“Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar olunmuşdur. 1947-ci ildə kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü daha da artırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız su buraxılır. Ümumilikdə, cari ilin ötən dövründə 1 milyon 452 min 700 ədəd su istehsal edilmiş, 392 min 200 ədədi muxtar respublika ərazisində, 1 milyon 17 min ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılmışdır. “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır.
“Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə qurulmuşdur. “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması cari ildə də diqqət mərkəzində saxlanılmış, bağlanmış müqaviləyə əsasən, 43 min 500 ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir. Qeyd edək ki, “Gəmiqaya Mineral Sular” MMC-nin iqtisadi əlaqələri daha da genişləndirilmiş, cari ilin ötən dövründə istehsal edilən “Badamlı” mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində, 70 faizi Bakı şəhərində və müxtəlif regionlarda satışa çıxarılmış, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunmuşdur. Mineral suyun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir.
Onu da qeyd edək ki, bu qiymətli təbii sərvətimizin mineral sular ixracatçısı olan Rusiya bazarına çıxarılması biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən “Badamlı” təbii mineral süfrə suyunun xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi onun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə bağlıdır.
Kərəm Həsənov