Son illər həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada sosial-iqtisadi inkişafı təmin etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün geniş imkanlar yaradılmışdır. Yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması bol məhsul istehsalına səbəb olmuş və ixracın həcmi xeyli artmışdır.
2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi isə aqrar sahənin inkişafına əlavə stimul vermişdir. Fermer və torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaları və mineral gübrələrlə təminat bu sahəyə marağı artırmışdır. Artıq muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də xarici ölkələrə ixrac olunur.
2015-ci ilin 6 ayı ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 208 milyon 291 min 100 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 184 milyon 420 min 600 ABŞ dollarını ixrac, 23 milyon 870 min 500 ABŞ dollarını idxal təşkil etmişdir. 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ixracın həcmi 5,3 faiz artmış, idxalın həcmi isə 58,4 faiz azalmışdır. Ümumi ixracın 145 milyon 857 min 200 ABŞ dollarını sənaye məhsulları, 38 milyon 563 min 400 ABŞ dollarını isə kənd təsərrüfatı məhsulları təşkil etmişdir. İxrac olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ildəkinə nisbətdə 5,9 faiz çox olmuşdur. Ümumiyyətlə, 2015-ci ilin birinci yarımilində 875,3 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 690,1 ton meyvə və tərəvəz məhsulları muxtar respublikadan ixrac edilmişdir. Qeyd edək ki, 2014-cü ilin müvafiq dövründə ixrac qismində göndərilən kənd təsərrüfatı məhsullarının həcmi cəmi 125,1 ton olmuşdur.
Göründüyü kimi, qəbul olunan dövlət proqramlarının uğurlu icrası, həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada bütün sahələrlə yanaşı, kənd təsərrüfatının da dinamik inkişafına təkan vermiş, ixracyönümlü məhsulların çeşidinin və həcminin artırılmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti