23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatı yolunu tutmuş və bu yolda sürətlə irəliləməkdədir. Milli iqtisadiyyatda özəl sektorun, bunun da nəticəsində sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı dövlət proqramları həyata keçirilmiş, hərtərəfli qanunvericilik bazasının yaradılması təmin olunmuşdur. Bunun da nəticəsində ölkəmizdə, həmçinin muxtar respublikamızada böyük sahibkarlar sinfi yaranmış və sahibkarlar dövlətimizin iqtisadi dayaqlarının gücləndirilməsində mühüm rol oynamaqdadırlar.
Məlumdur ki, bir ölkənin hərtərəfli inkişafı onun həmin ölkənin güclü və çoxsaylı sahibkarlarının fəaliyyətindən birbaşa asılıdır. Hər bir sahədə dəqiq mexanizm işlədiyi kimi, sahibkarlığın da özünəxas dəqiq, düşünülmüş mexanizm və hədəfləri var. Ölkəmizin sosial-iqtisadi inkişafını sahibkarlıq fəaliyyəti ilə çox sıx şəkildə əlaqələndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və onun bir hissəsi olan sahibkarlıq prosesinin yaranması və inkişaf etdirilməsi asan deyildir. Bizim hamımız birlikdə on illərlə mərkəzləşmiş dövlət iqtisadiyyatı şəraitində yaşamışıq. O dövrdə heç bir sahibkarlığa imkan verilmirdi. Və insanlar nəsildən-nəslə sahibkarlığın nə olduğunu unudurdular. İndi sahibkarlığı yenidən bərpa etmək, insanları buna alışdırmaq, onlarda sahibkarlıq keyfiyyəti yaratmaq, insanlarda sahibkarlıq xüsusiyyətləri tərbiyə etmək, yüksəksəviyyəli sahibkarlar hazırlamaq, milli sahibkarlar yaratmaq – bunlar vaxt tələb edir. Bunlar eyni zamanda dövlətin qayğısını tələb edir”.

Ümummilli liderin tövsiyə xarakterli bu fikirləri bu gün ölkəmizdə reallığa çevrilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə sistemində və iqtisadi sahədə aparılan uğurlu islahatlar sahibkarlığın formalaşmasına böyük stimul olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvanda bacarıqlı sahibkarlar sinfi formalaşıb. Muxtar respublikada istehsal olunan məhsulların keyfiyyətinə görə xarici ölkələrdə mükafatlara layiq görülməsi təqdirəlayiqdir. Bunların sayını artırmaq üçün isə daha çox çalışmaq lazımdır”.
Bu gün muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, sahibkarların hərtərəfli qayğı ilə əhatə olunduğunu görərik. Buna görə də onların sayı gündən-günə artır. Bu artım günün tələbi kimi diqqəti çəkir. Yaxşı hal həm də ondan ibarətdir ki, sahibkarlıq subyektlərinin artması rəqabətədavamlı məhsul istehsalına şərait yaradır. Bunu Babək rayonunun timsalında da görmək mümkündür. Rayon Vergilər İdarəsindən aldığımız məlumata görə, bölgədə un, qənd, şirniyyat, çörək, ət, su, quşçuluq məhsulları, istixana, kərpic, dəri emalı və istehsalı və sair ilə məşğul olan 172 sahibkarlıq subyekti var. İdarədə rayon üzrə ümumilikdə 1053 aktiv vergi ödəyicisi qeydiyyatda durur. Biz də onların bir neçəsinin fəaliyyəti ilə yaxından tanış olduq.
Nehrəm kəndində Tərifə Əli­rzayevanın rəhbərlik etdiyi müəssisə rayonda çörək istehsalı üzrə fəaliyyət göstərən 33 müəssisədən biridir. Müəssisə Sahibkarlığa Kömək Fondundan 15 min manat kredit götürü­lərək qurulub. Burada çörək istehsalı üçün müasir avadanlıqlar quraşdırılıb. 6 nəfər kənd sakini müəssisədə daimi işlə təmin edilib. Müəssisədə bişirilən çörəyin kənddə və rayonun digər yaşayış məntəqələrində xeyli alıcısı var. Burada çalışanlar üçün hərtərəfli iş şəraiti yaradılıb, onlarla əmək müqaviləsi bağlanılıb. Sahibkarlıq obyektində çalışanlar rəqabətədavamlı məhsul istehsal etmək üçün yaradılmış şəraitdən səmərəli istifadə edirlər.
