Kiçik və orta sahibkarlıq məşğulluğun və innovasiyaların vacib mənbəyidir. Belə ki, bu sahibkarlıq növlərinin inkişafı bir tərəfdən məhsul bolluğu yaratmaqla daxili istehlak bazarının formalaşmasına səbəb olur və sağlam rəqabət üçün geniş imkanlar açır, digər tərəfdən isə işsizlik kimi kəskin sosial-iqtisadi problemlərin həllini sürətləndirir və dövlət büdcəsinin zənginləşməsinə kömək edir.
Kiçik və orta sahibkarlar iqtisadi inkişafın və rəqabətin dinamik artımına xidmət edirlər. Qısaca ümumiləşdirsək, bu sahibkarlar iş yerləri məhdud olan ünvanlarda işsizliyi aradan qaldırır, istehlakçıları bazarla təmin edir, vergi ödəməklə büdcənin və əhalinin müəyyən hissəsinin gəlirini artırırlar.
Beynəlxalq qiymətləndirmələrə görə, kiçik və orta sahibkarlıq sektorunun iqtisadiyyata, məşğulluğa və təhlükəsizliyə əsaslı təsir göstərməsi üçün kiçik müəssisələrin məşğulluq sahəsində və əlavə dəyərin yaradılmasında, təxminən, 40 faizlik iştirak payı olmalıdır. Yalnız bu halda onlar mövcud iqtisadi resursları mənimsəyib onları davamlı inkişafa doğru istiqamətləndirə bilərlər.
Bununla belə, kiçik və orta sahibkarların nəzərdə tutulmuş nəticələrə nail olması üçün sahibkarların qanuni müəssisələr yaratmaq motivasiyası olmalıdır. Sahibkarları qanuni fəaliyyət göstərməyə inandırmaq və onların bizneslərinin “yaşama”sına kömək etmək üçün ən əhəmiyyətli amil isə biznes mühitidir.
Bu gün muxtar respublikamızda kiçik və orta sahibkarların inkişafı üçün istər dövlət dəstəyi, istərsə də yaradılmış biznes mühiti kifayət qədər imkan verir ki, bu sahədə yüksək nəticələrə nail olunsun.
İlkin kapitalı öz şəxsi vəsaitləri hesabına formalaşdıran kiçik və orta sahibkarlar sonrakı fəaliyyət dövründə daha yaxşı nəticələrə nail ola bilirlər. Belə ki, xərclərinin azlığı onların büdcələrini daha səmərəli formalaşdırmalarına imkan verir. Bu halda müəyyən sahibkarlıq qabiliyyətinin olması və büdcənin səmərəli təşkili mexanizminin mövcudluğu sahibkarın fəaliyyətinin inkişafına təkan verir və gələcək mərhələlərdə layihənin davamlılığına və effektivliyinə zəmin yaradır.
Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları ilə yanaşı, həmçinin müxtəlif maliyyə institutlarından alınan borc vəsaitləridir. Məsələn, ABŞ-da bu qəbildən olan subyektlərin 77 faizi fəaliyyətləri dövründə ən azı bir dəfə də olsa kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76 faizinin bir və ya bir neçə banka kredit borcu vardır.
Bu gün muxtar respublikamızda kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin bir çoxu fəaliyyətə başladığı anda şəxsi kapitala malik olmur və bütünlüklə tələb olunan ilkin kapitalı bank krediti hesabına formalaşdırmağa çalışır. Onların bəzilərinin bu borcları effektiv idarəetmə bacarıqlarının olmaması isə gələcək qısa müddət ərzində həmin kreditlərin biznesin inkişafından daha çox onların zəifləməsinə və hətta müəyyən mərhələdə iflasına səbəb olur. Əksər vaxtlarda isə sahibkarlıq fəaliyyətinin tamamilə dayandırılması ilə nəticələnir.
Xüsusilə də zəif inzibati resurslara malik kiçik və orta sahibkarlıq subyektlərində iri şirkətlərə nisbətən kreditlərlə bağlı risklər yüksək olur. Bazar hakimiyyətinin iri şirkətlərə verdiyi rəqabət üstünlüyünü nəzərə aldıqda kiçik və orta sahibkarların fəaliyyətində potensial risklər daimi xarakter daşıyır.
Bəzən isə müəyyən sahibkarlıq biliklərinə malik olmadan, reallaşdırılacaq layihəni müvafiq meyarlar əsasında təhlil etmədən, layihənin öz xərclərini ödəyə bilmə imkanını və müddətini nəzərə almadan, eləcə də öz bazar paylarını müəyyənləşdirmədən sahibkarolma arzusu qısa müddət ərzində puç olur. Bu prosesdə əsas zərbə isə məhz layihələrin reallaşdırılması üçün dırnaqarası sahibkarı ilkin kapitalla təmin edən banklara və digər maliyyə institutlarına dəymiş olur. Nəticədə banklarda problemli kreditlər yaranır. Qaytarılmalı olan kredit borcları isə uzun müddət ərzində dövriyyədən kənarda qalır. Bu proses isə bankların kredit resurslarını tükətdiyindən onların kiçik və orta sahibkarlıq subyektlərini maliyyələşdirmə marağının azalmasına səbəb olur.
Bir sıra hallarda isə sahibkarlığın inkişafı məqsədilə verilən kreditlərə tətbiq olunan güzəştlərdən faydalanmaq istəyən şəxslər bu məqsədlə aldıqları kreditləri təyinatına uyğun istifadə etməkdən boyun qaçırırlar. Bu vəsaitlər isə hədəflərindən kənarlaşır, hər hansı bir xarici istehsal olan avtomobilin alınması, xaricə turizm səfərinə çıxmaq, toy şənliyi etmək və başqa bu kimi “zəruri ehtiyaclar”ın ödənməsində vasitəçi olur. Məhz bu kimi hallar banklarla müştərilər arasındakı etibarlı partnyorluğa sarsıdıcı zərbə vurur.
Halbuki bu gün ölkə iqtisadiyyatının əsas aparıcı subyektləri sayılan kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi iqtisadiyyatın qeyri-neft sektorunun da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Və məhz bu məqsədlə də sahibkarlarla onları maliyyə resursu ilə təmin edən kredit təşkilatlarının qarşılıqlı etibarlılığa əsaslanan partnyorluğu vacib məsələdir.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil
və statistika şöbəsinin rəisi