Şərur rayonunda tikinti-quruculuq tədbirləri hesabına əsaslı yeniləşmə prosesi cari ildə də uğurla davam etdirilir, rayon mərkəzində, kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlər inşa olunur.
Onlardan biri rayon mərkəzində 2 nömrəli tam orta məktəb üçün tikilən yeni binadır. Burada “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları çalışırlar. Obyektdə dəmir-beton konstruksiyaların quraşdırılması həyata keçirilir. Yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün nəzərdə tutulmuş binanın tədris korpusunda dam örtüyü dəyişdirilib, hazırda binadaxili tikinti işləri görülür. Məktəbin yataqxana binası da yenidən qurulur.
Quruculuq işlərinə start verilmiş yaşayış məntəqələrindən biri də Kürçülü kəndidir. Bu yaşayış məntəqəsində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin bir qrup inşaatçısı 216 şagird yerlik 2 mərtəbəli məktəb binasının yenidən qurulması ilə məşğuldur.
Adıçəkilən yaşayış məntəqəsində inşa olunan kənd mərkəzi də 2 mərtəbədən ibarətdir. Obyektin birinci mərtəbəsində poçt, ATS, kitabxana, polis və baytarlıq məntəqələri üçün otaqlar ayrılacaq. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, klubun əməkdaşları ikinci mərtəbədə fəaliyyətlərini davam etdirəcəklər. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də bu mərtəbədə otaqlar ayrılacaq.
Kompleks quruculuq işləri Axaməd kəndini də əhatə edib. Üç mərtəbədən ibarət olan 192 şagird yerlik məktəb binasında müəllim və şagirdlərin ixtiyarına laboratoriyalar, 12 sinif otağı, idman zalı və idman müəllimləri üçün otaqlar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər veriləcək.
Axaməddə də kənd mərkəzi inşa olunur. Müasir iş şəraiti yaradılacaq 2 mərtəbəli kənd mərkəzi axamədlilərin mövcud problemlərinin həllində mühüm rol oynayacaq. Bərbərxananın, gözəllik salonunun, ərzaq və təsərrüfat malları mağazalarının, həmçinin ət satışı dükanının fəaliyyət göstərəcəyi xidmət mərkəzi də kənd sakinlərinə dövlət qayğısının ifadəsidir.
Oğlanqala kəndində həyata keçirilən quruculuq tədbirləri “Artay” LTD Tikinti Şirkətinin inşaatçılarına həvalə edilib. Şirkətin bir qrup inşaatçısı kənd məktəbinin binasında əsaslı təmir-tikinti işləri aparmaqla məşğuldur. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 468 şagird yerlik məktəbin yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulub. Binanın dam örtüyü və döşəməsi vurulub, qapı və pəncərələr salınıb, daxildə və fasad hissədə suvaq işlərinə başlanılıb.
Şirkətin bir qrup inşaatçısı isə kənddəki köhnə mədəniyyət evinin binasında çalışır. Yenidən qurulan 2 korpuslu binanın birinci korpusunda kənd mərkəzi, ikinci korpusunda isə həkim ambulatoriyası yerləşəcək.
Tikinti-quruculuq tədbirləri yol infrastrukturunu da əhatə edir. Cari ilin ilk 6 ayında Şərur şəhərinin, Yengicə, Aralıq, Məmmədsabir, Sərxanlı kəndlərinin daxili yollarında, Şərur şəhərindən Naxçıvan-Sədərək magistral yoluna uzanan 4,5 kilometrlik yolda təmir işləri başa çatdırılıb.
Xəbərlər şöbəsi