Badaşqan kəndində şirniyyat istehsal edən müəssisəyə isə Habil Babayev rəhbərlik edir. “Nihad şirniyyat” müəssisəsi 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 26 min manat kredit götürülərək ötən il qurulub. 230 kvadratmetr sahəsi olan müəssisədə 4 nəfər işlə təmin edilib. Burada, əsasən, kəllə qənd, noğul, nanəli konfet və lokum istehsal olunur. Habil Babayev deyir ki, daxili bazarda adıçəkilən şirniyyat məhsullarına olan tələbatı ödəmək məqsədilə yaradılmış müəssisədə istehsal olunan məhsullar müxtəlif çəkilərdə qablaşdırılaraq satışa çıxarılır. Ötən bir il ərzində müəssisənin məhsulları yerli bazarda özünə layiqli yer tuta bilib. Sahibkar deyir ki, tələbat olarsa müəssisədə qurulan avadanlıqlar daha artıq məhsul istehsal etməyə imkan verir. Buna görə də gələcəkdə ölkəmizin digər regionlarına da məhsul ixrac etməyi düşünürük.
Yerli ərzaq məhsullarının satışı ilə məşğul olan “Bizim qida” Məhdud Məsuliyyətli Cəmiyyəti isə rayonun Qoşadizə kəndi ərazisində fəaliyyət göstərir. Cəmiyyətin direktoru Vaqif Əliyev bildirir ki, müəssisə 2012-ci ildə qurulub. 1200 növdə müxtəlif ərzaq məhsullarının satıldığı müəssisənin 1000 kvadratmetrlik anbarı vardır ki, bu anbarda da məhsullar beşmərtəbəli böyük rəflərdə saxlanılır. 50 kvadratmetrlik soyuducu anbara isə əsasən, soyuq şəraitdə saxlanılan məhsullar yığılır. Müəssisədə 40 nəfər daimi işlə təmin olunub. 1500 kvadratmetr əraziyə malik müəssisənin inzibati binasında ofis, yeməkxana, iclas zalı və digər otaqlar yerləşir. Vaqif Əliyev deyir ki, buradakı məhsulların satışı həm də onlayn olaraq həyata keçirilir. Belə ki, pərakəndə satış obyektlərində fəaliyyət göstərən satıcılar hər hansı bir məhsulu onlayn sifariş edə, qiyməti ilə maraqlana və ya şikayət və təkliflərini bildirə bilərlər. Bundan əlavə, müəssisənin ofisindən satış obyektlərində hansı məhsulun daha çox satıldığını və ya qurtardığını da şəbəkə vasitəsilə izləmək mümkündür. Müsahibimiz bizimlə söhbətində onu da vurğulayır ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən böyük qayğı onları daha yaxşı işləməyə, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etməyə həvəsləndirir.
Rayonun Cəhri kəndində də kifayət sayda istehsal müəssisəsi və xidmət sahələri fəaliyyət göstərir. Bunlardan biri un dəyirmanıdır. 2001-ci ildə yaradılan müəssisədə bir gündə 10 ton buğda üyüdülür. Burada istifadə olunan avadanlıqlar Türkiyə Respublikasından gətirilib. Dəyirmanda bütün işlər mexanikləşdirilib, 2 nəfər işlə təmin olunub. Ötən illərdə dəyirmanın istehsal sahəsi genişləndirilib, çörəkbişirmə sahəsi fəaliyyətə başlayıb. Daha 4 nəfər kənd sakini isə bu sahədə daimi işlə təmin olunub.
Müəssisənin rəhbəri Sənan Novruzovun sözlərinə görə, muxtar respublikada taxılçılığın inkişafına göstərilən qayğı, ilbəil taxıl əkini sahələrinin genişləndirilməsi dəyirmanda da iş həcminin artmasına səbəb olub. Həmsöhbətimiz bildirir ki, bu il 54 hektar sahədən taxıl tədarük edib. 2013-cü ildə isə güzəştli kredit hesabına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən kombayn alıb.
Öyrənirik ki, kənddə fəaliyyət göstərən dəyirmana təkcə Cəhri kəndindən deyil, qonşu kənd­lərdən də taxıl üyütmək üçün xeyli buğda gətirilir.
Ümumiyyətlə, muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olan Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq müəssisələrinin hər biri haqqında ayrıca danışmaq olar. Sahibkarlığın inkişafına göstərilən qayğı hesabına rayonun əksər kəndlərində müxtəlif istehsal sahələri qurulub və fəaliyyət göstərir. Sahibkarlarla söhbətimizdə o da bəlli oldu ki, dövlətimizin onların fəaliyyəti üçün yaratdığı şərait əldə olunan uğurların əsasını təşkil edir. Onu da qeyd etmək istəyirik ki, rayonda belə müəssisələrin sayının artması daxili bazarda yerli məhsulun xüsusi çəkisinin artmasında başlıca rol oynayır. Yerli məhsul bolluğu isə idxal edilən məhsulların qarşısının alınması ilə yanaşı, bu məhsulların xarici bazara ixracına da şərait yaradır. Bu da muxtar respublika iqtisadiyyatına əlavə gəlir gətirir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR