Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamına əsasən, görkəmli maarifpərvərin ev-muzeyinin yaradılması istiqamətində işlərə başlanılıb və yeni bina inşa edilib. Hazırda ikimərtəbəli binada son tamamlama işləri görülür, ərazi abadlaşdırılır. Muzeydə görkəmli pedaqoqun həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirilməsi üçün ekspozisiya zalı və iş otaqları yaradılıb.
Məlumat üçün bildirək ki, qədim Naxçıvan torpağının yetirdiyi məşhur ziyalılar sırasında Məhəmməd Tağı Sidqinin xüsusi mövqeyi vardır. Onun zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti on doqquzuncu əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynayıb.
* * *
Muxtar respublikada nəqliyyat idarəetmə sisteminin təkmilləşdirilməsi, avtomobillərin texniki vəziyyəti və onların təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu tədbirlərin davamı olaraq, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Müayinə Mərkəzi üçün bina inşa edilir. İnşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilir. Hazırda obyektdə son tamamlama işləri aparılır, həyətə asfalt salınır.
Məlumat üçün bildirək ki, iki mərtəbədən ibarət olan müayinə mərkəzinin binasının birinci mərtəbəsində avtomobillərin texniki baxışa hazırlığı, texniki baxışın keçirilməsi, qeydiyyat aparılması üçün zal və xidməti otaqlar, ikinci mərtəbədə isə iş otaqları və bufet yerləşəcək. Müayinə mərkəzi bu sahədə tətbiq olunan ən qabaqcıl texnologiyalarla təchiz ediləcəkdir. Burada kompüter dəsti, monitorlar qoyulacaq, xarici ölkələrin istehsalı olan texniki müayinə avadanlıqları quraşdırılacaq. Yeni avadanlıqlar minik və yük avtomobillərinin əyləc sisteminin, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğunun, sükanın idarəetmə qollarının və almacıqlarının yoxlanılmasına, işıqların tənzimlənməsinə və şinlərin protektor naxışlarının ölçülməsinə imkan verəcək. Baxışdan keçən avtomobillər hər mərhələni qət etdikcə onun detallarının texniki vəziyyəti barədə məlumatlar kompüterdə əks olunacaq və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürüləcəkdir. Texniki baxış başa çatdıqdan sonra müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim ediləcəkdir.
Səbuhi HÜSEYNOV