Davamlı dinamik inkişafa nail olmaq həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan iqtisadiyyatın dövlət tənzimlənməsi vasitəsi kimi sosial rifahın yüksəldilməsinə xidmət edən bir çox mühüm tədbirlər vardır ki, onlar daim diqqətdə saxlanılır.
Muxtar respublikamızda iqtisadi inkişafın artan tempinin əhali gəlirlərində də hiss olunması üçün sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti bu məqsədə xidmət edir.
Cəmiyyətdə stabil iqtisadi inkişaf tempinin əldə olunmasında əsas göstəricilər kimi məşğulluq və əhali gəlirləri artımının mühüm əhəmiyyəti vardır. Bu baxımdan 2015-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı göstəricilərinə nəzər saldıqda görürük ki, sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, təhsil, səhiyyə və digər mühüm sahələrin inkişaf etdirilməsi əhali gəlirlərinin də səviyyəsində özünü göstərmiş və bu sahədə artım dinamikası qorunub saxlanılmışdır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,2 faiz artaraq 794 milyon 636 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,1 faizlik artımla 1803 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 392,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Əhali gəlirlərinin formalaşmasında sahibkarlıq fəaliyyətini ilk olaraq qeyd etmək lazımdır. Məhz bu baxımdan sahibkarlığın genişləndirilməsi və bunun vasitəsilə bir çox fəaliyyət növləri üzrə məşğulluğun təmin olunması öz aktuallığını qoruyur.
Naxçıvan Muxtar Respublikasında azad sahibkarlığın dəstəklənməsi, kiçik və orta sahibkarlığa göstərilən hərtərəfli qayğı ötən dövr ərzində də yerli istehsalın stimullaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına və əhali gəlirlərinə öz təsirini göstərmişdir. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 354 növdə məhsul istehsal olunur. Bunların 119-u ərzaq, 235-i qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Əldə olunan nəticələri təhlil etdikdə görürük ki, iqtisadi aktivliyin yüksəldilməsi məqsədilə ötən dövr ərzində də sahibkarlıq fəaliyyətinə göstərilən kredit dəstəyi mühüm rola malik olmuşdur. Belə ki, 2015-ci ilin ilk yarımili ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 19 milyon 610 min manatdan çox olmuşdur. Bu kreditlərin 14 milyon 361 min manatdan çoxu fərdi sahibkarlığın inkişafına, 5 milyon 249 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf edilmişdir. Ümumilikdə, cari ilin ilk altı ayı ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 41 milyon 355 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur. Bu, 2014-cü ilin müvafiq dövründəki göstəricidən 44,5 faiz çoxdur. 2015-ci ilin ilk altı ayı ərzində muxtar respublikada 12 hüquqi və 1623 fiziki şəxs qeydiyyata alınmışdır.
O da xüsusilə vurğulanmalıdır ki, muxtar respublikada son 20 il ərzində həyata keçirilən iqtisadi və sosial məzmunlu tədbirlər arasında, ilk olaraq, insanların normal yaşayışına birbaşa təsir edən işlər ön plana çıxmışdır. Yerli istehsalçıların maraqlarının qorunması, kiçik sahibkarlığın inkişafına və əhali məşğulluğuna təsir edən mühüm dövlət dəstəkli tədbirlər Naxçıvanın keçən bu dövrdə iqtisadi və sosial həyatda qazandığı uğurların əsasında dayanır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məqsədilə muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, təkcə 2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 1830 yeni iş yeri yaradılmışdır. Bunun 97,8 faizi daimi iş yeridir.
Muxtar respublikada peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və vərdişlərindən maksimum səmərə ilə istifadə olunması isə, ümumilikdə, inkişafın mühüm amili kimi sosial rifahımıza da müsbət təsirini göstərməkdədir.
Əli CABBAROV