22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq daha da artmışdır. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikamızda cəmi 6045 arı ailəsi olmuşdursa, indi arı ailələrinin sayı artaraq 65 min 185-ə çatmışdır. Arı ailələrinin belə artımı nəticəsində ötən il muxtar respublikamızda bal istehsalı 1175 tona çatmışdır.
Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından ən xeyirli təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir.
Elm sübut etmişdir ki, tərkibi sadə şəkərlər, qlükoza və fruktozadan ibarət olan bal insan orqanizmi tərəfindən 100 faiz mənimsənilir.
Yazın başlanğıcında qışlamadan çıxmış arı ailələrinə göstərilməli olan qulluq haqqında arıçılıqla məşğul olan sahibkarlara köməklik məqsədilə müəyyən tövsiyələr verməyi məqsədəmüvafiq hesab edirik.
Qışlama dövrü arı ailələri, əsasən, açıq havada və qışlama binalarında saxlanılır. Muxtar respublikamızda qışın şaxtalı keçməsi arı ailələrini qışlama binalarında saxlama məcburiyyəti yaradır.

Yaz yaxınlaşan kimi arılar narahat olmağa başlayır. Çünki qışın sonunda hər bir arı ailəsində artım (bala) olur, pətəyin daxilində temperatur 35 dərəcəyə qalxır. Arılar çoxlu yem sərf edir və bağırsaqda qış ərzində toplanmış qida qalığını saxlamağa çətinlik çəkirlər. 
Novruzgülü açandan sonra arıları qapalı binada saxlamaq faydasız, bəzən də təhlükəli ola bilər. Fındıq ağacları çiçək açmağa və tozunu tökməyə başladığı zaman (gecələr hələ şaxta olsa da, gündüzlər temperatur 12 dərəcədən yuxarı olur) arıçı arıları qışlama binasından çıxarmaq vaxtının çatdığını bilməli, küləksiz, günəşli günlərin birində, səhərçağı ehtiyatla arı pətəklərini qışlama binasından çıxararaq qabaqcadan hazırlanmış yerə qoymalıdır.
Qışdan yenicə çıxmış arı ailələri yoxlanmalıdır. Bunun üçün havanın temperaturu 10-12 dərəcədən yuxarı olduqda yuva qısa müddət ərzində açılır və çatışmazlıqlar aradan qaldırılır. Pətəyin içərisini ölmüş arılardan təmizləmək lazımdır. Bu işlər cəld görülməli və pətəyin qapağı tez bağlanmalıdır. Əks təqdirdə bala arılar soyuqlayıb tələf ola bilərlər. Qışlama dövründə və ya yazda pətəkdə arı sürfələri olduqda onların normal inkişafı üçün istilik vacib şərtdir. Ona görə pətəyin qapağının altından və yanlardan istiləşdirici material qoyulur.
Arı ailəsinin yaz yoxlaması zamanı, əsasən, ailədəki yem ehtiyatına diqqət yetirmək lazımdır. Belə ki, ailədə nə qədər bal sərf edilməsi ailənin gücündən və ailədə yetişdirilən sürfənin sayından asılıdır.
Gündəlik sərf edilən balın miqdarını gəlir olmayan vaxt pətəyi hər gün tərəzidə çəkməklə müəyyən etmək olar.
Yazda 6-8 çərçivə aralığı arısı olan ailə gündə təxminən 300-400 qram bal və güləm sərf edir. Yayda arılar gəlir gətirdiyinə görə sərf edilən yemin bir hissəsi bərpa olunur.
Pətəkdə yem ehtiyatı və onun hazırlanması arı ailəsinin yaz yoxlaması zamanı yuvada 3-4 kiloqram yem və 1,5 çərçivə güləm olarsa, ailəyə əlavə ehtiyat yem olaraq 1-2 çərçivə ballı şan və 1-2 çərçivə güləmli şan verilməlidir.
Arı ailəsinə ballı şanı verməzdən əvvəl onu bir gün isti yerdə saxlamaq məsləhətdir. Belə olarsa, isti bal yuvanı soyutmur və onu arılar həvəslə qəbul edirlər.
Arıxanada ehtiyat ballı şanlar olmadığı halda yem ehtiyatı az olan arılara şəkər şərbəti vermək lazımdır.
Şərbət 40-45 dərəcəyə qədər soyudulduqdan sonra xüsusi yem qablarında, yem qabları olmadıqda yarımlitrlik şüşə qablarda arılara verilməlidir. Arıların şərbətə batmaması üçün qabın içərisinə taxta parçaları, yaxud quru ot dəstəsi salmaq lazımdır.
Yemləmə aparılmazdan qabaq üzərini arıların örtmədiyi boş şanlar yuvadan çıxarılır. Yem qabları yuvaya yerləşdirildikdən sonra pətəyin qapağı örtülür. Qüvvəli arı ailəsi bir gündə 3-4 kiloqram şərbət tükədə bilir.
Yazda havalar isindikcə ana arı gündən-günə daha çox yumurta qoyur, balanın sayı artır və getdikcə daha çox sahəni tutur. Balanın yetişməsi ilə bağlı olaraq, cavan arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuvanı genişləndirmək lazımdır.
Adətən, yuvanın genişləndirilməsinə ehtiyacın yarandığını müəyyən etmək üçün heç də yuvadakı çərçivələrin hamısını çıxarıb baxmaq lazım deyil. Yuvaya üstdən baxmaq kifayətdir. Bütün çərçivələrin arası arılarla doludursa və hətta çərçivələrdən qıraqda arılar vardırsa, yuvanı genişləndirmək lazımdır.
Arı ailəsi nə qədər güclü, ana məhsuldar, hava əlverişli və gəlir çoxdursa, yuva da bir o qədər tez genişləndirilməlidir. Yuva süni şan vərəqi çəkilmiş çərçivələr qoyulmaqla genişləndirilir. Çərçivələr yuvanın sonuncu ballı çərçivəsinin yanına məftilli tərəf içəri istiqamətdə olmaqla qoyulur.
Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında aparsalar, arı ailələrinin sayını artırmış olar və yüksək keyfiyyətli bol məhsul istehsal edə bilərlər.

Vəli NOVRUZOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR