Muxtar respublikada rabitə sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi yüksəldilir. Bu ilin iyun ayı da bu baxımdan yaddaqalan olub. Yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər ötən ay da davam etdirilmiş, Naxçıvan-Nəhəcir avtomat telefon stansiyaları arasındakı mövcud arabağlantı əlaqəsi fiber-optik kabel üzərinə köçürülmüş, Ordubad rayonunun Şəhriyar qəsəbəsi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Babək rayonunun Məmmədrza Dizə kənd avtomat telefon stansiyalarında 48 portluq yeni nəsil rabitə avadanlıqları quraşdırılmışdır. Bundan başqa Şərur rayonunun Kərimbəyli-Axaməd kəndləri arasında 2500 metr məsafədə yeraltı fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmış, 288 ədəd yeni telefon nömrəsi istismara verilmişdir. “Evədək optika” layihəsi üzrə isə 9 fərdi mənzil optik kabel xətti ilə təmin edilmişdir. Ümumiyyətlə, bu ilin ilk 6 ayı ərzində muxtar respublika ərazisində 59 min 192 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi HUAWEİ şirkətinin mütəxəssisləri ilə birlikdə Naxtel 4G LTE şəbəkəsinin qurulması işinə başlamışdır. Bu da yaxın gələcəkdə “Naxtel” abunəçiləri üçün yüksəkkeyfiyyətli rabitə və daha sürətli internetdən istifadə imkanları yaradacaqdır. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları iyun ayında da davam etdirilmiş, 2 ümumi və 2 fərdi qrup yaradılaraq 20 dinləyici kurslara cəlb olunmuşdur. Görülən işlər muxtar respublikada internet istifadəçilərinin sayının artmasına da öz müsbət təsirini göstərir. Təkcə iyun ayında 450 abunəçi genişzolaqlı internetlə təmin olunmuşdur.
Yeni texnologiyaların tətbiqi vasitəsilə dövlət orqanlarının elektron xidmətlərinin genişləndirilməsi işi də diqqət mərkəzində saxlanılır. Bu işlərin davamı olaraq ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmətlər tam avtomatlaşdırılmış və “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur.
Rabitə xidmətlərinin inkişafı poçt şəbəkəsinin də genişlənməsinə və müasir tələblərə uyğun fəaliyyətinə stimul verir. Ötən dövrdə Naxçıvan şəhərindəki 9 poçt məntəqəsində smart sayğacların yüklənməsi üçün 10 kompüter dəsti quraşdırılmış və şəbəkə üzərindən serverə qoşulmuş, poçt əməliyyatçılarına bu yeni texnoloji sistemin işçi proqramı öyrədilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın icrası istiqamətində 10 sayda buklet və 15 min ədəd poçt markası hazırlanaraq tədavülə buraxılmışdır.
Naxçıvan Muxtar Respublikası Rabitə
və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti