Muxtar respublikada hava nəqliyyatı sisteminin inkişafı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər ötən ay bu xidmətdən istifadə edənlərin sayı artır.
İyul ayında yerli hava xətti ilə 22 min 537 sərnişin, 390 min 959 kiloqram baqaj, 65 min 394 kiloqram yük və 1247 kiloqram poçt daşınması həyata keçirilmişdir. Xidmətdən istifadə edənlərin sayının artmasını beynəlxalq hava xətləri üzrə uçuşlara da şamil etmək olar. Belə ki, bəhs olunan dövrdə Naxçıvan-Moskva istiqamətində 284 sərnişin, 3956 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə isə 594 sərnişin və 6852 kiloqram baqaj daşınmışdır.
Daşımaların vaxtında və təhlükəsiz təmin edilməsi məqsədilə bütün xidmətlərin nümunəvi təşkili nəzarətdə saxlanılmışdır. Bu dövrdə uçuş-enmə zolağı və perronda təmir işləri görülmüş, transformator və işıqlandırma avadanlıqlarının sazlığı təmin edilmişdir. Hava hərəkətini idarəetmə məntəqəsində yeni sistemin quraşdırılması üçün 900 metr uzunluğunda fiber-optik kabel xətti çəkilmiş, müasirtipli yeni işıq-siqnal idarəetmə sistemi quraşdırılmışdır. Hava gəmilərinə texniki xidmət işləri də təlimata uyğun yerinə yetirilmişdir.
İyul ayında aerovağzal binasında yenidənqurma işləri davam etdirilmiş, xüsusi avtonəqliyyat xidməti və hərbi komendantlıq binalarında təmir işləri aparılmışdır. Bundan başqa, hava limanı kompleksinin bütün binalarında, o cümlədən Şərur və Ordubad şəhərlərindəki aviakassalarda sistem və avadanlıqlara mütəmadi texniki baxış keçirilmiş, maşın-mexanizmlərin, nasosların, istilik, işıq və havalandırma sistemlərinin normal fəaliyyəti təmin edilmişdir.
Ötən ay xidmətin nümunəvi təşkili və təhlükəsizliyin təmin olunması məqsədilə təlimlər də davam etdirilmiş, işçilər aerovağzal binasında yeni quraşdırılmış sərnişin körpüsü və teleskopik trapların istismarı mövzularında keçirilən kurslarda iştirak etmişlər. Sahələrdə şəxsi heyətlə profilaktik söhbətlər davam etdirilmiş, taktiki məşğələlər keçirilmiş, işçilərə təhlükəsizlik texnikası və yanğın mühafizəsi qaydaları izah edilmişdir.
Naxçıvan Beynəlxalq
Hava Limanı