Muxtar respublikada mədəniyyət obyektlərinin inşası, onların maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan şəhərini də əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində son illər Naxçıvan şəhərində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün bir neçə yeni bina inşa edilib.
Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Atatürk küçəsində inşa edilən 2 nömrəli Uşaq musiqi məktəbi üçün binada tikinti işləri artıq yekunlaşıb. 4 mərtəbədən ibarət olan binada inşaat işlərini Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi həyata keçirib. Xüsusi zövqlə işlənmiş, Naxçıvan memarlıq məktəbinin ənənələri və müasirliyin vəhdət təşkil etdiyi bina şəhərimizin ən yaraşıqlı ünvanları ilə bir sırada yer alıb.
Binada gələcək perspektiv nəzərə alınıb, uşaqların musiqinin sirlərinə yiyələnmələri üçün lazımi şərait yaradılıb. Bütün bunlar şagirdlərin rahat təhsil almasına, tədris prosesinin yüksək səviyyədə təşkilinə imkan verəcək. Binada sinif otaqları, müəllimlər, direktor və iş otaqları, kitabxana, arxiv və tədbirlər zalı vardır. Sinif otaqlarında şagirdlərin nəzəri biliklərinin və praktik vərdişlərinin artırılması üçün lazımi şərait yaradılacaq. Müasir inventar və avadanlıqlarla təchiz ediləcək məktəbdə şagirdlər seçdikləri ixtisas üzrə zəruri musiqi alətləri və tədris vəsaitləri ilə təmin olunacaqlar.
Binanın həyətində də geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
* * *
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Bu tədbirlərin tərkib hissəsi kimi şəhərin müxtəlif ünvanlarında yenidənqurma və abadlaşdırma işləri görülür.
Hazırda şəhərin Zərifə Əliyeva küçəsi boyunca uzanan avtomobil yollarının yenidən qurulması davam etdirilir. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılan abadlıq və təmir işlərinə 80-ə yaxın fəhlə cəlb olunub.
İş icraçısı Əhməd Abdullayevin müxbirimizə verdiyi məlumata görə, bir kilometr məsafədə aşınma işləri aparılır, torpaq sahəsi bərkidilir, kommunikasiya xətləri dəyişdirilir. Evlərin divarları da təmir olunaraq əraziyə müasir görkəm verilir. Qeyd edək ki, yol kənarlarında səkilər salınacaq, suaxıdıcılar çəkiləcəkdir. İşıqlandırma sistemi də yeniləşdiriləcək.
İşlər başa çatdıqdan sonra avtomobillərin və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunacaq, küçə şəhərimizin müasir ünvanlarından birinə çevriləcək.
* * *
Naxçıvan Muxtar Respublikasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Son illərdə muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvan şəhərində də mənzil tikintisinin həcmi xeyli artıb. Yeni yaşayış binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə yenidən qurulmasında əsas məqsəd sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır.
Hazırda Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 8 mərtəbəli yeni yaşayış binasının tikintisi davam etdirilir. Tikinti işlərinə 2015-ci ilin mart ayında başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları binanın 7-ci mərtəbəsində beton-qəlib işlərini başa çatdırıb, 8-ci mərtəbə üçün hazırlıq işləri aparırlar. 450 kvadratmetr sahədə ucaldılan yaşayış binasında 32 mənzil yerləşəcək ki, bu mənzillərdən 8-i üçotaqlı, 24-ü isə ikiotaqlı olacaq.
Xəbərlər şöbəsi