23 Dekabr 2024, Bazar ertəsi

2015-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və digər kredit təşkilatları muxtar respublika iqtisadiyyatının inkişafını stimullaşdırmaq, iqtisadi artıma nail olmaq məqsədilə kreditləşmə funksiyasını yüksək şəkildə həyata keçirmişdir. Belə ki, 1 iyul 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 119 milyon 789 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 132 min manat, uzunmüddətli kredit qoyuluşu isə 104 milyon 657 min manat təşkil etmişdir. Kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 389 min manat, 1 yanvar 2015-ci il tarixlə müqayisədə isə 19 milyon 123 min manat artmışdır.

“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğul­luğunun artırılması üzrə Dövlət Proqramı”nda muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən icrası nəzərdə tutulmuş kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə dövlət maliyyə dəstəyinin davam etdirilməsi tədbirlərinə uyğun olaraq, 2015-ci ilin ilk altı ayı ərzində 41 milyon 355 min manat kredit verilmişdir ki, bu da keçən ilin müvafiq dövründə verilmiş kreditdən 12 milyon 729 min manat çox olmuş və ya 1,5 dəfə artmışdır. 2015-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın real sektoruna cəlb olunan kreditlərin həcminə görə sənaye sahəsi xüsusilə fərqlənir. Belə ki, ötən ilin müvafiq dövründə bu sahəyə yönəldilən kreditlərin həcmi 2 milyon 234 min manat təşkil edirdisə, cari ilin yanvar-iyun aylarında bu göstərici 8 milyon 144 min manat artaraq 10 milyon 378 min manat olmuşdur. Kommersiya yönümlü kreditlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 421 min manat artaraq 3 milyon 700 min manata çatmışdır. Nəqliyyat və rabitə sektorunun inkişafı ilə əlaqədar verilmiş kreditlərin həcmi isə bu günə qədərki dövr ərzində ən yüksək həddə çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4 milyon 543 min manat artaraq 4 milyon 558 min manat olmuşdur. Gənc­lərin mənzilə olan tələbatının ödənilməsi məqsədilə daşınmaz əmlak­la əlaqədar ipoteka kreditlərinin həcmində də ötən illə müqayisədə 2 milyon 720 min manat artım müşahidə edilmiş, 4 milyon 684 min manat kredit verilmişdir. 2015-ci ilin ilk altı ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi, ümumilikdə, 2014-cü il ərzində verilmiş kreditlərin həcmindən 2 milyon 630 min manat artıq olmuşdur. Verilmiş kreditlərin 6 milyon 967 min manatı isə digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və istehlak kreditlərinin payına düşür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibar­lı təminatına dair Dövlət Pro­qramı”nda bank sektorunun üzərinə düşən vəzifələrə uyğun olaraq, kənd təsərrüfatının kreditləşdirilməsi də intensiv hal almışdır. Kreditlərin yönləndirilməsi üçün riskli sahə olmasına baxmayaraq, kənd təsərrüfatının kreditləşdirilməsi cari ilin yanvar-iyun ayları ərzində 10 milyon 661 min manata çatmış və verilmiş kreditlərin 25,8 faizini təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 257 min manat və ya 27 faizlik artıma nail olunmuşdur. Bu göstəricinin artması təsadüfi deyil. Bu gün muxtar respublikamızda əhalini zəruri qida və kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Həmin potensialın dəyərləndirilməsi üçün kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin stimullaşdırılması vacib məsələdir. Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermerlərə, sahibkarlara güzəştlə verilən aşağı faizli kreditlər böyük əhəmiyyətə malikdir.
Bu müddət ərzində kənd təsərrüfatının kreditləşməsində heyvandarlığın inkişafı xüsusi yer tutmuşdur. Belə ki, bu sahəyə 8 milyon 314 min manat kredit verilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları “2012-­2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda bank sektorunun qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə bu sahəyə kreditlərin verilməsini davam etdirmişlər. Ümumilikdə, 2015-ci ilin ilk altı ayı ərzində bitkiçiliyin və meyvəçiliyin inkişafı məqsədilə 1 milyon 535 min manat həcmində kredit resursları cəlb edilmişdir. Arıçılığın və quşçuluğun inkişafı da diqqətdən kənarda qalmamış və bu məqsədlə cəlb edilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 491 min manat artaraq 812 min 900 manata çatmışdır. Kənd təsərrüfatının digər sahələrinə də kreditlərin verilməsi davam etdirilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində 2015-ci ilin ilk altı ayı ərzində “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən 83 nəfər fiziki şəxsə 107 ədəd, 888 min 960 manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilmişdir.
Banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. 2015-ci ilin 1 iyul tarixinə 2286 hüquqi, 42475 fiziki şəxs olmaqla, 44761 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 41044-ü işlək hesab olmuşdur ki, onların 1356-sı hüquqi, 39688-i fiziki şəxsdir.
2015-ci ilin yanvar-iyun ayları ərzində 41 hüquqi, 6470 fiziki şəxs olmaqla, 6511 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 41-i hüquqi, 6470-i fiziki şəxsdir.
Cari ilin birinci yarısında Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 215 milyon 69 min manat nağd pul dövriyyəyə buraxılmışdır.
“Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmiş, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılmışdır. Artıq muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumları, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, gömrük rüsumlarını, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsini elektron ödəniş formasında aparırlar.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilmiş, nağdsız əməliyyat aparmayan sahibkarlarla maarifləndirici görüşlər təşkil edilmiş, müvafiq tövsiyələr verilmişdir. Tədbirlər planında nəzərdə tutulmuş işlərin icrasının nəticələrini cəmiyyətə çatdırmaq məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Nağdsız ödənişlər: mövcud vəziyyət, inkişaf perspektivləri” adlı jurnal nəşr edilmişdir. Jurnalda görülmüş işlərlə bərabər, nağdsız ödənişlərlə bağlı ictimaiyyəti maraqlandıran bir çox mövzulara da toxunulmuş və muxtar respublikanın bütün rayonlarının bu sahədə apardıqları fəaliyyətin nəticələri ayrı-ayrılıqda təhlil edilmişdir.
2015-ci ilin yanvar-iyun ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 361 min manat artaraq 8 milyon 131 min manat təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşların kommunal ödənişlərini POS-terminallarla yanaşı, ödəniş kartlarından istifadə etməklə internet üzərindən həyata keçirmələri də təmin olunmuşdur. Bu müddət ərzində “Naxçıvan Su-Kanalizasiya” Açıq Səhmdar Cəmiyyətində POS-terminalların quraşdırılmasına başlanılmış və 5 ədəd POS-terminal quraşdırılmışdır.
2015-ci ildə qarşıya qoyulmuş əsas hədəflərimizdən biri də Naxçıvan şəhərində sərnişindaşımada gediş haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanının yaradılmasından ibarətdir.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 iyul 2015-ci il tarixə onların sayı 997 ədəd olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 351 ədəd artmışdır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartlarının sayı ötən ilin müvafiq dövründə 193 min 696 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartlarının ümumi sayı 213 min 95 ədədə çatmış və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 399 ədəd artmışdır. Vətəndaşların əməkhaqqı, pensiya və müavinətlərinin ödəniş kartları vasitəsilə ödənilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyon 880 min manat, o cümlədən xarici valyuta ilə 3 milyon 781 min manat təşkil edir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 174 min manat artmışdır.
2015-ci ilin qarşıdakı dövründə də muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları tərəfindən elektron ödəniş məkanının formalaşdırılması, valyuta mübadiləsi əməliyyatlarının qanunvericiliyə və mövcud qaydalara uyğun aparılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, bank infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların həcminin artırılması, bank resurslarının iqtisadiyyatın real sektoruna, xüsusilə kənd təsərrüfatı və sənayenin inkişafına yönəldilməsi prioritet sahə kimi nəzarətdə saxlanılaraq icrası təmin ediləcəkdir.

Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR