Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu sahədə müəyyənləşdirilmiş layihələr reallaşdıqca ölkəmizin xarici ticarət dövriyyəsində muxtar respublikamızın da payı artır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, hazırda muxtar respublika 33 xarici dövlətlə ticarət əməliyyatları aparır. Nəticədə, cari ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 208 milyon 291 min ABŞ dolları olmuşdur. Xarici ticarət dövriyyəsinin 184 milyon 421 min ABŞ dollarını ixrac, 23 milyon 870 min ABŞ dollarını idxal təşkil etmişdir. Nəticədə, həyata keçirilmiş xarici ticarət dövriyyəsindən 160 milyon 550 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixracın həcmi 5,3 faiz artmış, idxalın həcmi isə 58,4 faiz azalmışdır.
Məlumatda muxtar respublikadan ixrac olunan məhsulların 79 faizinin sənaye, 21 faizinin kənd təsərrüfatı məhsulları, idxalın 31,8 faizinin sənaye məhsulları, 31,6 faizinin nəqliyyat vasitələri və onların hissələri, 0,8 faizinin ərzaq məhsulları, 8,1 faizinin tikinti materialları, 27,7 faizinin isə digər mallar olduğu da bildirilir.
Xəbərlər şöbəsi