Etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər sırasında su təchizatı sisteminin yaxşılaşdırılması və meliorativ tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bu amil diqqət mərkəzində saxlanılır.
Bu günlərdə havaların çox isti keçməsi suvarma suyuna olan tələbatı daha da artırmışdır. Ona görə də iyul ayında muxtar respublika ərazisində suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 7,65 kilometr kanal, 26,6 kilometr ara arxları və 12 kilometr kollektor lildən təmizlənmiş, 4,45 kilometr yeni suvarma xətti çəkilmişdir. O cümlədən Araz çayında torpaqların yuyulmasının qarşısını almaq üçün 1 kilometr məsafədə sahilbərkitmə işi aparılmış, Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində mövcud kollektor lildən təmizlənmişdir. Hazırda ərazidə su hidrantları və sayğaclar quraşdırılır.
Muxtar respublikada subartezian quyularının sayının artırılması yaşayış məntəqələrinin su təminatını xeyli yaxşılaşdırmışdır. İyul ayında Şərur rayonunun Çəmənli, Ələkli, Qarahəsənli, Maxta, Kəngərli rayonunun Şahtaxtı, eləcə də Sədərək rayonu ərazisində yeni subartezian quyuları qazılmış və mövcud quyularda təmir-bərpa işləri görülmüşdür. Ümumiyyətlə, bəhs olunan dövrdə 84 subartezian quyusu təmir olunmuş, 20 subartezian quyusunda yeni nasos quraşdırılmışdır. Həmçinin 6 kəhrizdə təmir işləri davam etdirilmişdir.
Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır. Ötən ay bu istiqamətdə görülən işlər çərçivəsində 7,54 kilometr içməli su xətti, 1,37 kilometr kaptaj təmir olunmuş, 2,15 kilometr yeni içməli su xətti və 2,7 kilometr yeni kaptaj tikilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti