Dünən Babək rayonunun Şıxmahmud kəndində torpaq mülkiyyətçiləri ilə təşkil edilən görüşdə bu barədə geniş söhbət aparılıb. Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev bildirib ki, rayonun müxtəlif kəndlərində torpaq mülkiyyətçiləri ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilir. Şıxmahmud kəndində bu yaşayış məntəqəsinin, Xəlilli, Aşağı və Yuxarı Uzunoba, Nəzərabad, Didivar kəndlərinin torpaq mülkiyyətçilərinin iştirakı ilə keçirilən görüş də həmin tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev deyib ki, torpaq mülkiyyətçilərinin ilin bu dövründə qayğıları daha çox olur. Taxılçılıqla məşğul olanlar üçün indi ən məsuliyyətli dövrdür. Taxıl əkinlərinin suvarılmasını, gübrələnməsini, digər aqrotexniki tədbirləri vaxtında həyata keçirən torpaq adamları sahələrdən yüksək məhsul götürülməsinə nail ola bilirlər. Muxtar respublikada bu strateji sahənin məhsuldarlığını artırmaq üçün torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb.
Yaz-tarla işlərinin mütəşəkkil keçirilməsi üçün əsas vəzifələrdən birinin torpaqların münbitliyinin artırılması olduğunu vurğulayan Yaşar Quliyev torpaq mülkiyyətçilərinin nəzərinə çatdırıb ki, əkiləcək sahələrdən nümunələr götürülərək torpaqların kimyəvi tərkibini, hansı sahədə hansı bitkilərin əkilməsinin məqsədəuyğun olduğunu, əraziyə nə qədər üzvi və ya mineral gübrələr verilməsini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Layihə Axtarış Kimyalaşdırma Stansiyasına müracət etmək olar. Nazirliyin Dövlət Toxum Müfəttişliyindən isə əkinçiliyin inkişafında vacib olan yüksək reproduksiyalı toxumlar haqqında məlumat əldə etmək mümkündür.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı İntizar Həziyev bildirib ki, muxtar respublikamızda kənd əhalisinin əsas məşğuliyyəti və gəlir mənbəyi torpaqdır. Bu qiymətli sərvətdən səmərəli istifadə edən kənd adamları öz həyat şəraitlərini yüksək səviyyədə qura bilirlər.
Tədbirdə təcrübəli torpaq mülkiyyətçisi Zahir Tağıyev çıxış edərək əkinçilikdə qazanılmış təcrübədən, belə tədbirlərin kənd adamları üçün əhəmiyyətindən danışıb.
Torpaq mülkiyyətçilərinə Naxçıvan Muxtar Respublikasının mövcud iqlim şəraitində taxıl əkini və becərilməsi texnologiyasına aid tövsiyələrdən ibarət bukletlər təqdim olunub.
Muxtar MƏMMƏDOV