Bu gün yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri sırasında yer alır. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, rəqabətə davamlılığı, ixrac potensialının artırılması yerli və keyfiyyətli məhsulların istehsalından birbaşa asılıdır.
Görülən işlər sayəsində hazırda muxtar respublikamızda müxtəlif ərzaq sahələri üzrə istehsal həcmi əhəmiyyətli dərəcədə genişlənib. Məsələn, qida rasionunda və əhalinin ərzaq səbətində mühüm paya malik quşçuluq məhsulları sahəsində ölkəmizdə olduqca mühüm işlər görülür və bu sferada dövlət dəstəyi sayəsində vəziyyətin arzuolunan həddə çatdırılması üçün konkret addımlar atılır. Bunun nəticəsidir ki, artıq muxtar respublikada quş ətinə olan tələbat yerli istehsal hesabına ödənilir.
Ümumiyyətlə, muxtar respublikada quşçuluq sahəsinin inkişaf etdirilməsi, əhalinin keyfiyyətli quş əti, yumurta və digər quşçuluq məhsulları ilə təmin edilməsi qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Dünyanın bir çox ölkələrində də quşçuluq sənayesi kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində aparıcı yer tutur. Quşçuluq heyvandarlığın ən tezyetişən və gəlirli sahələrindən biridir. Ona görə də bu sahəni inkişaf etdirməklə ət və yumurta kimi qiymətli yeyinti məhsullarının miqdarını sürətlə artırmaq və əhalinin həmin məhsullara olan tələbatını ödəmək mümkündür.
Muxtar respublikamızda quşçuluğun inkişaf tarixindən və onun səciyyəvi xüsusiyyətlərindən görünür ki, əhali bütün dövrlərdə bu sahənin inkişaf etdirilməsinə, məhsuldarlığın yüksəldilməsinə, mövcud olan cinslərin artırılmasına xüsusi diqqət yetirmişdir.
Muxtar respublikamızda bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin daha keyfiyyətli yerli məhsullarla təmin olunması, quş ətinə olan tələbatın ödənilməsi məqsədilə yaradılan broyler müəssisələri əhalinin bu vacib ərzaq məhsulları ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Quşçuluğun inkişafı məqsədilə Sahibkarlığa Kömək Fondu tərəfindən 2000-ci ildən 2015-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 7.025.500 manat kredit verilmişdir. Görülmüş tədbirlərin nəticəsi olaraq son illərdə istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 64-ə çatmışdır. Yaradılmış iri broyler təsərrüfatlarından “Araz-3”, “Ləzzət Broyler”, “Kırna” Məhdud Məsuliyyətli cəmiyyətlərində, “Ordubad Quşçuluq” Açıq Səhmdar Cəmiyyətində əhalinin tələbatını ödəyən müxtəlif çeşidlərdə quş əti məhsulları istehsal edilir. Bundan başqa, Şərur rayonundakı Mahmudkənddə fiziki şəxs Vəli Qasımov tərəfindən istehsal gücü ildə 1500 baş olan fərdi quşçuluq təsərrüfatının və Culfa rayonunun Kırna kəndində “Kırna” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal gücü saatda 4500 ədəd quş kəsimi sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Muxtar respublikada heyvandarlığın və quşçuluğun inkişafı məqsədilə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən 2011-ci ildə istehsal gücü saatda 3 ton, 2012-ci ildə istehsal gücü saatda 10 ton olan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması da muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaratmış, bu sahədə məhsul istehsalı artımına nail olunmuşdur.
Muxtar respublikada yaradılmış iri broyler və fərdi quşçuluq təsərrüfatları muxtar respublikanın quş ətinə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə, istehlakçıların hüquqlarının qorunmasına, ümumilikdə, kənd təsərrüfatının digər sahələrinin inkişafının sürətlənməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratmaqdadır.
Bütün bunlar göstərir ki, muxtar respublikada quşçuluq təsərrüfatlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu sahənin inkişafı ilə bağlı qarşıya qoyulan konkret tapşırıqlar dövlətimizin yerli istehsala verdiyi önəmlə bərabər, ərzaq təhlükəsizliyinin də təminatının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti