Bu sırada növbənöv əriklər xüsusi yer tutur
Ordubad meyvələri tarixi mənbələrdə
Ordubad rayonu bölgələrimiz içərisində bağlar diyarı kimi tanınıb. Burada yetişdirilən meyvə sortlarına həmişə yüksək qiymət verilib. Bununla bağlı “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində oxuyuruq: “Ordubad əriyi yüksək xüsusiyyətlərinə görə Cənubi Qafqazın ərik növləri içərisində ən üstün pillədə duran meyvə növü sayılırdı. Hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı. Sırf ərik ağacları ilə əhatə olunmuş torpaq sahələri iri sahibkarların əlində cəmləşdiyindən onlar böyük var-dövlət yiyəsi sayılırdılar. A.X.Pollovun hesablamalarına görə, bu cür ərik ağacları əkilmiş hər desyatin torpaq sahəsində 200 ortayaşlı ağac olurdu və bunların hərəsindən 600 pud məhsul götürürdülər. Ərik qurusunun hər pudu həmin ərazidə 50 qəpiyə satılırdı. Hər desyatin ərik bağından sahibkarlar 280 manat təmiz gəlir götürə bilirdilər...
Tarixi sənədlərdə bölgədə yetişdirilən 40 ərik növünün adı çəkilir. Bunların əksəriyyəti Ordubad əyalətinin Xanağa, Dəstə, Vənənd, Ağrı, Dizə, Düylün kəndlərində, xüsusən Vənəndçay sahillərində, eləcə də Naxçıvan ətrafında bağçılıq təsərrüfatlarında yetişdirilirdi. Təkcə Vənəndçay sahillərində özünün dadı və ətirliliyi ilə fərqlənən müxtəlif növ ərik bağları 15 desyatin bağı əhatə edirdi. Ordubad əyaləti ilə Naxçıvan rayonunda yazın əvvəli və yay aylarının müxtəlif vaxtlarında yetişən, öz dadı və ətri ilə seçilən “Əbutalibi”, “Haqverdi”, “Şalax”, “Göycənabat”, “Ağcanabat”, “Badam-ərik”, “Kəri-kəri”, “Növrəstə”, “Toxum-şeme”, “Ağayi”, “Balyarım”, “Həbalı”, “Hədci”, “Kababı”, “Xosrov şahı”, “Ağıərik”, “Gilərik” kimi ərik növləri geniş yayılmışdı. O dövrün mənbələrində göstərilir ki, Karteliya və İrəvan quberniyasında keçirilən meyvəçilik sərgilərində Naxçıvan və Ordubaddan gətirilib nümayiş etdirilən meyvələrin misli görünməmişdir... 1866-cı ildə Ordubad şəhərindən 2 min pud ərik bazara çıxarılmışdı”.
Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş sərgilərdə Ordubad meyvələri qızıl medallara layiq görülüb. Bölgədə bu sahə indi də inkişaf etdirilir. Hər bir ordubadlı bu genetik fondun qorunub saxlanmasını özünün vətəndaşlıq borcu sayır.
Bu gün Ordubadda hansı ərik sortları yetişdirilir
Bu yazıda bağlar diyarı Ordubad rayonunda yetişdirilən ən qiymətli ərik sortları haqqında söhbət açmağı qarşıya məqsəd qoymuşuq. Bununla əlaqədar olaraq rayonun yaşlı sakinləri, təcrübəli bağbanları ilə görüşdük. Təqaüdçü müəllim Südeyif Hacıyev, təcrübəli bağban Əbdül Haşımov, aqronom İsrafil Məmmədov, qocaman təsərrüfatçı İmran İbrahimov və başqaları Ordubadda ərik sortlarının çox olduğunu bildirdilər. Dedilər ki, bunlar adi ərik əsasında yaradılan sortlardır. Yerli ərik sortları şirin olduğuna görə ondan yemək, qurutmaq və müxtəlif konserv məmulatlarının hazırlanmasında istifadə olunur. Öyrəndik ki, onlardan biri “Ağ növrəstə”dir. Ordubadda yaradılmış bu sort hazırda muxtar respublikanın əksər yerlərində, o cümlədən Şərur rayonunun Çərçiboğan, Maxta, Dəmirçi, Babək rayonunun Zeynəddin, Şıxmahmud, Qoşadizə, Şəkərabad, Kəngərli rayonunun Xok, Qarabağlar, Xıncab və Şahtaxtı kəndlərində də yetişdirilir. Meyvəsi xırda, qabığı qalın, tüklü, ağ-sarımtıl, bir tərəfi çəhrayı olub, ləti ağ, şirin, ətirsizdir. Çəyirdəkdən çətin ayrılır. Toxumunun ləpəsi şirin və yeməlidir. Meyvələri iyul ayında yetişir. Bir ağacdan 175-200 kiloqram məhsul götürmək mümkündür.
Ordubadda daha çox yetişdirilən ərik sortlarından biri də “Haqverdi” növüdür. Çox qədimdən becərilən bu sort bölgənin Aza, Nüsnüs, Gənzə, Dəstə, Şərur rayonunun Kərimbəyli, Dərvişlər, Xanlıqlar, Babək rayonunun Kültəpə, Tumbul, Didivar kəndlərində geniş şəkildə əkilib-becərilir və inkişaf etdirilir. Ağacı girdəçətirli, yarpaqları böyükdür. Meyvəsi uzunsov, yumurta formalı olub, yan tərəfi yapıqdır. Bir meyvəsinin çəkisi 60-70 qramdır. Qabığı nazik, incətüklü, ağ rəngli, Günəş tutan tərəfi qırmızı olur. İyul ayında yetişir. Düzgün aqrotexniki qulluq göstərilən bir ağacdan 150-200 kiloqram məhsul götürmək olar. Kompot və şirələrin hazırlanması üçün sərfəlidir.
Ordubad rayonunda yetişdirilən ərik sortları içərisində “Ağcanabat”ın da öz yeri var. Ağacı hündürboylu, girdəçətirli, çox məhsuldar olub, meyvələri həddindən artıq şirin və xırdadır. Günəş tutan tərəfi çəhrayı, ləti çox şirin və dadlı olur. Ləpəsi şirindir. İyul ayının ikinci ongünlüyündə yetişir. Təzə halda yeyilir, qurudulur, ondan şəkərsiz cem bişirilir. Hər cür konserv məmulatı hazırlamaq üçün çox yararlı sortdur.
Ordubadla yanaşı, qədimdən muxtar respublikanın əksər ərazilərində yetişdirilən “Şalax” əriyi buradan Abşerona, oradan isə digər bölgələrə yayılmışdır. Buna baxmayaraq, Naxçıvanda becərilən bu ərik sortu Azərbaycanın digər bölgələrində becərilənlərdən özünün dadı, ətri, quraqlıq, istilik və şaxtaya davamlılığı, eyni zamanda xarici görünüşü ilə fərqlənir.
XIII əsrdən Naxçıvan Muxtar Respublikasında becərilən “Badamı” əriyinin də vətəni Ordubad rayonudur. Daha çox Əndəmic, Aza kəndlərində rast gəlmək olar. Hazırda Naxçıvan şəhərində, Şərur rayonunun Xanlıqlar, Dərvişlər, Babək rayonunun Vayxır, Sirab, Kültəpə kəndlərində də yetişdirilir. Ağacı iri və girdəçətirli olub, yarpaqları sıx, parlaqdır. Quraqlığa çox davamlıdır. Meyvəsi xırda, ovalşəkilli, ləti ağ-sarımtıl, zərif, çox şirin və ətirlidir. Çəyirdəyi lətdən asanlıqla ayrılır, ləpəsi şirin, yeməlidir. Qurudulmaq üçün çox yararlıdır. Ortayaşlı məhsul verən bir ağacdan 120-150 kiloqram məhsul götürülməsi mümkündür.
Ordubadda yetişdirilən, bu bölgədən müxtəlif ərazilərə yayılan ərik sortları barədə söhbətimizi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əsgər Həsənovla davam etdirdik. O, daha bir neçə ərik sortu haqqında məlumat verərək bildirdi ki, çox qədim zamanlardan Ordubad rayonunun əksər yerlərində becərilən ata-baba sortlarından biri “Hampa” əriyidir. Digər ərik sortlarından fərqli olaraq bu sortun yarpaqları və meyvəsi böyük olur. Bir meyvənin çəkisi 60-65 qrama çatır. Ləti bərk və şirin olub, çəyirdəkdən asanlıqla ayrılır, çəyirdəyin ləpəsi şirin olduğu üçün yeyilir. Meyvələri avqust ayının əvvəllərində yetişir, daşınma üçün davamlı olduğundan bu sort çox qiymətlidir. Ortayaşlı məhsul verən bir ağacdan 175-200 kiloqram məhsul götürmək mümkündür.
“Əbutalibi” əriyi də “Badamı” əriyi ilə yaşıddır. Rayonun Gənzə, Dəstə və Əndəmic kəndlərində daha çox rast gəlmək olar. Ağacının çətri girdə, geniş formada olub, meyvəsi uzunsovdur. Meyvəsinin Günəş tutan tərəfi narıncı rəngdədir. Ləti açıq-sarı, sulu və bərkdir. İyulun axırında yetişir, daşınma üçün davamlı olduğundan istehlak müddəti o biri sortlara nisbətən xeyli çoxdur. Qeyd edək ki, bu ərik 1898-ci ildə Kaliforniyada təşkil olunmuş meyvəçilik sərgisində birinci yerə layiq görülüb.
“Balyarım” adlanan ərik sortuna bəzən “Ağ təbərzə” də deyirlər. Çox qədim zamanlardan Ordubad rayonunun əksər kəndlərində yetişdirilir. İlin elə bir fəsli olmaz ki, Naxçıvan bazarında “Balyarım” ərik sortunun quru meyvəsinə rast gəlinməsin. Meyvəsi orta irilikdə olub, oval şəklində, saplaq tərəfi bir qədər enlidir. Qabığı qalın və parlaqdır. Tünd ağ-sarı rəngdədir. Ləti ağ, kövrək, şirəli və çox şirindir. Ləpəsi şirindir, çəyirdəyi lətindən yaxşı ayrılır. Ortayaşlı məhsul verən bir ağacdan 70-100 kiloqram məhsul götürülməsi mümkündür.
* * *
Güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi yaradılmış Ordubad rayonunda tarixən yetişdirilən, ölkəmizin müxtəlif bölgələrinə yayılan, dünya sərgilərində iştirak edən ərik sortlarının bərpası, yaşadılması bu gün vətənpərvərlik işinə çevrilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin uğurla yerinə yetirilməsinin bariz ifadəsidir.
Muxtar MƏMMƏDOV