23 Dekabr 2024, Bazar ertəsi

Dağlıq zonada yerləşən Şahbuz rayonunda son illər digər kənd təsərrüfatı sahələri kimi, taxılçılığa da maraq xeyli artıb.
Bölgənin relyefi muxtar respublikanın digər yerləri ilə müqayisədə burada məhsul tədarükünün bir qədər çətinliyini ortaya qoyur. Buna baxmayaraq, əvvəlcədən həyata keçirilən tədbirlər rayonun torpaq mülkiyyətçilərinin çəkdiyi zəhmətin hədər getməsinin qarşısını alır. Rayon ziyalısı və el ağsaqqalı Qaşdar Əliyev deyir ki, sovet dönəmində belə bir fikir yayılmışdı ki, dağlıq zonalarda taxıl əkmək zəhmətin hədər getməsi deməkdir. Ancaq son illərdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər göstərdi ki, bu fikir kökündən səhvdir. Qayğı, maraq olarsa, zəhmət çəkilərsə hər şeyə nail olmaq mümkündür. Bunu elə Şahbuz rayonunun timsalında görmək olar. Bir neçə ildir ki, rayonda taxılçılıqda əldə edilən yüksək nəticələr belə deməyə əsas verir. Dağlıq rayonda nail olunan məhsuldarlıq heç də aran zonalardan aşağı deyil.

Öyrəndik ki, şahbuzlular cari ilin məhsulu üçün 1344 hektar sahədə taxıl yetişdiriblər. Artıq məhsul tədarükünə başlanılıb. Türkeş, Sələsüz, Badamlı kəndlərindən start götürən taxıl yığımında, hələlik, 4 kombaynın gücündən istifadə olunur. Bu günədək, ümumilikdə, rayon üzrə 240 hektar sahənin taxılı yığılıb. Bunun 90 hektarını buğda, 150 hektarını arpa təşkil edir.
Türkeş kənd sakini Şakir Xudiyev 12 hektar, Bayraməli Həziyev 9 hektar sahədə taxıl əkiblər. Mövsüm ərzində bütün aqrotexniki tədbirləri həyata keçiriblər. Sahələrdə bol məhsul yetişdirilib. Şakir Xudiyev deyir ki, taxılçılıqla bir neçə ildir, məşğuldur. Dövlətimizin yaratdığı şəraitdən istifadə edərək hər il yüksək məhsuldarlığa nail olur. Keyfiyyətli toxumla, gübrə ilə təmin edilir. Son illər rayonda həyata keçirilən meliorasiya və irriqasiya tədbirləri əkin sahələrinin su ilə təchizatında mühüm rol oynayıb. Bu səbəbdən də Şahbuzda əkilməmiş torpaq sahəsinə rast gəlməzsən. Taxılçılığa marağın ildən-ilə artması hərtərəfli qayğı ilə əlaqədardır. Taxıl istehsalına öz töhfələrini verən şahbuzlular bu sahəni daha da inkişaf etdirməyə çalışırlar.
Onun həmkəndlisi Bayraməli Həziyev taxıl biçinini başa çatdırıb. Deyir ki, qısa müddətdə sahənin küləşini yığışdırmalı, şum qaldırılmasına başlamalıdır. Bunun üçün də hər cür imkanlar yaradılıb. Rayonda torpaq mülkiyyətçilərinin ixtiyarına kifayət qədər texnika verilib.
Taxılçılıqla məşğul olan bir neçə torpaq mülkiyyətçisi ilə də həmsöhbət olduq. Hamısı ilin uğurlu gəldiyini bildirdi. Bu isə o deməkdir ki, cari ildə də süfrəmiz yerli taxılımızdan istehsal edilən çörəklə bol olacaq.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR