Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk altı ayı ərzində də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Bu dövr ərzində ümumi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5,5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil etmiş, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 6,1 faiz artaraq 2465 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 32,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 60,8 faiz təşkil etmişdir.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-iyun ayları ərzində sənaye məhsulunun həcmi 3,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 9,4 faiz, nəqliyyat sektorunda yük daşınması 3,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz, o cümlədən mobil rabitə xidməti 1,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 6,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,2 faiz, ixracın həcmi 5,3 faiz, əhalinin gəlirləri 5,2 faiz, hər bir nəfərə düşən gəlirlər 4,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,6 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
Sənaye
Son illər muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sənayeləşmə prosesi daha da sürətləndirilmiş, rəqabətədavamlı yeni istehsal və xidmət sahələri yaradılmaqla bu sahənin dinamik inkişafı təmin edilmişdir.
2015-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 491 milyon 381 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 33 milyon 266 min manatlıq, qeyri-dövlət sektorunda isə 458 milyon 115 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
Cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 28 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 47 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən cari ilin ilk altı ayı ərzində təsərrüfat subyektlərinə 10377,9 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 4,6 dəfə çoxdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2015-ci ilin ilk altı ayı ərzində 145 milyon 857 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada etibarlı ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilmişdir. Cari ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində qərargah binasının, yaşayış binasının, əsgər yataqxanasının, iki anbarın tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, yaşayış binasının, iki əsgər yataqxanasının, əsgər yeməkxanasının, texniki nəzarət məntəqəsinin, anqarın tikintisi davam etdirilmişdir.
Naxçıvan Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilir.
Şərur rayonunda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin və Kəngərli rayonunda su anbarının tikintisi, Ordubad rayonunda “N” hərbi hissənin avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövrü ərzində Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni “NAZ-Lifan” markalı xidməti avtomobil, 20 ədəd “Kamaz” markalı yük maşını, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet verilmiş, maddi-texniki baza daha da möhkəmləndirilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikanın dinamik inkişafını təmin etmək məqsədilə cari ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 527 milyon 928 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,3 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 468 milyon 102 min manatı və ya 88,7 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Ötən dövr ərzində muxtar respublikada 154 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
2015-ci ilin ilk altı ayı ərzində 13 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmışdır. 20 inzibati binanın tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Kənd yaşayış məntəqələrində infrastruktur quruculuğu tədbirləri cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, 8 kənd mərkəzi istifadəyə verilmiş, hazırda 14 kənd mərkəzinin inşası davam etdirilir.
Cari ilin ötən dövrü ərzində yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması məqsədilə 5 ədəd kommunal təyinatlı avtomobil alınmışdır.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. 3 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilir.
Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin də tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 230 min 790 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 0,7 faiz çoxdur.
Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində 1 iyul 2015-ci il tarixə 224,8 kilometr məsafədə içməli su və 218,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir.
Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 546,1 kilometr məsafədə içməli su və 333,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir. Muxtar respublikada içməli su və kanalizasiya xətlərinin çəkilişi, 19 subartezian quyusunun tikintisi üzrə işlər davam etdirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi üzrə həyata keçirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ilin ötən dövrü ərzində də diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aparılmış tədbirlərin nəticəsidir ki, cari ilin ötən dövrü ərzində bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilin yanvar-iyun aylarına nisbətən 3,5 dəfə artaraq 54 milyon 783 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 91,1 faiz artaraq 56 milyon 88 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. Həyata keçirilən tədbirlərə uyğun olaraq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 90 ədədi 2015-ci ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1595 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilmişdir. 2015-ci ilin ötən dövrü ərzində 106 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 5 ədədi isə nağd yolla satılmışdır.
Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılaraq 50 manata çatdırılmışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 5939,1 ton mineral gübrə ilə təmin olunmuşlar.
2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 2014-cü ilin məhsulu üçün əkilmiş sahədən 585 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 6 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2015-ci ilin məhsulu üçün 36237 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491 hektarında isə arpa əkilmişdir. Hazırda taxıl sahələrində məhsul tədarükü davam edir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2015-ci ildə 2967 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2014-cü ildə əkilmiş sahədən 5 hektar çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərmişdir. 2015-ci ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 0,3 faiz, tərəvəz istehsalı isə 2,1 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ilin ötən dövrü ərzində 4 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. 2015-ci ilin ilk altı ayı ərzində bank və kredit təşkilatları tərəfindən bu sahəyə 8313,8 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur. Hazırda 5 heyvandarlıq təsərrüfatının yaradılması və 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.
2015-ci ilin ilk yarımili ərzində heyvandarlıq təsərrüfatlarında süni mayalandırma işi daha da genişləndirilmiş və 2729 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki dövrdə mayalandırılmış inək və düyələrdən 2421 baş sağlam buzov alınmışdır. Muxtar respublikaya cari ilin ötən dövrü ərzində 249, ümumilikdə isə 1927 baş damazlıq cins mal-qara gətirilmişdir.
1 iyul 2015-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 116 min 161 baş, qoyun və keçilərin sayı 723 min 290 baş olmuşdur ki, bu da 1 iyul 2014-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 2 və 3,1 faiz üstələyir.
2015-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 11115,7 ton ət, 46304,8 ton süd istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 5,9 və 1,2 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi və ümumilikdə, kənd təsərrüfatı sahəsinin dinamik inkişafı istiqamətində 1 balıqçılıq təsərrüfatı yaradılmış, hazırda 1 quşçuluq və 2 arıçılıq təsərrüfatlarının yaradılması üzrə işlər davam etdirilir.
Cari ilin ilk yarımili ərzində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 10661,3 min manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 26,9 faiz çoxdur.
2015-ci ilin yanvar-iyun aylarında 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz çox, yəni 110 milyon 870 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş və cari ilin ötən dövrü ərzində muxtar respublikada 38 milyon 563 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, cari ilin ötən dövrü ərzində Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Ordubad rayonunda Aza-Dəstə kanalının tikintisi, Dəstə kəndinə Araz çayından suvarma su xəttinin çəkilişi, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində kollektorun təmizlənməsi başa çatdırılmışdır.
Şərur rayonunun Püsyan kəndində suvarma su xəttinin, Babək rayonunun Qoşadizə kəndində drenaj və suvarma xətlərinin çəkilişi, Culfa rayonunda “Yaycı” gölünün sugətirici kanalında və “Bam” kanalında bərpa işləri başa çatdırılmışdır.
Babək rayonunda yeraltı suvarma və drenaj şəbəkələrinin, Şərur rayonunda Arpaçayda və Babək rayonunun Vayxır kəndi ərazisində istiqamətləndirici bəndlərin tikintisi davam etdirilir.
Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, Xanlıqlar və Püsyan kəndləri arasındakı suvarma kanalının yenidən qurulması, Babək rayonunun Xal-xal və Cəhri kəndlərində drenaj xətlərinin çəkilişi davam etdirilir.
Culfa rayonunda Xanəgah sol kanalının təmizlənməsi başa çatdırılmış, Araz çayında sahilbərkitmə işlərinin, Babək rayonunda “Qahab” selovunda və Naxçıvançayda istiqamətləndirici bəndlərin tikintisi hazırda davam etdirilir.
Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Sədərək rayonunda kollektor və drenajların bərpası, Araz çayından sugətirici kanalın təmizlənməsi davam etdirilir.
Muxtar respublikada 7 subartezian quyusunun bərpası, 5 kəhrizin təmiri başa çatdırılmış, 3 subartezian quyusunun tikintisi, 1 subartezian quyusunun və 1 kəhrizin bərpası, 5 kəhrizin təmiri davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində aparılan tədbirlərin intensivliyi cari ildə də saxlanılmış, ilin əvvəlindən 250 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 217 min ədəd ağac və bəzək kolları əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Əhalinin həyat fəaliyyətini təmin edən və iqtisadiyyatın aparıcı qüvvəsi olan nəqliyyat sahəsinin inkişafı istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomobil yolunun tikintisi, Culfa rayonunun Bənəniyar kəndində avtomobil yolunun yenidən qurulması, Gal-Şurud avtomobil yolunun isə təmiri başa çatdırılmışdır.
Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm- Arazkənd dairəvi avtomobil yolunun və Culfa rayonunda Kırna-Gal avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Şərur rayonunda Cəlilkənddə və Püsyan kəndində daxili avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində 5-ci məhəllədə, Nizami, İ.Səfərli küçələrində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Şərur rayonunun Tənənəm kəndində avtomobil yolunda istinad divarının tikintisi, Şahbuz rayonunun Gömür kəndində avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Axaməd, Babək rayonunun Xal-xal və Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Saltaq kəndlərində avtomobil yollarının yenidən qurulması hazırda davam etdirilir.
Culfa rayonunda Əlincə qalasına gedən avtomobil yolunun tikintisi, Şərur rayonunun Yuxarı Yaycı, Ordubad rayonunun Tivi, Culfa rayonunun Qızılca, Kəngərli rayonunun Yurdçu kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin tikintisi başa çatdırılmış, 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Ordubad rayonunun ucqar kəndlərinə bir istiqamət üzrə yeni marşrut açılmış, Naxçıvan şəhərində yeni taksi xidməti fəaliyyətə başlamış, qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Ordubad yol sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Şərur və Ordubad şəhərlərində aviakassa binalarının tikintisi başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında yenidənqurma işləri davam etdirilir.
İlin əvvəlindən ötən dövr ərzində muxtar respublikada nəqliyyat sektorunda 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 2,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 22 milyon 652 min manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsinin davamlı inkişafı istiqamətində 2015-ci ilin ötən dövrü ərzində Babək rayonunda rabitə evi istifadəyə verilmişdir. Burada yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılmış, dövri mətbuatın satışı, teleqram, məktub, pul baratları və bağlamaların qəbulu və göndərişi, rabitə, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması, mobil cihazların qeydiyyatı və digər bank-maliyyə xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdır.
Muxtar respublikada poçt sisteminin təkmilləşdirilməsi məqsədilə cari ilin ilk altı ayı ərzində 8 poçt şöbə və bölməsi avtomatlaşdırılmışdır.
Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilmiş, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilmiş, Naxçıvan şəhərinin Qaraçuq və Şahbuz rayonunun Gömür kəndlərində poçt bölmələri yeni binalara köçürülmüş, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunmuşdur.
Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulmuş, Babək rayonunda ümumi tutumu 1024 nömrə olan mərkəzi avtomat telefon stansiyası yeni rabitə evinə, Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomat telefon stansiyası isə yeni binaya köçürülmüşdür.
Cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisində rəqəmli radio yayımı təmin edilmişdir.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası 2015-ci ilin yanvar-iyun aylarında da davam etdirilmiş, 28 fərdi mənzilə optik kabel xətti çəkilmişdir.
Muxtar respublikada cari ilin ilk yarımili ərzində 59,2 kilometr məsafədə fiber-optik kabel xəttinin çəkilişi aparılmışdır.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər davam etdirilir.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 1672 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 iyul 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatmışdır.
2015-ci ilin ilk altı ayı ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2014-cü ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyərək 23 milyon 813 min manat olmuşdur. Ümumi xidmətlərin 84,1 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi cari ilin ötən dövrü ərzində də davam etdirilmişdir.
Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində Günəş elektrik stansiyasının inşasına başlanılmış, bundan əlavə, Ordubad rayonunda su elektrik stansiyasının tikintisi uğurla davam etdirilir. Bu gün davam etdirilən enerji layihələrinin icrası yaxın illərdə muxtar respublikada elektrik enerjisinə olan tələbatın su və Günəş elektrik stansiyalarının hesabına təmin olunmasına imkan yaradacaqdır ki, bu da muxtar respublikada enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, ekoloji tarazlığın qorunmasına müsbət təsir göstərəcəkdir.
Cari ilin yanvar-iyun ayları ərzində Kəngərli rayonunda 35 meqavolt-amper gücündə 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma, Babək rayonunda 1260 kilovolt-amper gücündə 35/10 kilovoltluq “Nehrəm” yarımstansiyasında yenidənqurma işləri başa çatdırılmış, Babək rayonunda 90 meqavolt-amper gücündə “Araz” yarımstansiyasında avadanlıqların yenilənməsi işləri hazırda davam etdirilir.
Muxtar respublikada 51 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 19 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
Təbii qazla təminat üzrə 1 iyul 2015-ci il tarixə muxtar respublikada 82 min 844 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ərazisində yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
2015-ci ilin ilk yarımili ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 19610,3 min manat təşkil etmişdir. Bu kreditlərdən 14361,3 min manatı fərdi sahibkarlığın inkişafına, 5249 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, cari ilin ilk altı ayı ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 41355 min manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 44,5 faiz çoxdur.
2015-ci ilin ilk altı ayı ərzində muxtar respublikada 12 hüquqi və 1623 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 354 növdə məhsul istehsal olunur. Bu məhsulların 119 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,2 faiz artaraq 794 milyon 636 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,1 faizlik artımla 1803 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 392,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məqsədilə muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 1830 yeni iş yeri yaradılmışdır ki, bunun da 1789-u və ya 97,8 faizi daimi iş yerləridir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 574 milyon 662 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 5,8 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürkənd və Püsyan, Babək rayonunun Qoşadizə, Culfa rayonunun Bənəniyar və Şurud, Şahbuz rayonunun Gömür kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonunda Cəlilkənddə xidmət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Axaməd, Yuxarı Yaycı və Kürçülü, Babək rayonunun Yarımca və Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Saltaq və Qızılca, Kəngərli rayonunun Yurdçu kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikada qeydə alınmış dinamik inkişaf templəri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər xarici ticarət əlaqələrinin əhatə dairəsinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 208 milyon 291 min ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 184 milyon 421 min ABŞ dollarını ixrac, 23 milyon 870 min ABŞ dollarını idxal təşkil etmiş və 160 milyon 550 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır. 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ixracın həcmi 5,3 faiz artmış, idxalın həcmi isə 58,4 faiz azalmışdır.
Muxtar respublikada ümumi inkişafa uyğun olaraq bank sektorunun da fəaliyyəti diqqətdə saxlanılmışdır.
Əhalinin nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə cari ilin ilk altı ayı ərzində 130 POS-terminal quraşdırılmış və bu göstərici 1 iyul 2015-ci il tarixə 997-yə çatmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 iyul 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 44761-ə çatmışdır ki, bunun da 41044-ü və ya 91,7 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 6511 bank hesabı aktiv hesablar olmuşdur.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. Cari ilin ötən dövrü ərzində bütün sığorta növləri üzrə daxilolmalar 2 milyon 950 min 500 manat olmaqla, bir il öncəki müvafiq göstəricini 227 min 900 manat və ya 8,4 faiz üstələmişdir.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri davam etdirilir. Cari ilin ötən dövrü ərzində Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılmışdır. Mərkəzdə universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır.
“Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulmuş, virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir.
“Naxçıvan” Universitetində yeni tədris korpuslarının və sosial obyektlərin tikintisi, Naxçıvan Dövlət Texniki Kollecinin, Ordubad şəhərində Texniki Peşə Təlim və Sürücülük Məktəbinin binalarının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, hazırda təhsil ocağında inşa işləri davam etdirilir.
Bu dövr ərzində Ordubad şəhərində 810 şagird yerlik 3 nömrəli tam orta məktəb binasının tikintisi, Şərur rayonunda Kürkənddə 198 şagird yerlik, Babək rayonunun Qoşadizə kəndində 360 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Şərur rayonunda Cəlilkənddə 270 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri başa çatdırılmışdır.
Şərur rayonunun Axaməd, Babək rayonunun Xal-xal və Xəlilli, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Gal, Saltaq və Qızılca, Şahbuz rayonunun Daylaqlı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 nömrəli məktəb binasının tikintisi, Babək rayonunun Nehrəm kəndində 2 nömrəli, Şərur rayonunun Kürçülü və Oğlanqala, Ordubad rayonunun Tivi, Kəngərli rayonunun Yurdçu kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilir.
Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Sədərək rayonunda uşaq musiqi məktəbi binalarının tikintisi davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması da daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunda Cəlilkənddə həkim ambulatoriyası binasının yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Yarımca və Ordubad rayonunun Tivi kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Şərur rayonunun Oğlanqala və Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyası binalarının yenidən qurulması davam etdirilir.
Sosial layihələr çərçivəsində cari ilin ilk altı ayında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 280 cərrahi əməliyyat, o cümlədən 65 nəfər xəstədə açıq ürək, 62 nəfər xəstədə göz və 153 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmış, 16 nəfər xəstənin ürək damarlarına stent qoyulmuşdur.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 692 min 19 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,6 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğundur.
Ümumilikdə, bu dövr ərzində 494 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 157 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 175 uşağın müalicəsi təşkil edilmişdir.
Ötən dövr ərzində sağlamlıq imkanları məhdud 64 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 66 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 101 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud 10 nəfər Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 21 nəfərin ölkə daxilində müalicəsinə, 41 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Cari ilin ötən dövrü ərzində sosial qayğıya ehtiyacı olan 10 nəfərə minik avtomobilləri verilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 iyun 2015-ci il tarixə bir il öncəyə nisbətdə 4 min 314 nəfər artaraq 441 min 381 nəfər olmuşdur.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsinə də şərait yaratmışdır.
Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində təşkil edilmiş səyyari xidmət vasitəsilə yerlərdə vətəndaşlara mülkiyyət haqqında sənədlərin, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 57 milyon 21 min manatdan çox vəsait yönəldilmişdir.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2015-ci ilin ilk yarımili ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53,4 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. Bu göstərici 2014-cü ilin müvafiq dövründə isə 51 faiz təşkil etmişdir.
2015-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz, o cümlədən özəl sektor üzrə 7,6 faiz artmışdır.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər görülür. Bu sahə üzrə infrastrukturun yenilənməsi istiqamətində Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbi binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Atıcılıq və əyləncə mərkəzi yaradılmışdır.
Muxtar respublikada maddi və mənəvi dəyərlərimizin qorunması və təbliği diqqətdə saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2015-ci ilin yanvar-iyun aylarında Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi, mədəniyyət evinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası, məscidin təmiri başa çatdırılmışdır.
Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin tikintisi, Naxçıvan şəhərində Möminə xatın türbəsinin, Culfa rayonunda Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilir.
Naxçıvan şəhərində Əziz Əliyev küçəsində parkın tikintisi başa çatdırılmışdır.
Naxçıvan şəhərində və Şərur rayonunda Kürkənddə məscidlərin tikintisi, Şərur rayonunun Xanlıqlar kəndində İmamzadənin bərpası davam etdirilir.
Naxçıvan şəhərində hamam kompleksinin tikintisi davam etdirilir.
Muxtar respublikada turizm sahəsinin inkişafı və təbliği üzrə görülən işlər bu sahənin dinamik inkişafını təmin etmişdir. 2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 180 min 265 nəfər turist səfərə gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
2015-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Müayinə Mərkəzinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeməkxanasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin yenidən qurulması davam etdirilir.
Bu gün bütün sahələrdə əldə edilmiş yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlər, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üzrə görülən işlər muxtar respublikanın dinamik inkişafına etibarlı zəmin yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi