22 Dekabr 2024, Bazar

Müstəqillik illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın əsasını qoyan ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının reallaşması bu gün yüksək iqtisadi artımla nəticələnməkdədir. Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu icrası makroiqtisadi göstəricilərin hər il dinamik yüksəlişi ilə nəticələnmiş və 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun həcmi 2 milyard 103 milyon 424 min manata çatmışdır. Görülən kompleks tədbirlər sayəsində Ümumi Daxili Məhsulun həcminin 1995-ci illə müqayisədə 48 dəfə artması adambaşına düşən Ümumi Daxili Məhsulun müvafiq dövrlə müqayisədə 38 dəfə, əhali gəlirlərinin isə 51,5 dəfə artması ilə nəticələnmişdir.

İqtisadi artımın makroiqtisadi göstəricilərindən biri olan Ümumi Daxili Məhsul ölkə və ya regionda il ərzində yerli və xarici şirkətlər tərəfindən istehsal edilən bütün son hazır əmtəələrin və xidmətlərin məcmusunu ifadə etməklə, iqtisadiyyatda hər kəsin ümumi gəlirləri, həmçinin əmtəə və xidmətlərin alınmasına çəkilən xərclərlə ölçülür. Bu iki göstəricinin məbləği eyni bir rəqəmi ifadə etməsi ölkənin iqtisadiyyatında ümumi gəlirin ümumi xərclər hesabına formalaşması ilə izah olunur. Ümumi Daxili Məhsul iqtisadi fəaliyyətin təkmilləşdirilmiş ölçüsü olub, insanların yaxşı yaşaması üçün lazım olan əsas şərtlərdən biridir. Yüksək Ümumi Daxili Məhsul istehsalına malik olan ölkə öz vətəndaşlarının qayğısına qalır, hərtərəfli inkişafa diqqət yetirir, insanların maddi ehtiyaclarının ödənilməsinə geniş imkanlar açır. Ümumi Daxili Məhsulun həcmi yüksək həyat səviyyəsi ilə əlaqəli olub, insanların ömür müddəti və onların savadlılıq dərəcəsi ilə xarakterizə edilir. Ümumi Daxili Məhsulun yüksək olması ölkənin yaradıcı insan potensialını reallaşdırmağa imkan verir.

Muxtar respublikamızın sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən son 17 ildə həyata keçirilən islahatlar nəticəsində ciddi iqtisadi uğurlara nail olunmuş, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, muxtar respublika iqtisadiyyatında həyata keçirilən tarazlaşdırılmış iqtisadi siyasət öz bəhrəsini vermiş, əldə edilmiş makroiqtisadi sabitlik innovasiyalı iqtisadiyyata keçidin təmin olunması və Ümumi Daxili Məhsulun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Yeni müəssisələrin və iş yerlərinin yaradılması, kommunal xidmət və sosial infra­struktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması nəticəsində insanların maddi-rifah halının yüksəlməsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
İdxalın strukturunda texnologiyaların xüsusi çəkisinin artması ilə yüksək keyfiyyətli məhsul istehsalı, yeni texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləşdirməklə rəqabət qabiliyyətinin artırılması, əlverişli biznes mühitinin yaradılması məhsul istehsalının artmasına təkan vermiş, 1995-ci ilə nisbətən 2012-ci ildə sənaye məhsulunun həcmi 87,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 8,3 dəfə, nəqliyyat sektorunda yükdaşımalar 22 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 101 dəfə artmışdır. Həmin dövr ərzində əsas kapitala yönəldilmiş investisiyaların həcmi 322 dəfə yüksəlmişdir ki, bu da tikintinin həcminin dinamik şəkildə artması ilə nəticələnmişdir.
Ümumi Daxili Məhsulun tərkibində malik olduğu paya görə 26,9 faizlik xüsusi çəkiyə qədər yüksələn sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu sahədə sürətli inkişafa nail olunmuş və aqrar region kimi tanınan muxtar respublikada sənayeləşmə prosesinə start verilmişdir. Təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənaye müəssisələrinin bərpa olunması və yenidən qurulması, müəssisələrin dünya standartlarına uyğun texnologiyalarla təmin olunması, səmərəli kredit mexanizminin qurulması, xarici bazarlara çıxış imkanlarının sadələşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmiş, sənaye Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yerə sahib olmuş və təkcə 2012-ci ildə 799492,4 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı üzrə digər iqtisadi fəaliyyət sahələrində də dinamik inkişaf əldə olunmuş, 2012-ci ildə tikinti sahəsi 25,8, kənd təsərrüfatı sahəsi isə 11,8 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində öz yerini almış və beləliklə, Ümumi Daxili Məhsulun 64,5 faizi məhsul istehsalı, digər 35,5 faizi isə xidmət və xalis vergilər hesabına formalaşmışdır.
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər ümumi gəlirlərin əsas hissəsini təşkil edir və əhali gəlirlərinin artmasının əsas mənbəyi rolunu oynayır. Muxtar respublikada azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması nəticəsində iqtisadiyyatın davamlı inkişafına nail olunmuş, Ümumi Daxili Məhsulun tərkibində özəl bölmənin payı 87 faiz təşkil etmişdir ki, bu da öz əksini məşğulluğun səviyyəsinin yüksəlməsilə orta aylıq əməkhaqqının məbləğinin artmasında tapmışdır. Əhali gəlirlərinin dinamik artımı nəticəsində muxtar respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq əməkhaqqı 2012-ci ildə 365 manat təşkil etmişdir ki, bu da 1995-ci illə müqayisədə 23 dəfə çoxdur.
Əhalinin orta gəlir və xərclərini ifadə edən adambaşına düşən Ümumi Daxili Məhsul hər bir vətəndaşın iqtisadi rifah ölçüsü olub, insanların alıcılıq qabiliyyətini müəyyən edir. Muxtar respublikada əhalinin alıcı­lıq qabiliyyətinin yüksəlməsi, öz növbəsində, istehlak bazarının canlanmasına səbəb olmuş, ötən il əhali tərəfindən 1 milyard 125 milyon manatdan çox əmtəə və xidmət istehlak olunmuşdur ki, bu da 1995-ci ilə nisbətən 28 dəfə çoxdur. İstehlak olunan məhsul və xidmətlərin 975352,6 min manatı pərakəndə əmtəə dövriyyəsinin, 149734,9 min manatı isə pullu xidmətlərin payına düşür.
Gəlirlərin artması istehlak xərclərinin strukturunun dəyişməsinə səbəb olur, nəticədə, əhali gəlirləri artdıqca ərzaq məhsullarına çəkilən xərclərin xüsusi çəkisi azalır və rifah səviyyəsi bir o qədər artır. İstehlak strukturunda ərzağa olan tələbatın azalması onun miqdarının azalması ilə deyil, gəlirlərin artması sayəsində ərzaqla yanaşı, digər məhsulların istehlakının da artması ilə izah olunur.
Bütün bu göstəricilər müstəqillik illərinin əvvəllərində mövcud olan iqtisadi tənəzzül dövrü ilə iqtisadi yüksəliş illərində əhalinin həyat səviyyəsi arasındakı kəskin fərqi və ulu öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının düzgünlüyünü bir daha sübut edir.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR