Muxtar respublikada əhalinin ərzaq təhlükəsizliyini təmin etmək, kənd əhalisini işgüzar münasibətlərə cəlb etməklə onların məşğulluğuna nail olmaq və sahibkarlıq fəaliyyəti üçün zəruri ictimai-iqtisadi mühiti formalaşdırmaq həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir.
Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi və yerli istehsalın həcminin artırılmasında təsərrüfatdaxili ehtiyatlardan və imkanlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikada ərzaq bazarının formalaşmasında bir sıra iqtisadi metodlardan istifadə olunur. Xüsusilə son illər əhali, fermer və sahibkarların mövcud resurslardan səmərəli şəkildə istifadəsinə şərait yaratmaq və onları maliyyə resursları ilə təmin etmək diqqət mərkəzində saxlanılır. Vətəndaşların əlverişli maliyyə resursları ilə təmin edilməsi müxtəlif istehsal və xidmət sahələrinin təşkilinə, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatlarının daxili bazar hesabına ödənilməsinə şərait yaradır. Tələbatın, başlıca olaraq, daxili istehsal hesabına ödənilməsinin ərzaq bazarının tənzimlənməsində iki mühüm əhəmiyyəti var. Bunlardan birincisi muxtar respublikanın ərzaq məhsulları üzrə idxal asılılığını azaltmaqla onun iqtisadi müstəqilliyini daha möhkəm təməllər üzərində qurmasına dəstək olur. İkincisi isə yerli istehsalın inkişafı nəqliyyata çəkiləcək xərcləri minimuma endirməklə istehsal olunmuş məhsulun maya dəyərinin daha aşağı olmasına və əhalinin təzə, yüksəkkeyfiyyətli ərzaq məhsullarına olan tələbatını ödəməyə imkan verir.
Bu gün muxtar respublikamızda da ərzaq təhlükəsizliyi məsələsi ən mühüm həyat təminatı sistemlərindən biri kimi aktuallıq kəsb edir. Bu səbəbdən də “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə lazımi hədəflərə çatmaqda böyük əhəmiyyətə malikdir.
Proqramlarda muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən də bir sıra tədbirlərin icrası nəzərdə tutulmuşdur. Hazırda muxtar respublika iqtisadiyyatının kreditləşdirilməsi kreditlərin verildiyi sahələrdə məhsul istehsalının artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun gücləndirilməsinə, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.
Son beş il ərzində muxtar respublika iqtisadiyyatına yönləndirilmiş kredit resurslarının həcmində müşahidə olunan artımlar bu sahədə istehsal edilən məhsul həcminin də artımına səbəb olmuşdur. Əgər 2010-cu ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatının inkişafı məqsədilə cəlb edilmiş kredit resurslarının həcmi 18 milyon 77 min manat təşkil edirdisə, bu göstərici beş il ərzində 3 dəfəyədək artmış və 2015-ci ilin yanvar-iyun aylarında 41 milyon 355 min manat təşkil etmişdir.Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 730 min manat və ya 1,5 dəfəyədək artımla müşahidə olunmuşdur. Bu müddət ərzində verilmiş kreditlər, əsasən, sənaye, tikinti, ticarət, nəqliyyat, daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi üçün istehlak kreditləri və kənd təsərrüfatı kreditlərini əhatə etmişdir ki, kənd təsərrüfatının inkişafı üçün cəlb edilmiş kreditlər daha diqqətçəkən olmuşdur. Belə ki, son beş il ərzində kənd təsərrüfatı ilə məşğul olan əhaliyə, fermerlərə, sahibkarlara verilmiş kreditlərin həcmi 5 milyon 375 min manat artmış, 2015-ci ilin ilk altı ayında 10 milyon 661 min manat təşkil etmişdir. Bu göstəricinin bəhs edilən dövr ərzində verilmiş kreditlərin ümumi həcmindəki payı 26 faiz olmuşdur və eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 257 min manat artım təşkil etmişdir. Kreditlərin həcmində artım tempinə görə heyvandarlıq sahəsi daha yüksək göstəriciyə malik olmuşdur. Cari ilin yanvar-iyun aylarında bu sahənin inkişafı üçün muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən 8 milyon 314 min manat həcmində kredit verilmişdir. Bu isə o deməkdir ki, son beş il ərzində bu istiqamətdə ayrılan kreditin həcmi 3 dəfədən çox artmışdır. Ötən ilin müvafiq dövründə isə həmin göstərici 5 milyon 855 min manat təşkil etmişdir.
2015-ci ilin birinci yarımilində bitkiçiliyin inkişafına 1 milyon 513 min manat, o cümlədən kartofçuluğa 150 min manat, bostan-tərəvəz bitkilərinin yetişdirilməsinə 916 min manat, istixana təsərrüfatının inkişafına 324 min manat, soğan əkini üçün 49 min manat, qarğıdalı əkini üçün 37 min manat, taxılçılıq üçün isə 31 min manat maliyyə resursu cəlb edilmişdir. Meyvəçilik və bağçılığın inkişaf etdirilməsi üçün cari ilin ilk altı ayında 22 min manat, arıçılığın inkişafı üçün isə 290 min manat kredit verilmişdir. Ötən dövrdə quşçuluğun inkişafına da diqqət artırılmış, bu ilin yanvar-iyun ayları ərzində bu sahəyə ayrılan kreditin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 477 min manat çox – 523 min manat təşkil etmişdir.
Ümumiyyətlə, son beş ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatın kreditləşdirilməsi məhz 2015-ci ildə ən yüksək göstəriciyə malik olmuşdur. Kreditləşmənin daim artan tempdə olması isə dövlət proqramlarının icrasının bank sektoru tərəfindən uğurla həyata keçirildiyinin göstəricisidir.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi
təhlil və statistika şöbəsinin rəisi