“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun strukturları bu ilin iyul ayında da üzərinə düşən vəzifələri uğurla icra etmiş, xidmətin keyfiyyəti yüksəldilmişdir. Təhlükəsizlik tədbirlərinin, qatarların və dəmir yolu xətlərinin müasir tələblərə cavab verməsi nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Cari ilin iyul ayında ayrı-ayrı tikinti təşkilatlarına 8 min 895 ton müxtəliftəyinatlı yük daşınmış, 10 min 884 sərnişin mənzil başına qatarlar vasitəsilə çatdırılmışdır.
Yolların və nəqliyyat vasitələrinin sazlığı daim nəzarətdə saxlanılır. Ötən ay elektrovozlar 4, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmiş, 2 elektrovoz cari təmir edilmişdir. Həmçinin bu dövrdə 27 vaqonda cari, bir sərnişin vaqonunda isə depo təmiri aparılmışdır. Bundan başqa, bir sərnişin vaqonu əsaslı təmir edilərək istilik sistemi yenidən qurulmuşdur. Mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilmiş, keçidlər, yol yatağı, körpü və yoldəyişdiricilər yoxlanılaraq müvafiq təmir işləri görülmüşdür.
Qatar dispetçeri ilə maşinistlər arasında keyfiyyətli radiorabitənin təşkili məqsədilə lokomotivlərdə 7 blok dəyişdirilmiş, dəmir yolu obyektləri və elektrovozlar fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir. Bəhs olunan dövrdə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad Stansiyası İdarəetmə Mərkəzi əsaslı təmir olunmuş, Ordubad Yol Sahəsinin inzibati binasının və sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir.
Xəbərlər şöbəsi