23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın iqlim şəraiti bitkilərin vegetasiya müddəti üçün uzundövrlüdür. Buna görə də bir sıra bitkiləri il ərzində 2 dəfə, bəzilərini isə 3-4 dəfə təkrar əkib məhsul götürmək mümkündür. Bu həm əhalini ilboyu tərəvəzlə təmin etməyə, həm məhsul bolluğu yaratmağa, həm də daxili bazarda yerli istehsalın çəkisini artırmağa imkan verir.

Təkrar əkin eyni sahədə bir növ bitkini yetişdirib yığmaq və onun yerində həmin vegetasiya dövründə, ya o, ya da başqa növ bitkini əkib-becərməkdir. Bu üsul təcrübədə özünü doğrult­duğu üçün torpaq mülkiyyətçiləri, sahibkarlar, təcrübəli təsərrüfatçılar həmin metoda üstünlük verirlər.
Muxtar respublikamızın aran bölgələrində təkrar əkin aparılmasına xüsusi diqqət yetirilir. Ən çox təkrar əkilən məhsullar isə xiyar, lobya, kartof, kələm və səbzə (kahı, şüyüd, ispanaq, keşniş, məzrə, reyhan, acıtərə, qırmızı turp və sair) bitkiləridir. Müxtəlif sələflərdən (taxıl, paxlalı, bostan-tərəvəz bitkiləri və sair) sonra xiyar və lobyanı apreldə və iyulda, səbzəni yazda 2 dəfə, payızda isə 2-3 dəfə becərmək mümkündür.

Muxtar respublikamızda biçilən taxıl sahələrinin yerində kartofun yay əkini dəfələrlə sınaqdan çıxarılıb və bu gün də həmin üsuldan istifadə olunur. Bu məqsədlə seçilmiş sahələrin torpağı mütləq suvarılan, münbit və mexaniki tərkibcə yüngül olmalıdır. Müvafiq üzvi və mineral gübrələr verildikdən sonra sahələr 23-25 santimetr dərinlikdə şumlanır, qaysaq və alaq otları əmələ gəldikdə kultivasiya çəkilir. Nəzərdə saxlamaq lazımdır ki, kartof əkiləcək sahənin torpağı həm də rütubətli olmalıdır. Quru torpağa kartof əkmək olmaz. Yay əkinində kartofun 10-12 faizi cücərti vermir, cücərti verən kartofun hər birində 2-3 gövdə olur. Bu səbəbdən kartofu yay əkinində çox sıx əkmək məsləhətdir (70x20;75x15 sm). Belə halda yüksək məhsuldarlığa nail olmaq mümkündür. Tezyetişən faraş kartof sortlarından kandor, santa, ramuş, marfuna, boren və sair toxumlardan istifadə etmək olar. Hektara səpin norması 2,5-3 ton olmalıdır.
Məişətimizdə səbzə bitkilərdən qırmızı turp, acıtərə, keşniş, şüyüd və sairdən çox geniş istifadə edilir. Bunlar cücərəndən 25-40 gün sonra yığılıb istifadə olunur. Bu bitkilərdən ispanağın toxumunu payızlıq kələmin, xiyarın, gecyetişən kələmin cərgəarasına səpmək olar. Fərdi təsərrüfatlarda əkinçilər bunları da bir-birilə sıxlaşdırırlar. Belə ki, ispanağın toxumuna acıtərə, keşniş, şüyüd toxumu qatıb səpirlər. Bu halda ispanağın arasında boş qalan yerlərdə acıtərə, şüyüd və sair bitir.
Soğan, kök, cəfəri, kərəviz kimi bitkilərin toxumuna 3-4 faiz tez cücərən acıtərə, kahı qatıb səpirlər. Bunlara cərgə göstərən (mayak) bitkilər deyilir. Onlar yeyilən kimi kökündən çıxarılır.
Cavan meyvə bağlarında və üzümlüklərdə cərgəaralarına müxtəlif tərəvəz bitkiləri, xüsusən səbzələr sıxlaşdırıcı əkin məhsulu kimi xüsusi yer tutur.
Sıxlaşdırılan əkinlərin bir növü çəpərli əkinlərdir. Bu əkinlərdə əsas məqsəd tərəvəz bitkilərini soyuq və isti küləklərdən qorumaqdır. Çəpər bitkilər küləklərə qarşı perpendikulyar istiqamətdə 1-3 cərgə əkilməlidir. Çəpər bitkilər soyuğa davamlı olmalı, yerə yatmamalıdır. Yaxşı olar ki, çəpər bitkisi də tərəvəz bitkisi olsun.
Muxtar respublikamızda çəpər bitki kimi lobya, qarğıdalı, günəbaxan və sairdən istifadə olunur. Xiyar, kələm əkinlərində qarğıdalıdan istifadə edilir. Sarmaşan lobya və qarğıdalı çəpər bitkisi kimi bir yerdə becərilir. Belə əkində torpaq azotla zənginləşir və qarğıdalı gövdəsi həm lobya üçün dayaq olur, həm də 5-7 cərgə xiyarı küləklərdən yaxşı qoruyur. Həm eyni sahədən bol xiyar, qarğıdalı, lobya məhsulu, həm də heyvanlar üçün yem kimi xeyli kütlə götürülür.
Muxtar respublikamızda təkrar sıxlaşdırılan, çəpərli əkinlərdən istifadə etməklə vahid sahədən yüksək və bol məhsul götürüb ərzaq proqramının yerinə yetirilməsinə öz töhfəmizi verməklə illərboyu yaradılmış təsərrüfatçılıq ənənələrini yaşatmış olarıq.

Həsən Əmrahov
Naxçıvan Muxtar
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR