegetasiya dövrünün normal keçməsinə imkan verir. İstixana kompleksində avtomatik rejimdə işləyən iqlim-nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları quraşdırılmışdır. Türkiyənin “Alarko” şirkətindən alınmış 6 ədəd sobanın 3-ü təbii qazla, 3-ü isə həm təbii qaz, həm də dizel yanacağı ilə işləyir ki, bu da müəssisəni fasiləsiz istiliklə təmin edir. İstixana kompleksinin gündəlik tələbatı nəzərə alınaraq hər birinin tutumu 225 ton olan 4 yerüstü qapalı hovuz quraşdırılmışdır. Bu, su xəttində hər hansı bir nasazlıq yaranarkən fasiləsiz su ilə təminatda mühüm rol oynayır. Burada su təchizatı mərkəzi idarəetmə sistemi ilə təmin olunmuş avadanlıqlar vasitəsilə aparılır. Sutəmizləyici qurğudan keçdikdən sonra torpağın tərkibi haqqında laborator analizin cavablarına uyğun ayrı-ayrı çənlərdə hazırlanmış gübrələr suya əlavə olunmaqla istixanaya ötürülür və suvarma damcı üsulu ilə həyata keçirilir.
İstixana kompleksində toxumcücərtmə, şitilyetişdirmə, pomidor, xiyar, çiyələk, dibçək gül toxumları yetişdirilən ayrı-ayrı bölmələr və turşubağlama sahəsi yaradılmışdır. İllik istehsal gücü 1,2-1,5 milyon ədəd olan şitilyetişdirmə bölməsində istehsal olunan şitilin 250 min ədədi kompleksin daxili tələbatını ödəyir, qalan hissəsi isə muxtar respublikamızda fəaliyyət göstərən digər istixana komplekslərinə və fərdi torpaq mülkiyyətçilərinə satılır. Toxumcücərtmə bölməsində tələbata uyğun olaraq, xüsusi qəliblərdə müxtəlif sort toxumlar cücərdilir. Çiyələkyetişdirmə bölməsində su kanalı ilə təchiz olunmuş novdanlarla üçmərtəbəli əkin sistemi quraşdırılmış, torpağa üzvi gübrə və torf qarışığı tökülərək əkin aparılmışdır. Turşubağlama sahəsində isə məhsuldarlıq dövrü başa çatan pomidor, xiyar kollarından toplanan yetişməmiş məhsullar 200 kiloqramlıq taralarda turşu qoyulacaq və sonrakı mərhələdə 2, 3, 5 və 10 kiloqramlıq taralara qablaşdırılıb satışa çıxarılacaq. Ümumiyyətlə, kompleksdə istehsal olunan məhsullar xaricdən idxal olunan eyniadlı məhsullardan xeyli keyfiyyətlidir.
İstixanada müasir kənd təsərrüfatı texnikalarından istifadə, yeni texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, pomidor və xiyar kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsul istehsalına imkan verir. Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. İllik istehsal gücü min ton olan istixana kompleksinin fəaliyyətə başlaması qış aylarında daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradır.
Artan tələbatın ödənilməsi üçün cari ildə istixana kompleksində 3 min kvadratmetr ərazidə çiyələkyetişdirmə sahəsinin yaradılmasına başlanılıb. Hazırda istixana kompleksində daxili suvarma şəbəkəsi və üçpilləli novdanlar qurulur. Türkiyənin “SBR” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 48 min ədəd şitil alınıb gətiriləcək və noyabr ayının 15-də əkiləcək. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan çiyələkyetişdirmə sahəsi qış mövsümündə bu məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradacaq, eyniadlı məhsulun idxal olunmasının qarşısını alacaq.
Yay movsümündə də daxili bazarın tərəvəz məhsulları ilə təmin olunması diqqət mərkəzində saxlanılıb, istixana kompleksinin ətrafında yerləşən 10 hektar sahə icarəyə götürülüb və bu ərazidə pomidor, badımcan, bibər, qovun, qarpız əkilib. Yetişdirilən məhsul kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında münasib qiymətə alıcılara satılır. Hazırda istixana kompleksində payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq torpaq qüvvətləndirmə işləri görülür, suvarılır, üzvi gübrə verilir və dincə qoyulmuş torpaqlarda şitillər əkilib-becərilir.
Böyükdüz istixana kompleksinin daxili bazarın yüksəkkeyfiyyətli tərəvəz məhsulları ilə təminatında, eləcə də əhalinin məşğulluğunda mühüm payı vardır. Burada 50 nəfər işlə təmin edilib ki, bu işçilərin də əksəriyyəti Böyükdüz kəndinin sakinləridir.
Kərəm HƏSƏNOV