Muxtar respublikada torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən 2015-ci ilin iyun ayında da müvafiq tədbirlər görülmüş, hidrotexniki qurğularda tələbata uyğun təmir-bərpa işləri aparılmışdır. Belə ki, muxtar respublikanın müxtəlif ərazilərini əhatə etməklə 6,5 kilometr kanal, 3 kilometr kollektor, 43,7 kilometr ara arxları lildən təmizlənmiş, 8 kilometr içməli su, 1,8 kilometr suvarma xətti və 2 kilometr kaptaj təmir olunmuş, 3,5 kilometr yeni içməli su, 3,2 kilometr yeni suvarma xətti çəkilmiş, 300 metr uzunluğunda yeni kaptaj tikilmiş və 7,6 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır. Bu dövrdə Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində 17 kilometr suvarma və 600 metr drenaj xətti çəkilmiş, ərazidə 1800 hidrant quraşdırılmışdır.
Suvarma suyuna olan tələbatın ödənilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Ona görə də bu hidrotexniki qurğuların normal istismarına diqqət yetirilir. Ötən ay ərzində Şərur rayonunun Çəmənli və Ələkli kəndlərində subartezian quyuları qazılmış, rayonun Qarahəsənli kəndindəki 2 subartezian quyusunda, həmçinin Kəngərli rayonunun Şahtaxtı kəndindəki və Sədərəkdəki subartezian quyularında bərpa işləri davam etdirilmişdir. Şərur rayonunun Maxta kəndində isə yeni subartezian quyusunun qazılması işlərinə başlanıb. Ümumiyyətlə, bu dövrdə 81 ədəd subartezian quyusu təmir olunmuş, 14 ədəd subartezian quyusunda yeni nasos quraşdırılmışdır. Kəhrizlər İdarəsinin kollektivi isə 6 kəhrizdə təmir işlərini davam etdirmişdir.
Komitə tərəfindən həyata keçirilən tədbirlər sırasında içməli su təminatının yaxşılaşdırılması da prioritet istiqamət təşkil edir. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə ötən ayda da müvafiq işlər görülmüş, Culfa şəhərdaxili şəbəkədə 39 evin kanalizasiyası əsas kanalizasiya xəttinə birləşdirilmiş, 4 evə içməli su xətti çəkilərək sayğac quraşdırılmışdır. Bundan başqa, Naxçıvan şəhərində, Culfa və Şahbuz rayonlarındakı çirkab sutəmizləyici qurğuların və su anbarının tikintisi, eləcə də avadanlıqların quraşdırılması işləri davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin mətbuat xidməti