Son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılır, yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilib, mütərəqqi texnologiyalar tətbiq olunub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda fəaliyyəti bərpa edilmiş və yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 507 çeşiddə ərzaq, 235 növdə, 588 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 354 növdə, 1095 çeşiddə məhsul istehsal olunur. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, cəmi 336 növdə məhsullara olan tələbat yerli istehsal hesabına ödənilir.
Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətlərlə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Məlumat üçün qeyd edək ki, Naxçıvan Duzdağında əsaslı tədqiqat işləri aparılıb və araşdırmalar nəticəsində müəyyən edilib ki, Duzdağ mədənindən 6 min il bundan əvvəldən başlayaraq duz çıxarılıb, mədənçilik inkişaf etdirilib. Duzdağ mədənindən Erkən Tunc dövründə geniş istifadə olunub, duz sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərib.
Primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb, sovetlər dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. Lakin 1988-1993-cü illərdə bu sənaye müəssisəsinin də fəaliyyəti tamamilə dayanıb.
1993-cü ildən sonra ölkəmizdə yaradılan sabitlik və iqtisadi inkişaf yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunmasına əlverişli şərait yaradıb. Duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanmış və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilməklə müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı müəssisəsi tikilərək istehsala başlanılıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. Bu da hazır məhsulu 200, 250 və 500 qramlıq taralarda qablaşdırmağa imkan verir.
Müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal prosesinin təkmilləşdirilməsi işləri uğurla davam etdirilib, 2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb quraşdırılıb. Əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, istehsal edilən məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. Həmçinin duz mədənində istehsalatda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə ötən il bir sıra tədbirlər həyata keçirilib, 300 metrlik ehtiyat çıxışı yaradılıb. 1050 metr uzunluğunda olan şaxtaya duz hasilatını davam etdirmək üçün dövlət maliyyə dəstəyi ilə 250 metr əlavə edilib. Maililiyi 75 metr olan şaxtanın daha yüksək səviyyədə və təhlükəsiz işıqlandırılması məqsədilə yeni transformator qoyulub. Bundan başqa, buraya 750 metr yüksək gərginliyə davamlı kabel xətti çəkilib. Şaxtada çökmələrin qarşısını almaq üçün 18 yerdə bərkitmə işləri aparılıb, 2000 metrlik tros kanat yenisi ilə əvəz edilib.
İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullardan məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm nəfis tərtibatla bəzədilmiş 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.
80 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir. İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə duz yeraltı partlayış üsulu ilə əsas kütlədən ayrılıb kiçik vaqonlara yüklənərək yerüstü sahəyə daşınır. Daşduz yerüstü sahədə çeşidləndikdən sonra emal sahələrinə gətirilir. Daşduz birinci sexdə 2 mərhələdə müxtəlif avadanlıqlarda əzilərək üyüdülüb, hər ton duzun tərkibinə 85 qram yod əlavə edilməklə elevatorla ikinci sexə ötürülür. Burada isə ələkdən keçirildikdən sonra paketlənir. İstehsal olunan məhsulun taraları üzərində yod çatışmazlığının fəsadları ilə əlaqədar məlumat, duzun tərkibi, istehsal tarixi və yararlılıq müddəti göstərilir.
Daxili bazarı keyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ilin ilk 6 ayında 2792,3 ton daşduz və 1247,7 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 1114,7 ton daşduz və 1332,1 ton üyüdülmüş duz satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Keyfiyyət göstəriciləri ilə seçilən və insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılıb. Müəssisənin balansındakı yük maşınları ilə duz bazaya daşınır, oradan da sifarişə uyğun ətraf rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Ümumilikdə, müəssisədə istehsal olunan daşduzun 72 faizi, narın duzun isə 65 faizi Bakı şəhərində və ölkəmizin digər regionlarında satışa çıxarılıb.
Kərəm Həsənov