Söhbət Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksindən gedir
Yolumuz Babək rayonunda fəaliyyət göstərən Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksinədir. Qeyd etməliyəm ki, 3 ildir, yaradılan kompleksin məhsulları keyfiyyətinə görə özünə çoxlu alıcı qüvvəsi toplayıb. İstehsal müəssisələri arasında nümunəvi fəaliyyəti ilə seçilən kompleksin iş rejimi, istehsal prosesi ilə oxucularımızı tanış etmək üçün həmin ünvana üz tutduq.
Həftənin bazar ertəsi günü idi. Elə həmin gün kompleksdə ət kəsimi həyata keçirilirdi. Öyrəndik ki, istehsal müəssisəsində ət kəsimi həftənin bazar ertəsi və cümə axşamı günləri olur. Biz kompleksə çatanda baytar həkimi Cəlil Əhmədəliyev kəsiləcək heyvanı son dəfə baytarlıq müayinəsindən keçirirdi. İş başında söhbətə başladıq. Dedi ki, muxtar respublikanın ayrı-ayrı bölgələrində yaşayan əhalidən mövcud bazar qiymətlərinə müvafiq olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar alınaraq istehsala cəlb edilir. Sonra əlavə edir: – Bazar hər bir ölkənin mədəniyyət göstəriciləri sırasına daxil olan sahələrdən biridir. Üstəgəl ki, burada söhbət insan sağlamlığında başlıca rol oynayan qiymətli ərzaq məhsulu satılan istehsal müəssisələrindən gedir. Keyfiyyətli ət məhsulları ilə təminat insanların sağlamlığının qorunmasına xidmət edir. Bir baytar həkimi kimi bunlara çox diqqət edirəm. Çünki əgər həkim insanların sağlamlığı keşiyində durursa, baytar cəmiyyətin sağlamlığını qoruyur.
Söhbətimizi qəssablarla davam etdiririk. Kompleksdə beş qəssab çalışır. Oxuculara maraqlı ola bilər ki, bu böyük kompleksdə 5 qəssab az deyil? Qeyd edim ki, ət kəsimi qəssabların köməkliyi ilə texniki avadanlıq vasitəsilə həyata keçirilir. Burada istehsal avadanlıqları standartlara cavab verən ən müasir qurğularla təchiz olunub. Avtomatik iribuynuzlu kəsim aparatı, xırdabuynuzlular üçün qaldırıcı qarmaqlı kəsim bölməsi, kəsilən malların asqılı və döngülü qarmaq sistemi, iribuynuzlu heyvanları boydan-boya ikiyə bölmək üçün mişar və digər qurğular iş prosesini xeyli yüngülləşdirir.
Kompleksdə çalışan Zaur Rzayevlə söhbətləşirəm:
– Şərur rayonunun Xələc kəndində yaşayıram. Əvvəllər öz kəndimizdə qəssab kimi fəaliyyət göstərirdim. Bu kompleks istifadəyə verildikdən sonra burada işə başladım. Əvvəllər pərakəndə fəaliyyət göstərirdim. İndi daimi iş yerim var. Vaxtlı-vaxtında maaşımızı alırıq. Müəssisənin istehsal avadanlıqları tam müasirdir və istehsal bölməsində, demək olar ki, işin 80 faizi avtomatlaşdırılmış sistemlə həyata keçirilir. Odur ki, çox yorulmuruq. Kəndə qayıtdıqdan sonra kənd təsərrüfatı işləri ilə məşğul oluram. Özümün də mal-qaram var. Şükür ki, bir gənc ailə olaraq firavan həyat sürürük.
Qəssablardan ən gənci – Babək rayonundan olan 1993-cü il təvəllüdlü Mirəbdül Seyidov əlcəklərini geyinir. Ona yaxınlaşıram. Diqqətimi çəkən önlük olur. Öyrəndim ki, bu önlüklər setkalıdır. Aparatdan gələcək hər hansı bir təhlükənin qarşısını almaq üçündür. Ət kəsimi başa çatdıqdan sonra Şərur rayonunun Aralıq kəndindən olan qəssab Kamal Məmmədov müxtəlif proseslərdən sonra ətin yuyulması üçün aparatı işə salır. İşini çox sevir. Ona işində uğurlar arzulayıb kolbasa sexinə keçirik. Gündəlik istehsal gücü 2 ton olan sexdə qadın işçilər çoxluq təşkil edir. Onlara yaxınlaşıb həmsöhbət oluram. Məlahət Novruzova kolbasa istehsalında bəlli qarışıqları bir arada istehsala hazırlayan aparatı işə salır. Onun dedikləri də maraqlıdır:
– Uzun illərdir ki, bu sahədə çalışıram. Müxtəlif kolbasa sexlərində fəaliyyət göstərmişəm. Əvvəllər çox əziyyət çəkirdik. İndi müasir istehsal sahələrinin yaradılması bizim də işimizi yüngülləşdirib. Müasir avadanlıqlardan istifadə edirik. Gördüyünüz hər bir iş avadanlıqlar vasitəsilə həyata keçirilir. Qeyd edim ki, peşəkarlıq səviyyəmizin artırılması üçün kurslarda iştirak edirik.
Kompleskin müdiri Məmmədəmin Çəlik bizi burada istehsal olunan kolbasa və sosiskalar üçün soba, böyük soyuducular, kompüter və yardımçı təchizat qurğuları ilə tanış edir. Bildirir ki, müəssisədə gün ərzində 100 baş iribuynuzlu mal-qaranın və 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirmək mümkündür. Burada müxtəlif dondurma temperaturuna malik olan 8 soyuducu kamera yaradılıb, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə 2 ədəd soyuducu yük yeri olan nəqliyyat vasitəsi alınıb. Müəssisədə iri doğranmış, paketlənmiş, çəkilmiş, eləcə də yarımfabrikat paketlənmiş ət məhsulları istehsal olunur. İstifadə edilən xammalın mütəmadi olaraq baytar və laborator müayinədən keçirilməsi keyfiyyətli kolbasa istehsalına imkan verir.
Muxtar respublikada belə bir kompleksin fəaliyyət göstərməsi böyük əhəmiyyətə malikdir. Çünki bu müəssisənin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına imkan verib. Belə ki, müəssisədə 40 nəfər fəaliyyət göstərir. Onlardan 19 nəfər ət kəsim və saxlama bölməsində, 19 nəfər kolbasa istehsal sexində, 2 nəfər isə satış mağazasında çalışır. Həmsöhbət olduğum Naxçıvan şəhərindən Rəsmiyyə Novruzova, Babək rayonunun Nehrəm kəndindən olan Elşən Abuzərov, Ramin Əliyev və başqaları kompleksdə işlə təmin edildikləri üçün minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, əgər dövlətimiz sahibkarlığın inkişafına yüksək qayğı göstərməsəydi, belə istehsal müəssisələri yaradıla, yeni iş yerləri açıla bilməzdi.
Kompleksdən ayrılarkən satış mağazasına da baş çəkdik. Adil Bədəlov ət məhsullarını paketləyərək alıcıya təqdim edir. Alıcı Vahid İsmayılovu həmsöhbət seçirəm. O deyir:
– Bilirsiniz, Naxçıvan kolbasası Bakı şəhərinə və ölkəmizin digər bölgələrinə də aparılır. Bir neçə qohumum Bakıda yaşayır. Müntəzəm olaraq onlara Naxçıvan kolbasası alıb göndərirəm. Həmişə razılıq edirlər. Bu mağazanı seçmişəm. Çünki həm məhsullar keyfiyyətlidir, həm də xidmət yüksək səviyyədədir.
Digər alıcı İlham Novruzov isə deyir ki, həmişə buradan hazır paketlənmiş ət məhsulları alır. Əlavə edir ki, 20 il bundan əvvəl Naxçıvan Muxtar Respublikasında ticarət sahəsində yaranan pərakəndəlikdən çox əziyyət çəkib. İndi bilirik ki, burada gigiyenik qaydalara əməl edilir və keyfiyyətli məhsul istehsal olunur.
İnanırıq ki, müəssisə bundan sonra da daxili bazarı yüksəkkeyfiyyətli ət və ət məhsulları ilə təmin edəcək.
Sara Əzimova