İyun ayında da hava nəqliyyatı sisteminin inkişafı, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının gücləndirilməsi işləri davam etdirilmiş, əhaliyə nümunəvi xidmət göstərilmişdir.
Ötən ay ərzində yerli hava xətti ilə 22 min 540 sərnişin, 410 min 18 kiloqram baqaj, 141 min 571 kiloqram yük və 1773 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqaməti üzrə 405 sərnişin, 6 min 474 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 479 sərnişin və 5 min 361 kiloqram baqaj daşınmışdır.
Hava limanında uçuşların təhlükəsiz təşkili məqsədilə mütəmadi tədbirlər görülür. Ötən ay da bu məsələ diqqət mərkəzində saxlanılmış, uçuş-enmə zolağı və perronda təmir işləri aparılmış, hava gəmilərinə müntəzəm texniki qulluq edilmişdir. Aerovağzal binasında yenidənqurma işləri davam etdirilmişdir.
Ötən dövrdə elektrik və işıq təchizatı sahəsində də cari təmir işləri görülmüş, dizel generatorlarına, uçuş-enmə zolağında işıq siqnal sistemlərinə texniki xidmət göstərilmiş, güc transformatorlarının çıxış cərəyanları yoxlanılmışdır. Hava limanının bazasında olan maşın-mexanizmlərin normal istismarına da diqqət göstərilmiş, xidməti avtomobillərin və digər texnikaların təmirə ehtiyacı olan hissələri yenisi ilə əvəz edilmişdir.
Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, peşəkarlıq səviyyəsinin artırılmasına da diqqət yetirilir. Ötən ay yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası yanğın təlimlərində iştirak etmiş, işçilərlə yanğına qarşı profilaktik söhbət aparılmışdır. Aviasiya təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Təhlükəsizlik personalları şəxslərə, baqaja və yüklərə ciddi nəzarət etmiş, yoxlamalar zamanı bir neçə qadağan olunmuş əşya aşkar edilmiş və aktlaşdırılaraq aidiyyəti orqana təhvil verilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanı